Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar?

15-05-2025, 11:28           
Yeni qayda:
Rusiyada hazırda 331 min 727 azərbaycanlı miqrant yaşayır.

Bu, 2024-cü ilin sonu, 2025-ci ilin əvvəlinə aid olan ən son rəsmi statistik məlumatdır. Azərbaycanın Rusiyadakı səfirliyinin məlumatına görə, hazırda Rusiyada olan azərbaycanlı miqrantlarından 122 min 568 nəfəri miqrasiya qeydiyyatına alınıb.

Qeyri-rəsmi məlumata əsasən Rusiyada 2 milyondan artıq azərbaycanlı yaşayır. İyunun 30-dan Rusiyaya vizasız giriş hüququ olan xarici vətəndaşlardan QR kodu tələb olunacaq. Lakin QR kodu təqdim edən əcnəbi Rusiyaya buraxılmaya da bilər. Burada qərarı sərhədçilər verəcək.

Yeni qaydanın tətbiqi azərbaycanlıların Rusiyaya gedişinə problem yaradacaqmı?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a bildirib ki, bu qərar Rusiyanın miqrantlara qarşı apardığı absurd siyasətin nəticəsidir və çox ciddi şəkildə korrupsiya mənbəyinə çevriləcək:

“Rusiyanın korrupsioner ölkə olduğunu bilirik.

QR kodu olan və yaxud olmayan şəxslərin ölkəyə giriş-çıxışıyla bağlı məmurlar öz şəxsi fikirlərinə uyğun qərar verəcəklərsə, bu, korrupsiyaya yol açacaq. İkincisi də istəmədikləri şəxsin Rusiyaya buraxılmasının qarşısını almağa çalışacaqlar ki, bu da çox ciddi problem yaradır.

Bundan başqa, Rusiyaya səfər edən yaşlı insanlar da var. Onların mobil tətbiqlərdən, QR kodlardan başı çıxmır. Onların çox ciddi problemlərlə qarşı-qarşıya qalması gözlənilir. Ümumilikdə götürdükdə bu addım Rusiyanın antimiqrant siyasətinin növbəti təzahürüdür”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru