“Azərbaycanda da fətullahçılar var” – Sabiq MTN-çi

11-08-2016, 11:11           
“Azərbaycanda da fətullahçılar var” – Sabiq MTN-çi
Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər regionda gedən geosiyasi proseslər, İran və Rusiya prezidentlərinin Bakı səfərinin arxasında dayanan məqamlar, Türkiyədəki proseslər və digər məsələlər barədə müsahibə verib.
– Azərbaycan, Rusiya, İran prezidentlərinin üçtərəfli görüşünün məhz Bakıda keçirilməsinin xüsusi bir siyasi mənası varmı? Bu hadisənin Azərbaycanın ən ciddi problemi olan Qarabağ məsələsinin həllinə hansısa şəkildə təsiri ola bilərmi?
– Dünyada, o cümlədən bizim regionda geopolitik qarşıdurma həlledici mərhələyə daxil olub. Bu həlledici qarşıdurma vəkalət müharibələri ilə münaqişələrlə, böhranlarla müşayiət olunur. Qarşıdurma sərtləşdikcə qırılma xətlərində toqquşmalar olur. Geopolitik qarşıdurmaların həlledici mərhələyə daxil olduğu bir vaxtda yerli regional qüvvələr öz geopolitik müdafiə xətlərini qurmağa çalışırlar. Burada başda Rusiya və İran gəlir. Geopolitik müdafiə xəttini qurarkən də harada qırılma xətti var oraya xüsusi diqqət edirlər. Qırılmaların olduğu xəttin biri də Cənubi Qafqazdır. Çünki Gürcüstan öz seçimini edib-Avroatlantik məkana inteqrasiya xəttini götürüb, Ermənistan da seçimini edib-Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına və Avrasiya İqtisadi Birliyinə üzv olub. Yeganə seçim etməyən Azərbaycandır. Ona görə də həm Qərb, həm Şərq Azərbaycan üzərində dayanıblar.
Sizin sadaladığınız son gəlişmələr regional geopolitik müdafiə xəttinin qurulması ilə bağlıdır. Azərbaycanın hansı tərəfdə yer alacağı önəmlidir. Azərbaycan Avroatlantik məkana inteqrasiya xətti tutanlarla-ABŞ, Avropa Birliyi və NATO ilə bir olacaqsa, Rusiya ilə İran arasında birbaşa coğrafi-quru bağlantısı qırılır. Ona görə də Rusiya və İran Azərbaycana çox böyük önəm verirlər. Azərbaycanı qazanmaq üçün də ölkəmizə müəyyən güzəştlər edilməsini düşünürlər. 15 iyulda Türkiyədə yaşanan məlum hadisədən sonra Rusiya və İran düşünürlər ki, Türkiyəni də qazana bilərik və Türkiyəni qazansaq, Azərbaycanı daha asan əldə edə bilərik.
Son günlər baş verən səfərlər bununla bağlıdır. Bundan sonra regionda çox ciddi proseslər gedəcək. Artıq biz bunun açıq şəkildə siqnallarını alırıq. Rusiya, Türkiyə və İran Qafqazın ənənəvi oyunçularıdır. Eyni zamanda ABŞ, Avropa Birliyi, Britaniya və İsrail kimi yeni oyunçular da var. İndi ənənəvi yerli regional qüvvələr öz gedişlərini edirlər. Yeni oyunçuların hansı gedişlər edəcəklərini çox gözləməli olmayacağıq. Odur ki, Azərbaycan və bütövlükdə region böyük dəyişikliklər ərəfəsindədir. Bu dəyişikliklər artıq başlayıb.
Bu dəyişikliklər eyni zamanda gərginliklərlə, münaqişələrin yenidən alovlanması ilə böyük ehtimalla müşahidə olunacaq. Yerli güclər-Rusiya, Türkiyə və İran çalışır ki, regional konfliktlər ətrafında bir sabit vəziyyət yaratsınlar. Rusiya öncə təktərəfli təşəbbüslər elədi. Amma gördü ki, təktərəfli təşəbbüslərin tam uğur qazanması çox problematikdir. Ona görə də Rusiya Türkiyəni də yanına alaraq yeni geopolitik status-kvo yaratmaq müzakirələrinə başlayıblar. Ona görə də biz Qarabağ münaqişəsinin həlli ətrafında da yeni gəlişmələri yaxın dönəmdə görə bilərik.
