Qərbi Azərbaycan Xronikası: "1988-ci il deportasiyasında Hamamlıda böyük faciələr yaşanıb"

30-07-2024, 08:47           
Qərbi Azərbaycan Xronikası: "1988-ci il deportasiyasında Hamamlıda böyük faciələr yaşanıb"
Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Jurnalist Rufik İsmayılovun müsahibi Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri, Qərbi Azərbaycan İcmasının Nərimanov rayonu üzrə nümayəndəsi Təmraz Tağıyev olub.

O, anadan olduğu Hamamlı rayonunun Qursalı kəndi, təbiəti, insanları, onların həyat tərzi barədə geniş məlumat verib. Qeyd edib ki, bu tarixi yaşayış məntəqəsi ötən əsrdə dəfələrlə daşnakların, erməni millətçilərinin hücumlarına məruz qalıb, kəndin əzəli sakinləri böyük faciələrlə üz-üzə gəliblər. Təkcə 1918-ci ildə Qursalı kəndinin 25 sakini erməni quldurların qurbanına çevrilib. Ermənilər onları qətlə yetirərək su quyusuna atıb, bununla öz cinayətlərini gizlətmək istəyiblər. Lakin hüquq-mühafizə orqanlarının, yerli sakinlərin axtarışı sayəsində azərbaycanlıların basdırıldığı yer müəyyən olunub. Üzərində işgəncə əlamətləri olan meyitlər su quyusundan çıxarılaraq kənd qəbiristanlığında dini adət-ənənəyə uyğun olaraq dəfn ediliblər.

T.Tağıyev 1948-1953-cü illərin deportasiyasına toxunaraq qeyd edib ki, həmin dövrdə yaxın qohumları öz ata-baba yurdlarını tərk etmək məcburiyyətində qalıblar. Onun sözlərinə görə, o illərdə də soydaşlarımız böyük çətinliklərlə, məşəqqətlərlə üzləşiblər. Zorla aran zonasına köçürülən Qərbi azərbaycanlıların bir qismi yollarda həlak olub, digər hissəsi iqlim dəyişməsinə məruz qalıb, xəstəliyə yoluxub, dünyalarını dəyişiblər. Yalnız 1953-cü ildən sonra onların kiçik bir hissəsi öz Vətənlərinə qayıda biliblər.

T.Tağıyev deyib ki, sovet hakimiyyəti illərində Qərbi Azərbaycanda ermənilər tərəfindən soydaşlarımıza qarşı mənəvi, hətta fiziki təzyiqlər davamlı xarakter alıb. Rayon mərkəzinə, şəhərə gedən soydaşlarımız təhqirlərlə üzləşiblər. Xüsusən də hər ilin aprel ayında, uydurma erməni soyqırımının ildönümü günündə azərbaycanlılar yaşayan kəndlərə hücumlar təşkil olunub. Bundan başqa, Qərbi Azərbaycanın hər yerində olduğu kimi, Hamamlı rayonunda da ali təhsilli azərbaycanlı kadrlar məqsədli şəkildə işlə təmin olunmayıblar.

Müsahibin sözlərinə görə, 1988-ci ilin deportasiyası da Hamamlı sakinləri üçün itkisiz ötməyib. Həmin il baş verən zəlzələdə 18 Qursalı sakini həyatını itirib. Ayrı-ayrı vaxtlarda kənd sakinlərinin həyatına qarşı qəsdlər təşkil olunub. Hətta ermənilər azərbaycanlı hərbçinin uşaqlarını insanlıqla bir araya sığmayan işgəncələrlə qətlə yetiriblər. Bununla da 1988-ci ildə Hamamlıda daha böyük faciələr yaşanıb.

Bu gün də Hamamlının ab-havası, həsrəti ilə yaşadığını diqqətə çatdıran T.Tağıyev nəinki doğulduğu rayona, kəndə, eyni zamanda Göyçəyə, Zəngəzura, İrəvana və digər tarixi torpaqlarımıza mütləq qayıdacağımızı vurğulayıb.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.