Əgər savaş labüd idisə, şəhid verəcəyimizidə bilməliyik...
25-09-2023, 00:08

Müxtəlif şəxslər tərəfindən şəhidlərimizin sayı barədə fərqli iddialar irəli sürülür. Bu məlumatlar həqiqəti nə dərəcədə əks etdirir, deyə bilmərəm. Ancaq onu bilirəm ki, Azərbaycan bu əməliyyatı keçirməyə məcbur idi.
Əvvəla, ona görə ki, tarixi şərait yaranmışdı və biz itirdiyimiz torpaqları geri qaytarmalı idik. Özü də mümkün olduğu qədər daha tez bir zamanda. Çünki qabaqdan ABŞ-da prezident seçkiləri gəlir və erməni lobbisi bu vəziyyətdən faydalanıb ölkəmizə basqıları artıracaqdılar. Prezidentliyə namizdələr, o cümlədən indiki ABŞ hökuməti erməni səslərini toplamaq üçün onları daha çox dəstəkləyəcəkdilər.
İkincisi, Rusiya getdikcə Ukraynada çətin vəziyyətə düşür. Yəqin ki, bir müddətdən sonra Qarabağı tərk etmək məcburiyyətində qalacaq. Onun boşaltdığı yeri Cənubi Qafqazda məskunlaşmaq istəyən və yəqin ki, ermənilərin çağırışı ilə məskunlaşacaq ABŞ və digər Qərb ölkələri dolduracaq. Azərbaycan cəld hərəkət etməsəydi, sabah onları Qarabağda da görə biləcəkdik. Bunu Ermənistan rəsmilərinin beynəlxalq arenada tez-tez qaldırdıqları məsələlər də təsdiqləyir. Ermənistan rəsmiləri Qarabağ ermənilərinin öz yurd-yuvalarında təhlükəsiz yaşamaları üçün beynəlxalq təminat tələb edir, hətta Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyan BMT Ali Assambleyasının toplantısında açıq şəkildə Qarabağda BMT sülhməramlılarının yerləşdirilməsi məsələsini qaldırırdı. Bir az da geciksək, beynəlxalq güc mərkəzləri bizi bu təkliflə razılaşmağa məcbur edə bilərdilər.
Üçüncüsü, ermənilər Qarabağda da dinc dayanmırdılar. Əsgərlərimizin keçdiyi yolları minalayır, terror yoluyla bizə ciddi itkilər yaşadırdılar. Rəsmi məlumatlara inansaq, 44 günlük savaşdan sonra Qarabağda 320-dən çox insanımız minaya düşüb. Gün geçdikcə, bu statistika da böyüyürdü. Gecikdiyimiz hər gün yeni qurbanlar verməyimizlə nəticələnirdi. Uzağa getməyək, antiterror əməliyyatının başladığı gün hərbi qulluqçularımız minaya düşmüş və xeyli sayda polis əməkdaşımızı itirmişdik. Zatən əməliyyatın keçirilməsinin bir səbəbi də bu idi.
Digər ən önəmli səbəb: Məlumdur ki, Qarabağ erməniləri Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə məhəl qoymaq istəmir, özləri üçün seçkilər keçirir, Qarabağın müstəqilliyindən, öz müqəddaratını təyinetmək hüququndan dəm vururdular. Belə bir təhdidlə üzləşən istənilən dövlət antiterror əməliyyatı keçirər və Azərbaycan da bunu edib. İstənilən hərbi əməliyyat zamanı isə istəsən, istəməsən də qurbanlar verilir. Elədirsə, şəhidlərin sayı barədə spekulyasiyalara yol vermək nəyə lazımdır və bununla nə tələb olunur?
Deyə bilərsiniz ki, bir antiterror əməliyyatı üçün bu qədər şəhid vermək çox deyilmi? Doğrusu, hərbçi olmadığımdan və əməliyyat şəraitini bilmədiyimdən bu suala cavab vermək də istəmirəm. Amma onu da unutmaq olmaz ki, heç kim şəhid olmaq istəməz və Azərbaycan Ordusu nəyi bacarıbsa, onu həyata keçirib. Əsas odur ki, hədəfini də reallaşdırıb. Ordumuz demək olar ki, bütün Qarabağı nəzarət altına alıb, erməni separatçıları ağ bayraq qaldırıb Qarabağı tərk etmək barədə öhdəlik götürüblər. Bəli, bu öhdəliyə nə qədər əməl edib-etməyəcəkləri hələ də sual altındadır və onlar taktika dəyişdirib terror metodları ilə mübarizələrini davam etdirə bilərlər. Amma bütün hallarda indi gəlinən nöqtə irəliyə doğru atılmış böyük addımdır.
Üstəlik, onu da nəzərə almalıyıq ki, Ordumuzun apardığı mübarizə “antiterror əməliyyatı” adlandırılsa da, qarşısındakı qüvvə 5-10 quldur deyildi. 10 min əsgərlik dişindən dırnağına qədər silahlanmış bir ordu ilə mübarizə aparılıb. Keçilməz istehkamlar quran, hər kvadrat metr ərazini minalayan düşmənə qarşı döyüşmək asan olmayıb və istər-istəməz canlı itkilər vermişik və verməliydik də. Qurbanlarımızın sayı azmı olub, çoxmu, bunu biz dəyərləndirə bilmərik. Yəqin ki, Azərbaycan Ordusunun mütəxəssisləri bu mövzu ilə maraqlanır və səhvi olanları da cəzalandırıb doğru qərar verənləri mükafatlandıracaq da. Biz yalnız Ordumuzun apardığı əməliyyatların siyasi nəticələrinə qiymət verə bilərik. Siyasi nəticələr isə sözün bütün mənalarında uğurludur.
Bütün bunlara baxmayaraq, şəhidlərin sayı üzərindən spekulyasiyalar etmək, açığı, mənə xoşməramlı görünmür.
Səxavət Məmmədli
Teref.az