– Yəni oyunçuların Azərbaycana işi düşüb, Azərbaycanı öz tərəflərinə çəkmək istəyirlər?
– Bəli. Rusiya, Türkiyə və İran yerli geopolitik müdafiə xətti qurmaq istəyirlər. Xüsusən də Rusiya və İran. Bu xətti möhkəmləndirmək üçün Azərbaycanı da burada görmək istəyirlər.
– Azərbaycan yaranmış vəziyyətdən ən ciddi problemini-Qarabağ problemini həll etmək üçün fürsət kimi istifadə edə bilərmi?
– Normal məntiq onu deyir ki, Azərbaycan da yaranmış vəziyyətdə öz milli maraqlarını qorumaq üçün aktiv təşəbbüslər irəli sürməlidir. Xüsusən də Azərbaycan Türkiyə ilə birlikdə hərəkət etməlidir. Belə görünür ki, danışıqlarda keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən kənarda erməni işğalındakı 7 rayonumuzdan beşinin qaytarılmasından söhbət gedir. Azərbaycan isə çalışır ki, ilkin olaraq beş yox, 7 rayonun qaytarılması gündəmdə olsun. Amma böyük ehtimalla 5 rayonun qaytarılması gündəmə gələcək. Ola bilsin ki, Kəlbəcər də buraya daxil edilsin. Ancaq burada əsas iki məsələ var: Bu rayonlar qaytarıldıqdan sonra qarşı tərəf hansı addımların atılmasını istəyəcək? Birincisi, çalışacaqlar ki, Türkiyə-Ermənistan sərhədləri açılsın. İkincisi, Azərbaycan blokadanı götürsün. Odur ki, biz nəyi verib nəyi alacağımızı düzgün hesablamalıyıq. Deyək ki, 5 rayonun bizə qaytarılmasını təmin etdilər, yeri yaranacaq təmas xəttində sülhməramlı adı altında hansı qüvvələr yerləşdiriləcək.
Əgər yalnız MDB qüvvələri adı altında Rusiyanın hərbi qüvvələri yerləşdiriləcəksə, bu, birmənalı şəkildə Azərbaycanın maraqlarına ziddir. Çünki belə olsa, Azərbaycan bundan sonra öz torpaqlarını hərbi yolla azad etmək imkanını itirəcək, Dağlıq Qarabağ itiriləcək. Üstəlik, Azərbaycanın müstəqilliyi və suverenliyi də ciddi sual altına düşəcək. Çünki ərazimizdə Rusiyanın silahlı qüvvələri yerləşəcək. Azərbaycan bütün bunları ciddi şəkildə düşünməli və heç bir halda yalnız Rusiya silahlı qüvvələrinin təmas xəttində yerləşdirilməsinə imkan verməməlidir. Bunun üçün də Azərbaycanın əlində kifayət qədər ciddi kartları var. Birincisi, Azərbaycan çalışmalıdır təmas xəttində kənar hərbi qüvvə ümumiyyətlə olmasın. Əgər durum Azərbaycanı zorlayacaqsa, ən pis halda Türkiyə ilə Rusiyanın sülhməramlı qüvvələrinin təmas xəttinə yerləşdirilməsinə razılıq verilə bilər.

– Sanki sizdə 5 rayonun qaytarılmasına inam yaranıb…
– Beş rayonun geri qaytarılması ciddi şəkildə müzakirəyə gələcək.
– Yuxarıda dediniz ki, yerli ənənəvi regional oyunçulardan fərqli olaraq hələlik yeni oyunçular-ABŞ və AB hansısa gedişlər etməyiblər. Azərbaycan və Türkiyə ilə bağlı hansı gedişlər edilə bilər?
