Tibbi spirt zəhərlidirmi – insanları öldürən nədir?

25-05-2024, 16:04           
Tibbi spirt zəhərlidirmi – insanları öldürən nədir?
Son zamanlar İranda, Türkiyədə, Azərbaycanda, eləcə də bəzi MDB ölkələrində spirtdən və ya saxta alkoqollu içkilərdən zəhərlənərək həyatlarını (sağlamlığını) itirənlər haqqında xəbərlər tez-tez rastımıza gəlir.

Əvvəllər də belə hadisələr olub. Amma koronavirus pandemiyası fonunda belə zəhərlənmələrin sayı xeyli artıb. Məsələn, İranda ən azı 600 nəfər həyatını itirib. Ümumi zəhərlənənlərin sayı isə 3000 nəfərdən çox olub.

Halbuki, bir çox halda insanlar spirtdən istifadə etməklə virusdan qorunmaq fikrində olublar.

Bəs insanları öldürən nədir, hansı spirt zəhərlidir?
Məişətdə əsasən iki növ spirtdən istifadə olunur: tibbi və texniki.

Tibbi spirt – etil (etanol) spirtidir. Alkoqollu içkilər, məsələn, araq etil spirtindən düzəldilir. Səhiyyədə istifadə olunan, apteklərdə satılan müxtəlif faiz dərəcəli spirtlər də etanol əsaslıdır.

Texniki spirtsə əsasən metildən (metanoldan) istehsal olunur. Texniki məqsədlər üçün və ya sənayedə istifadə edilir. Məsələn, evdə radiotexniki avadanlıqların platalarını, detallarını təmizləmək üçün nəzərtə tutulur. Metanol (metil) ZƏHƏRLİDİR!

Qeyd edək ki, etil əsaslı texniki spirt də olur.


Etil spirtinin növləri müxtəlifdir və onun keyfiyyəti təmizliyi ilə ölçülür. Bununla da siniflərə bölünür.

Tibdə istifadə olunan etil spirti içki sənayesində istifadə olunan etil spirtindən yalnız bu keyfiyyət (təmizlik) dərəcəsinə görə fərqli siniflərə bölünür. Tibbi spirt içmək üçün nəzərdə tutulmadığından aşağı sinif etildən düzəldilir. Ona görə də ucuzdur.

Bununla belə, etil spirti zəhərli deyil. Hətta daxilə qəbul edilsə, insanı öldürməz. Amma 95 dərəcəli etil (tibb) spirti içildiyi zaman ağız-boğaz-qida orqanlarını “yandıra” – zədələyə bilər.

Zəhərli olan metil spirtidir

Təhlükəli və zəhərli olan metil (metanol) spirtidir. İnsanları zəhərləyən, öldürən və sağlamlığına ciddi ziyan vuran məhz metanol tərkibli spirt və ya içkilərdir.

Metil spirtinin 10 qramı insan orqanizminə ciddi ziyan vura, onu kor edə bilər. 80-150 milliqram isə ölümcüldür.

Əgər kim isə metil spirtini insanlara hər hansı ad altında – tibbi və ya ərzaq məhsulu kimi verirsə, bunun adı sui-qəsddir: bilərəkdən və ya bilməyərəkdən.

Etil və metil spirtlərinin fərqi nədədir?
Etil və metil spirtlərini bir-birindən gözlə ayırd etmək mümkün deyil. Spesifik spirt qoxusu da hər ikisində təxminən eynidir.

Ona görə də spirt və ya alkoqollu içkidən istifadə edərkən diqqətli olmaq lazımdır. Şübhəli mənşəli, kustar üsulla hazırlanmış məhsullardan istifadə etməmək məsləhətdir.

Ən etibarlı yol leqal (etibarlı) ticarət şəbəkələrində , apteklərdə satılan və etiketində zəruri məlumatlar olan, ən başlıcası isə tərkibi göstərilən məhsullardan istifadə olunmalıdır.

Spirt və ya spirt tərkibli hər hansı məhsuldan istifadə etməzdən öncə onun hansı spirtdən hazırlandığına diqqət etmək lazımdır.

Zatən leqal yolla istehsal olunmuş heç bir tibbi və ya ərzaq məhsulunun tərkibində metanol ola bilməz.

Amma təəssüf ki, saxta məhsullar leqal satış məntəqələrinə, hətta apteklərə qədər yol tapa bilir. Azərbaycanda apteklərdən tibbi spirt olaraq alınmış, amma əslində içində metil spirti olan saxta məhsullardan zəhərlənib həyatını itirənlər olub. (aprelin əvvəlində 11 nəfər məhz belə saxta tibbi spirtdən zəhərlənib. Onlardan 5-i dünyasını dəyişib)

Odur ki, tibbi spirtdən təyinatı üzrə istifadə, mənşəyi bəlli olmayan məhsullardan isə tamamilə imtina etmək məsləhətdir.
7-gun.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.