Yaşı 10-da çox olan avtomobilləri nə gözləyir? - Ekspert danışır...
30-07-2024, 15:05
2023-cü ilin sonuna olan məlumata görə, Azərbaycanda qeydiyyatda olmuş 1 milyon 501 min 957 ədəd minik avtomobilinin 1 milyon 267 min 664 ədəddinin və ya 84,4%-nin yaşı 10 ildən yüksəkdir.
Bu barədə Dövlət Statistika Komitəsi bildirib. O cümlədən, 603 min 512 ədəd avtomobilin yaşı 10 ildən 20 ilədək, 664 min 152 ədədinin yaşı isə 20 il və yuxarıdır. Yaşı 10 ilədək olan minik avtomobillərinin sayı isə cəmi 234 min 293 min ədəd olub. Ondan 81 min 809 ədədəinin yaşı 5 ilədək təşkil edib. Ötən ilinin sonuna olan məlumata görə, 31 min 460 ədəd avtobusun 19 min 858 ədədinin (63%-nin), 177 min 622 ədəd minik avtomobilinin 98 min 140 ədədinin (55%-nin) yaşı 20 il və ya daha yuxarı olub.
Maraqlıdır, buraxılışı 10 ildən artıq olan avtomobillərin aqibəti necə olacaq?
Məsələ ilə bağlı iqtisadçı-alim Vüqar Qocayev “Cebheinfo.az”-a açıqlamasında deyib ki, ili köhnə avtomobillərin utilizasiyası məsələsi hər il müzakirə edilir:
“Ölkəmizdə xəttə olan avtomobillərin çox böyük əksəriyyəti köhnədir.
Avtomobil parkının köhnə olmasına səbəb gömrük rüsumlarının başqa ölkələrlə müqayisədə yüksək olmasıdır. Belə ki, xarici ölkələrdən 3-5 min manata alınan avtomobilə burada mühərrik həcmindən asılı olaraq 10 min manat və daha artıq gömrük rüsumu ödənilməlidir. Elə olan halda avtomobil parkında ili köhnə avtomobillər çoxluq təşkil edəcək”.
O bildirib ki, “Avro-5” standartlarının qəbul edilməsinin müsbət tərəfi olduğu qədər, mənfi tərəfləri də var:
“Ekoloji cəhətdən əlverişli olan nəqliyyat vasitələrinin ölkəmizə gətirilməsi müsbət tendensiyadır. Lakin istənilən halda bunabənzər qərarların qəbul edilməsinin mənfi tərəfləri də var. Belə ki, ölkəmizdə əksər avtomobillər hələ “Avro-5” standartlarına tam cavab vermir. Bu qərarı qəbul etmədən yaxşı olardı ki, gömrük rəsmiləşdirilməsi daha da sadələşdiriləydi”.
İqtisadçı qeyd edib ki, ili köhnə olan avtomobillərin utilizasiyası hələlik qeyri-mümkündür:
“Ölkəmizdə çox sayda istehsal ili 10, 20, hətta 30-dan çox avtomobillər var. O avtomobillərin utilizasiyası hələ qeyri-realdır. Çünki ölkəmizin illik xərcləri kifayət qədər çoxdur. Utilizasiya fondu isə o qədər də böyük olmadığından, avtomobil parkını yeniləməyə tam olaraq qadir deyil. Hesab edirəm ki, zamanla istehsal ili köhnə olan avtomobillər özləri sıradan çıxacaq”.