– Hələlik nə Vaşinqtondan, nə Brüsseldən birmənalı siqnallar yoxdur. Gələn siqnallar olumsuzdur. Yeri gəlmişkən deyim ki, nə ABŞ, nə AB, nə də NATO 15 iyul demokratiya sınağından çıxa bilmədilər. Onların verdiyi açıqlamalar Azərbaycan demokratlarını da əminəm ki, üzdü. Çünki bir tərəfdə Türkiyədə demokratik yolla seçilmiş hakimiyyət var, o biri tərədə isə onu zorla devirməyə çalışan qüvvələr var. Vaşinqton və Brüsseldən gələn ilkin açıqlamaların dəyərləndirilməsindən məndə yaranan qənaət bundan ibarətdir ki, sanki ABŞ, AB və NATO çevrilişin baş tutmamasından məyusdurlar. Bu nəticə onlar üçün gözlənilməz olub. Gözlənilməzliyi yaradan da türk xalqıdır. Çünki həmin qüvvələr gözləmirdilər ki, türk xalqı demokratik yolla seçilmiş hakimiyyətinə çox böyük dəstək verəcək. Yəni planları pozulub, şokdadırlar və hələlik adekvat reaksiya verə bilmirlər. Nə Vaşinqtonun, nə də Brüsselin reaksiyası adekvatdır. Avstriyanın, İsveçin, Danimarkanın açıqlamaları onları ələ verir. Demokratik yolla seçilmiş hakimiyyətin yanında olmaq əvəzinə, hətta Türkiyəni NATO-dan çıxmaqla, AB ilə danışıqların durdurulması ilə təhdid edirlər. Bu, çox üzücü və strateji nəticələri ola biləcək taktiki yanlış xətdir.
Əgər Türkiyə ilə ABŞ-ın danışıqları baş tutmayacaqsa, gərginlik artacaqsa, Azərbaycanın Qərb üçün regional önəmi artacaq və ABŞ Azərbaycanla daha sıx dialoq qurmağa çalışacaq, Azərbaycana təzyiqlər artacaq. Azərbaycanla münasibətlər rejimi dəyişəcək.

– ABŞ Fətullah Güləni Türkiyəyə verə bilərmi? Ərdoğanın şərti budur. Şərt irəli sürməsi Ərdoğana qarşı yeni planların qurulması və həyata keçirilməsinə cəhdlər edilməsi ilə nəticələnə bilərmi?
– Ərdoğana ABŞ-da və Avropa Birliyində müsbət münasibətin olmadığı ortadadır. Gülənə gəlincə, Gülən şəbəkəsinin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin casus şəbəkəsi kimi fəaliyyət göstərdiyi bəllidir. İstənilən xüsusi xidmət orqanının əməkdaşı üçün bu sirr deyil. Hadisələrin gedişi və ilkin istintaqın əldə etdiyi məlumatlar da bunu bir daha göstərdi. Yəqin ki, Putinlə Ərdoğanın görüşündə də Rusiya kəşfiyyatının əlində olan məlumatlar da türk tərəfinə verilib. Rusiya bu fürsəti əldən verməz. İstintaq aydınlaşdıracaq ki, ABŞ, Mərkəzi Kəşfiyyat İdarəsi 15 iyul çevriliş cəhdində iştirak edibmi, edibsə hansı səviyyədə iştirak edib. ABŞ Türkiyə ilə gizli anlaşma əldə ediləcəyi halda Güləni təhvil verə bilər. Bu anlaşmanın bir şərti bu ola bilər ki, ölüm hökmü olmayacaq, ikinci şərt isə Gülənin ABŞ-la bağlılığının açıqlanmaması ola bilər. Bunu mən az ehtimallı görürəm. Gülən artıq öz işini ABŞ üçün görüb və artıq deşifrə olub və ABŞ-a lazım deyil. Yaşlı, səhhətində ciddi problemləri olan adamdır və onun “təbii ölüm”ünün baş verməsi ehtimalı daha yüksəkdir.

– Sizcə, Azərbaycanda da fətullahçılar var?
