Türk serialları bizi pozur? - Boşanmaların sayının artmasının əsl səbəbi
18-07-2024, 08:34
Kulis.az İlham Əzizin yeni yazısını təqdim edir.
İki gündü xəstələnmişəm. Yayın xəstəliyi çox bic xəstəlikdi. Heç cür anlamaq olmur, bəla hardan gəlib. Hansı həkimə gedirsən, qızdırmanı ölçür, simptomatik dərman yazır. O da iki saat təsir edir, sonra qayıdırsan əvvəlki vəziyyətinə.
Xəstəliyə görə evdən çıxa bilmədim, məcbur tv-yə baxmalı oldum. Onu da deyim ki, yayda heç ləzzət eləmir. Tv kanallarda iki-üç dövrə vurandan sonra qabağıma yeni türk serialı çıxdı. Adı da “Zeytin ağacı”. Fikirləşdim ki, bəlkə mifoloji məsələdi, baxım.
Yüksək texnikayla çəkilən serialın kadrları möhtəşəmdi, aktyor oyunları da məlum məsələ.
Zira heç bir mifoloji qatı, filan yoxdu.
Bir şeyi hiss elədim ki, türk serialları mərhələ adlayıb. Əvvəllər ailəli qadın bir nəfərlə öz həyat yoldaşına xəyanət edirdisə, indi say çoxalıb, bir neçə nəfərə çatıb. Bu xəyanət də texnikanın və ədəbiyyatın gücü ilə maksimum əsaslandırılıb. O qədər bər-bəzək vurulub ki, xəstə-xəstə durub xəyanət etmək istəyirsən.
Seriala baxa-baxa xeyli vaxtdır dilimizə düşən “türk serialları bizi pozur”, “bu seriallara qədər boşanma belə kütləvi deyildi” klişeləri məni düşündürməyə başladı.
Və mən 39 dərəcə istiliyimlə özümə sual verməyə başladım, niyə bunlardan qabaq evlərimizə ayaq açan Braziliya, Avropa serialları bizi pozmadı, türk serialları pozdu. Axı, o seriallarda da xəyanət vardı, orda da alternativ həyat təbliğ olunurdu.
“Evrika!” Tapdım. Çünki, onlar bizə yad adamlardı. Onlar hər şey edə bilərdilər, bizdən deyildilər. Onlar başqa dildə danışır, başqa Allaha tapınır, başqa şeylər yeyir, içirdilər. Hətta onların elədikləri bizə əks göstəriş idi. Ona baxıb, bilirdik ki, bunu etmək olmaz, kafir işidir.
Amma, türklər bizik. Eyni dil, eyni din, eyni bığ, eyni geyim.
Demək bunlar edirsə, biz də edə bilərik, etməliyik. Nədən? Ondan ki, onlar bizdən qabaqda olan sivilizasiyadı. Malı ordan alırıq, dəbi ordan götürürük.
Bu siyasəti aparanlar çox incə və diqqətli iş aparırlar. Bütün seriallarda qəşəng evlər, yeni avtomobillər, qadın azadlığı, böyük şirkətlər, par-par parıldayan həyatlar bizə sırınır. Guya bu adamların hamısının böyük şirkətləri var, heç kim də işə getmir, ancaq qohum-əqrəbanın arvad-uşağına göz dikirlər, hər şeyləri də var. Burda bir nüansı da deməsəm, qızdırmam qalxar. Nədi o nüans?
Türk seriallarında son dövrlər populyar olan aktrisa və aktyorlar bu sahənin adamları deyil, böyük əksəriyyəti modellərdi. Ay qardaş, ailədə heçmi yaraşıqsız adam olmaz?
O aktrisalar da sənətlərilə deyil, mütənasib bədən fiquraları, yeni-yeni xəyanət növlərilə məşhurlaşırlar. Elə bu səbəbdən də, arvad-uşaq gecə-gündüz ora-burasını kəsdirib, calamağı xəyal edir və çoxu da buna nail olub. Elə bilirlər ki, fiqura düzəldisə, serialdakı “Aleyna” olacaq, “ Ferrari”də uzunboy, bığı çənəsinə meyl edən gur saçlı “Gürkan” 24 dəqiqə musiqi altında buna göz süzdürüb, “sen benim aşkımsın” deyəcək.
Gerçəklik tamam başqadı. Yazıq türklərin böyük əksəriyyəti illərdi qırmızı ətə həsrətdi. Doxsan faizi kirayələrdə qocalıb ölür. Evdə kiçikdən böyüyə hamı işləmək məcburiyyətindədi. Bu həvəslə türklərə ərə gedən qızlarımız çox böyük əzablara düçar olur.
İnsanları qınamaq olmaz. Sən uğuru harda görürsənsə, ora meyillənirsən. Türkləri bu cür inkişaf etmiş göstərmək heç öz ideyaları da deyil. Bundan xəbərləri yoxdu. Dünya kapitalizminin oyununa gəliblər. Vaxt vardı, rus həyat şəraiti bizə gözəl görünürdü, hamı rusca öyrənirdi, növbə mədəniyyəti, kitab oxumaq sənətinə can atırdı. Rus zəiflədi, sistem dağıldı, onlar da bizim günümüzə düşdü. Bu günlərdə Dövlət Dumasında “əxlaq dəyərlərini pozduğuna görə türk seriallarının qadağan edilməsi” diskusiyası gedir, qanun layihəsi hazırlanır. Çox gülməlidi, deyilmi?
Bu xəstəliyin bir diaqnozu var. Uğur, inkişaf hardadısa, xalqlar o istiqamətə can atır. Mənim qızdırma dərmanım kimi simptomatik nə qadağa qoyursan qoy, qarşısını almaq mümkün deyil. Seymur Baycanın danlamağıyla bu iş düzələn deyil. Əsasən də, bu proses yüz illər müstəmləkədə yaşayan xalqlarda sürətli olur. Ən azı 3 nümunəni mən müşahidə etmişəm.
Mən uşaq olanda biri asqıran kimi deyirdik, “Ya haqq Əli”, bir az böyüdüm, dedilər, “sağlam ol” (bud zdarov), qoca vaxtımda da deyirik, “çok yaşa”!
Vallah bu yaşamaq deyil. Biz hələ ürəyimizin lap dərinliyində müstəqilliyə “inanmamışıq”.
Müharibədən sonra bəzi ölkələr bizə bizdən çox inanır.
Bu günlərdə özbək qızı mahnı müsabiqəsində “Bayatı şiraz” oxudu, tərifi elnən bir oldu. Çünki, biz muğamda uğurluyuq. Biz qalib gəlmişik. Bizə üz tutanlar da var artıq.
Prosesi öz xeyrimizə çevirməyin yeganə yolu iqtisadiyyatda uğurlu olmaqdı. Onda sənə inanacaqlar, səndən nümunə götürəcəklər. Vaxtında ərəblər dünyaya dərs keçirdilər, indi ərəbi hotelə qoymurlar ki, özünü apara bilmir.
Çarxı geriyə çevirməyin vaxtıdı. Oxumaq, elm öyrənmək bizim xalqa bugünkü qədər heç vaxt vacib olmayıb.
Nə isə, serial bitir, qız dördüncü sevgilisiylə yaşayır, heç yerdə də işləmir, şəkil çəkir, kef edir. Mən də burda “smes” vurdururam, bəlkə hərarətim düşə….
İlham Əziz