Yeni yaradılan Süni İntellekt Akademiyası və müəmmalar - ARAŞDIRMA

Bu gün, 12:24           
Yeni yaradılan Süni İntellekt Akademiyası və müəmmalar - ARAŞDIRMA
2025-ci ilin sentyabr ayının 8-də Azərbaycanda Süni İntellekt Akademiyasının fəaliyyətə başlaması xəbəri böyük maraq doğurdu.

"Bizimxeber" Live BLOG bildirir ki, informasiyasızlıq səbəbindən insanların çoxu bu Akademiyanın hansısa ali təhsil ocağı və ya imtahanla qəbul olmağın mümkünlüyü ilə qarışdırdı. Sonradan bəlli oldu ki, bu Akademiya sadəcə özəl tədris məkrəzidir. Amma dövlətin maliyyəsi ilə çalışacaq...

Akademiya Prezident İlham Əliyevin təsdiqlədiyi “2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası” çərçivəsində strategiyaya uyğun yaradılıb. Strategiyada göstərildiyi kimi, Akademiyanın məqsədi süni intellekt sahəsində mühəndis yetişdirmək, dünya reytinqində ilk 10-luqda olan universitetlərlə əməkdaşlıq qurmaq və süni intellekt icması formalaşdırmaqdır.

Akademiyanın açılış mərasimində Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev və Elm və Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə təqdim olunan bu layihə ilk baxışdan dövlət səviyyəli, şəffaf və uzunmüddətli bir təşəbbüs təsiri bağışlayır.

Ancaq məsələyə daha dərindən baxdıqda, bəzi məqamlar suallar doğurur və narahatlıq yaradır.

Məsələn, Süni İntellekt Akademiyasının rəsmi saytında qeyd olunur ki, tədris mərkəzi “Azərbaycan Süni İntellekt Laboratoriyası” tərəfindən təsis edilib və bu laboratoriya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyət göstərir. Amma nazirliyin rəsmi strukturu və ictimaiyyətə açıq layihə siyahılarında belə bir laboratoriyanın adı yoxdur. Eyni zamanda, “Azərbaycan Süni İntellekt Laboratoriyası”nın hüquqi statusu və ya nazirliklə institusional bağlılığına dair açıq, rəsmi sənədlər də mövcud deyil. Bu isə “nazirlik nəzdində” ifadəsinin sadəcə PR məqsədli təqdimat olduğunu ehtimal etməyə əsas yaradır.
Bu məqamda diqqət çəkən əsas məsələ laboratoriyanın yaranma tarixçəsidir.

İnternet məlumatlarında qeyd olunur ki, “Azərbaycan Süni İntellekt Laboratoriyası 2019-cu ildə “ATL Tech” adlı özəl texnoloji şirkət tərəfindən yaradılıb. Həmin laboratoriyanın əsas istiqamətləri arasında Azərbaycan dilində nitqin mətnə çevrilməsi (speech-to-text), təbii dilin emalı (NLP), fövqəladə hallar sistemlərinə inteqrasiya kimi layihələr yer alır. Bu laboratoriyanın məhz sonradan “Azərbaycan Süni İntellekt Laboratoriyası” adlandırılması və dövlət layihəsi adı altında təqdim olunması da maraqlı suallar yaradır.

Məlumatlarda qeyd olunur ki, Süni İntellekt Akademiyası "AI Lab” layihəsinin bazasında yaradılıb. Bu barədə daha sonra...

“ATL Tech” şirkəti kimindir?

“ATL Tech” şirkətinin kimə məxsus olduğu məsələsi də diqqətdən yayınmamalıdır. Şirkətin iki həmtəsisçisindən biri fövqəladə hallar nazirinin birinci müavini, general-leytenant Rəfail Mirzəyevin oğlu Rəşad Mirzəyevdir. Rəşad Mirzəyev özünü həmçinin “ATL Group”un təsisçisi və icraçı direktoru kimi təqdim edir. Qrupa “ATL Academy”, “ATL Tech”, “ATL Consulting”, “ATL SMS”, “ATL Trading” və hətta “Əjdaha” adlı fast food şəbəkəsi daxildir. Geniş fəaliyyət sahəsi olan bu strukturun birbaşa və ya dolayı yollarla dövlət layihələrinə inteqrasiya olunması ehtimalları burada daha dərindən təhlil olunmağa ehtiyac duyur.

