İDDİA! Peşə məktəbinin müəllimi ana və oğluna şiddət tətbiq edib - VİDEO

Bu gün, 10:14           
İDDİA! Peşə məktəbinin müəllimi ana və oğluna şiddət tətbiq edib - VİDEO
Gəncə şəhəri Yeni Kəlbəcər qəsəbəsində yaşayan müəllimin küçə heyvanlarını zəhərləməsi, o cümlədən buna qarşı çıxan qonşularına da zorakılıq törətməsi bağlı ciddi ittihamlar irəli sürülüb.

Patrulaz.az-a daxil olan məlumata görə, Gəncə şəhəri, Yeni Kəlbəcər qəsəbəsində bina 6 ünvanında yaşayan və peşə məktəbində müəllim işləyən Cəfərli Ramin Kamil oğlu bölgədəki itlərin sayını azaltmaq məqsədilə onları zəhərləyərək öldürür.
Bildirilir ki, o, bununla kifayətlənməyərək, heyvanlara müxtəlif yollarla fiziki şiddət də göstərir.

Hadisənin ən dəhşətli tərəfi isə qonşuların bu zorakılığa qarşı çıxmasına müəllimin aqressiv reaksiya verməsi olub. İddiaya görə, o, heyvanlara şiddət göstərilməsinə və qəsdən zəhərləndirilməsinə etiraz edən qadın qonşusunu yumruq və təpiklə döyüb, daha sonra saçından sürüyərək yerə yıxıb. Həmin qadının 16 yaşlı oğlu da fiziki və psixoloji təzyiqə məruz qalıb.

Zərərçəkən qadın Patrulaz.az-a açıqlamasında bildirib ki, heyvanların acınacaqlı vəziyyətinə səssiz qala bilməyib, etiraz etdiyi üçün qonşusu tərəfindən döyülüb və övladının gözü qarşısında həm təhqirə, həm də fiziki zorakılığa məruz qalıb.

Məlumata görə, Ramin Cəfərlinin atası keçmiş polis əməkdaşı olan Cəfərli Kamil də məsələyə müdaxilə edib. O, qonşulara qarşı hədə-qorxu gələrək, onları evdən çıxartmaqla və hətta ölümlə təhdid edib. Şahidlərin sözlərinə görə, o, həmçinin məsələ ilə bağlı yalançı şahidlər tapmağa da çalışıb.

Hadisəyə dair təqdim olunan foto və video materiallarda heyvanın zəhərləndiyi, qadının isə zorakılığa məruz qaldığı açıq şəkildə görünür.

Zərərçəkənlər “102” qaynar xəttinə və Gəncə şəhəri, Kəlbəcər Polis Bölməsinə şikayətlər ünvanlayıblar. Lakin onların sözlərinə görə, hələlik heç bir ciddi tədbir görülməyib və vəziyyət nəzarətsiz olaraq qalır. Onlar həm heyvanların müdafiəsi, həm də zorakılıq hallarına görə dərhal tədbir görülməsini tələb edirlər.

Adıçəkilən Ramin Cəfərli hazırda peşə məktəblərindən birində müəllim kimi çalışır. Cəmiyyətə nümunə olmalı olan bu şəxsin belə davranış sərgiləməsi ictimaiyyətdə ciddi narahatlığa səbəb olub.

Qeyd edək ki, qanunvericiliyə əsasən, heyvanlara qarşı qəddarlıq edən və ya insanlara zorakılıq törədən şəxslər barəsində müvafiq hüquqi tədbirlər görülməlidir. Azərbaycan Respublikasının Cinayət və İnzibati Xətalar Məcəlləsində də bu cür əməllər üçün cəzalar nəzərdə tutulur.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.