Bir banka qazlı içki ömrü 12 dəqiqə QISALDIR
Bu gün, 09:42

Bir banka şirin qazlı içki orta hesabla ömür müddətini 12 dəqiqə qısalda bilər. Miçiqan Universitetinin alimləri bu nəticəyə gəliblər.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə ispan əczaçı Alvaro Fernandez "20minutos"a müsahibəsində danışıb.
Onun sözlərinə görə, araşdırma həmçinin göstərib ki, bu cür içkiləri tez-tez qəbul edən insanlarda ikinci tip diabet, piylənmə və ürək-damar xəstəlikləri riski artır.
"Qazlı içkilərdən sui-istifadənin ən təhlükəli nəticəsi qanda şəkərin yüksək səviyyəsidir. Bu patologiya insulinin kəskin sıçrayışlarına səbəb olur, maddələr mübadiləsini pozur və orqanizmdə xroniki iltihabı təhrik edir. Bu isə öz növbəsində, xərçəng xəstəliyi riskini artıra bilər", - deyə mütəxəssis xəbərdarlıq edib.
Fernandez həmçinin rəngləyicilər və konservantlar kimi süni əlavələrin zərəri barədə xatırladıb.
"Bu komponentlər bağırsaq mikroflorasının balansını poza, immuniteti zəiflədə və ümumi sağlamlıq vəziyyətini ağırlaşdıra bilər", - deyə o bildirib.
Ekspert şirin içkilərin qəbulunu məhdudlaşdırmağa, su və ya orqanizm üçün daha az aqressiv olan digər alternativləri seçməyə çağırıb.
Qazlı içkilər
Qazlı içkilərin zərərləri