Bundan əlavə, rəsmi məlumatlarda Süni İntellekt Akademiyasının “AZCON Holding”in dəstəyi ilə fəaliyyət göstərəcəyi bildirilir. Akademiyanın yaradılması üçün “AzInTelecom” MMC və “İnnovativ Layihələr Mərkəzi” QSC arasında 7 milyon manatlıq müqavilə bağlandığı xəbərlərdə qeyd olunur. Lakin bu məbləğin necə xərcləndiyi, hansı şirkətlərin bu vəsaitdən faydalandığı barədə ictimaiyyətə açıq, detallı hesabat təqdim olunmur.

Məlumata görə, Süni İntellekt Akademiyası yaradıldıqdan sonra "AI Lab" MMC formasında qeydiyyatdan keçərək, rəsmi açılışdan cəmi bir neçə gün sonra müstəqil hüquqi şəxs kimi formalaşdırılıb. Bu da maraqlı sünasdır. "AI Lab" artıq MMC-dir. Bu isə dövlət nəzarətində olduğu iddia edilən layihənin qısa müddətdə özəl bir struktur halına salınması ehtimalını gücləndirir və yenə sullar yaradır. Bu yekəlikdə vacib layihə niyə dövlət qurumunun balansında deyil, MMC-nin strukturuna verilir.

Maraqlı və ziddiyyətli digər bir məqam isə Süni İntellekt Akademiyasının iki fərqli “rəsmi” vebsaytla fəaliyyət göstərməsidir - www.aiacademy.az və www.naic.az.
Hər iki sayt eyni məqsədə, süni intellekt sahəsində təhsil, innovasiya və inkişaf fəaliyyətlərinə xidmət edir. Lakin bu paralellik texniki və idarəetmə baxımından ziddiyyətli görünür.

Bu cür təşkilati uyğunsuzluq, layihənin konseptual və hüquqi baxımdan nə dərəcədə planlı və ciddi qurulduğu barədə suallar yaradır.

Əgər bir Akademiyanın iki müxtəlif adı və iki “rəsmi” saytı varsa, bu, ictimaiyyətin çaşdırılmasına, həmçinin şəffaflıqdan uzaq yanaşmaya işarə edə bilər. Belə bir qeyri-dəqiqliklərlə təqdim olunan layihəyə münasibətin nə qədər ciddi olduğu sual altına düşür və ehtimal ki, bu təşəbbüsün arxasında tamamilə fərqli məqsədlər dayanır.

Ortaya çıxan mənzərə odur ki, Süni İntellekt Akademiyası dövlət siyasətində yer alan əhəmiyyətli bir təşəbbüs kimi təqdim edilsə də, onun strukturunda iştirak edən şirkətlər, bu şirkətlərin sahibləri və prosesin hüquqi şəffaflığı ilə bağlı çoxsaylı suallar cavabsız qalır. Dövlət büdcəsindən ayrılmış milyonlarla vəsaitin necə və kimlər tərəfindən istifadə olunduğu barədə ictimai nəzarət və hesabatlılıq mexanizmlərinin zəif olduğu artıq müşahidə edilir. Belə olan halda, “strateji” adlandırılan layihələrin real nəticələrə yox, sadəcə görünüşə və ictimai təəssüratlara hesablandığı ehtimalı gündəmə gəlir.

Əgər bu cür layihələr doğrudan da Azərbaycanın texnoloji inkişafını, gənc istedadların yetişdirilməsini və beynəlxalq rəqabətə çıxarılmasını hədəfləyirsə, onların idarəçiliyi, tərəfdaşları, maliyyə mexanizmləri və hüquqi strukturu barədə ictimaiyyətə daha açıq və hesabatlı məlumat təqdim olunmalıdır. Əks halda, növbəti “strateji təşəbbüs”ün də əvvəlkilər kimi zamanla fəaliyyətini dayandıran, nəticəsi qeyri-müəyyən, sonda isə sadəcə büdcədən ayrılmış milyonlarla manatın izsiz şəkildə “əriməsi” ilə nəticələnən layihəyə çevrilməsi ehtimalı böyükdür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru