Nazirliklərin sayı çoxdur, effektivlik aşağıdır - Kadr islahatları qaçılmazdır

30-07-2024, 19:22           
Nazirliklərin sayı çoxdur, effektivlik aşağıdır - Kadr islahatları qaçılmazdır
Seçki günü yaxınlaşdıqca həyəcan artır. Hər ötən gün bir sürprizlə rastlaşırıq. Həmin sürprizlərdən biri də parlament seçkilərinə xeyli sayda məmurun qatılmasıdır. Bu da o deməkdir ki, seçkilərdən sonra ölkədə kadr islahatı həyata keçiriləcək. Növbəti islahatların daha geniş miqyasda baş verəcəyi gözlənilir.

KONKRET.az bəzi siyasi partiya liderlərinin məsələ ilə bağlı gözləntilərini təqdim edir:

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa:

“Kadr islahatlarına hər zaman ehtiyac var. Bu, təkcə seçkilərlə bağlı məsələ deyil. İnsanlar hər zaman yeniləşməni istəyirlər. Və bu istiqamətdə də xeyli addımlar atılıb. Xüsusən də gənclərin vəzifələrə gətirilməsi məsələsi həllini tapıb. Ona görə də kadr islahatının olacağında bir tərəddüdümüz yoxdur. Bu seçkilərdə də müəyyən dövlət məmurları iştirak edə bilərlər. Bu da qanunla tənzimlənən məsələdir”.

REAL Partiyasının sədr müavini Natiq Cəfərli:

“Əslində Azərbaycanda kadr islahatları daim gedir. Məsələn, son 7-8 ildə çox sayda yeni kadrların təyin olunmasına şahidlik etmişik. Müstəqillik tarixində bu qədər kadr dəyişikliyi olmamışdı. Çox sayda nazirlər, icra başçıları və digər məmurlar dəyişib. Amma məsələ kadrlarda deyil. Problem idarəetmənin köhnə olmasıdır. İcra hakimiyyəti institutu köhnədir, çalışa bilmir. Nazirliklərin sayı çoxdur, effektivlik aşağıdır. Yəni bizdə ilk növbədə idarəetmə sistemində islahatlar aparılmalıdır. Bu islahatlar aparıldıqdan sonra kadr islahatlarının aparılması daha effektiv olar”.

Ağ Partiyanın başqanı Tural Abbaslı:

“Düşünürəm ki, kadr islahatlarının seçkilərlə heç bir əlaqəsi olmamalıdır. Hazırda hakim partiyanın 730 mindən çox üzvü var. Bu qədər üzvün arasında partiya kadr tapa bilmirsə, demək bu partiyada funksionallıq yoxdur. Mən deməzdim ki, kadr qıtlığına görə islahatlar olmalıdır. Kadr islahatları hər zaman olmalıdır. Bu islahatsa hansısa nazirliyin, komitənin nəzdində yox, bütün sahələrdə olmalıdır. Bu islahat deputatlığa namizədliyi olan kadrlarla bağlı olmamalıdır. Bu, ayrı bir xətdir. Amma görünən odur ki, hakimiyyətin tutduğu xətt onu qane edir. Ona görə də kadr sahəsində də köklü dəyişiklik gözlənilən deyil. Fikir versəniz, görərsiniz ki, icra hakimiyyəti sistemində bir dövriyyəlilik var. Bir adam uzun müddət bu və digər rayonlara rəhbərlik edir. Ona görə də seçkilərdən sonra köklü kadr islahatlarının olacağını gözləmirik”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.