– Əlbəttə var. Azərbaycan hakimiyyətində də, müxalifətində də, ziyalı kəsimində də, tələbələr və məzunlar arasında da, dini icmalar arasında da, silahlı qüvvələrdə də fətullahçılar var. Azərbaycan hakimiyyəti Türkiyədə baş verən hadisələrdən nəticələr çıxarmalıdır. Birincisi, bəlli oldu ki, ölkə daxilində “beşinci kolon”a qarşı vaxtında tədbir görməyəndə nələr olur. İkincisi, milli birlik olmazsa nələr ola bilər. Azərbaycan hakimiyyətini milli birliyə xüsusi önəm verməyə çağırıram. Azərbaycanda müxalifət qüvvələrinə, vətəndaş cəmiyyəti institutlarına normal fəaliyyət göstərməyə imkan verilməlidir, ölkədə demokratik islahatlar aparılmalıdır və azad, ədalətli seçkilər keçirilməlidir. Hər bir ölkənin təhlükəsizliyinin əsas təminatı bu amillərin təmin edilməsidir.

– Amma Türkiyədəki 16 iyul hərbi çevriliş cəhdinin uğursuzluqla nəticələnməsi, hər halda, Azərbaycandakıların gözünü qorxutdu və hansısa addımlar atmaq planları olubsa belə, planların təxirə salınmasına gətirib çıxardımı?
– Qəti bir söz deyə bilmərəm. Amma hər halda, bundan sonra daha diqqətli olacaqlar. Yeri gəlmişkən, deyim ki, Türkiyədə və Azərbaycanda bəzi dairələrdə yanlış qənaət formalaşıb ki, Türkiyədəki hərbi çevriliş cəhdi yaxşı hazırlanmamış plan idi. Hərbi çevrilişə cəhd təşəbbüsü uzun müddətdən bəri başlanan strateji planın bir tərkib hissəsi idi və çox detallı hazırlanmış plan idi. Sadəcə olaraq, çevriliş planı barədə hakimiyyətə məlumat verilməsi və çevriliş planlayanların vaxtı dəyişməsi həlledici rol oynayıb. Cəhdin uğursuzluğa düçar olmasının təbii ki, başqa səbəbləri də var və Ərdoğanın xalqa müraciəti və xalqın oynadığı rol danılmazdır. Amma eyni zamanda ondan öncə gələn amil çevriliş planı barədə hökumətə məlumat verilməsi və planın vaxtının dəyişdirilməsi olub. Çevriliş haqqında öncədən məlumat sızmasaydı və ayın 16-da saat 3-də başlansaydı, böyük ehtimalla çevriliş cəhdi uğurla nəticələnəcəkdi.

– Dünyada və regionumuzda bu qədər gərgin proseslərin getdiyi bir vaxtda Azərbaycan hakimiyyəti konstitusiya dəyişiklikləri üçün referenduma getmək qərarı verdi. Sizcə, belə bir vaxtda buna gedilməsi hansı ciddi zərurətlərdən ortaya çıxıb?
– Çox təəssüf ki, Azərbaycanda iqtidar baş verən hadisələrdən yanlış nəticə çıxarır. Artıq 21-ci əsrdir, ATƏT məkanında yaşayırıq, Avropa Birliyi ilə, NATO ilə tərəfdaşıq, Avropa Şurasının üzvüyük, Konstitusiyanın birinci maddəsində göstərilir ki, hakimiyyətin yeganə mənbəyi xalqdır. Azərbaycanda hakimiyyəti möhkəmləndirməyin yolu qanunlarda dəyişikliklər yox, ölkədə demokratik inkişafa nail olmaqdır. Türkiyədə baş verən hadisələrə baxmaq kifayətdir. Əgər xalq müxalifəti, QHT-ləri ilə hakimiyyətin arxasında durmursa, o hakimiyyət xarici təzyiq qarşısında duruş gətirə bilməz. Hakimiyyəti möhkəmləndirmək və təhlükəsizliyini təmin etmək üçün mütləq və mütləq demokratik inkişafa nail olunmalıdır. Bu zaman xalq hakimiyyətin təhlükəsizliyinin qarantı olacaq. Əks təqdirdə, atılan yanlış addımlar yanlış nəticələrə səbəb olacaq. Neçə ki, gec deyil, yanlış yoldan dönmək lazımdır. Əks təqdirdə, ölkəni xaosa aparan yolun qapısı aralanmış olacaq və aralanmış qapıdan da Azərbaycanı istəməyən güclər istifadə edəcəklər. (“Yeni Müsavat”)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.