Azərbaycanın Türkiyədəki sabiq hərbi attaşesinə CİNAYƏT İŞİ açılıb
14-09-2016, 19:01
Azərbaycanın Türkiyədəki sabiq hərbi attaşesi İlyas İbrahimova cinayət işi açılıb.
Bu barədə Lent.az-a vəkil Abuzər Mütəllimov məlumat verib. Vəkil bildirib ki, sabiq attaşe Cinayət Məcəlləsinin 307-ci (barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə), 308-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başladılıb.
A Mütəllimovun sözlərinə görə, Bakı şəhər Prokurorluğunda cinayət işi açılsa da, indiyə qədər heç bir istintaq hərəkəti aparılmayıb: “Çox güman, gözləyirdilər ki, Xalidə İsgəndərova barəsində birinci instansiya məhkəməsi hökm çıxarsın. Bu gün də Xalidə İsgəndorova 18 il müddətinə azadlıqdan məhrum edildi. Bununla bağlı yaxın günlərdə apellyasiya şikayəti verəcəyik. İşə düzgün baxılmadı, günahsız qadın həbs edildi”.
Qeyd edək ki, İlyas İbrahimovun bacısı Xalidə İsgəndorava öz əri Füzuli İsgəndərovu öldürməkdə ittiham edilib. Həmin zaman İlyas İbrahimov Azərbaycanın Türkiyədəki hərbi attaşesi vəzifəsini daşıyırdı. Məlum hadisədən sonra o, vəzifəsində çıxarılıb və Müdafiə Nazirliyi tərəfindən ehtiyata götürülüb. Hüquq mühafizə orqanlarının apardığı istintaq zamanı məlum olub ki, İ.İsmayılov Füzuli İsgəndərovun bacısı tərəfindən qətlə yetirildiyini bilsə də, bunu istintaqdan gizlədib.
İlyas İbrahimov bacısının məhkəməsində şahid qismində ifadə verib. O bildirib ki, uzun müddət Müdafiə Nazirliyinin Ankaradakı hərbi attaşesi vəzifəsində çalışıb: “Hadisə olan gün mən İstanbulda hərbi məzun gecəsində olmuşam. Hadisədən bir gün sonra qardaşım Knyaz zəng edib dedi ki, Füzulini öldürüblər. Mən sentyabrın 6-da Füzulinin 7 mərasiminə gəlib çıxdım. 3 gün bacımgildə qaldım. Bacım və onun uşaqları ilə dəfələrlə söhbət elədim. Açığı, mən bacım qızı Bülbülün hərəkətindən şübhələnirdim. Bülbül həm öz ailələrinə, həm də bizim ailəyə ziyan gətirdi. Ondan həmişə narazılığım olub. 2009-cu ildə bir narkomana qoşulub qaçmışdı. Gedib gətirdik. Bacım hadisəni mənə nəql elədi. Oğru kimi girən şəxsin Füzulini öldürməsindən, danışdı. Əmanə də həmin şeyləri dedi.
Hadisədən sonra Füzulinin kim tərəfindən öldürülməsi ilə bağlı araşdırma başlanmışdı. Biz də müəyyən yerlərdən soraqlaşırdıq. Prokurorluqda Mehdi adlı qohumumuz Füzulinin İlo (İlham) adlı şəxs tərəfindən öldürülə biləcəyini demişdi. Həmin İlonun kimliyini müəyyənləşdirə bilmədilər. Sonradan bilmirəm, necə oldusa, günahsız yerə bacımı tutdular. Bakı şəhər Prokurorluğunda dəfələrlə ifadə vermişəm. Orada prokuror dedi ki, bacın cinayəti etiraf eləsin, sən də öz işində qal. Mən elə əclaflıq eləmədim. Hazırda Müdafiə Nazirliyi tərəfindən sərəncamdayam. Polkovnik rütbəsi daşıyıram”.
Onu da qeyd edək ki, qətl hadisəsi 2014-cü ilin sentyabrında törədilib. Füzuli İsgəndərov evinin yaxınlığında qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı Xalidə İsgəndərova 5-6 ay sonra şübhəli şəxs qismində saxlanılıb.
Qətlə yetirilən F.İsgəndərov uzun illər Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olub. O, həmçinin Azərbaycanın sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğludur.
Xatırladaq ki, cinayət işi bu gün yekunlaşıb. Məhkəmənin hökmü ilə Xalidə İsgəndərova həyat yoldaşını öldürməkdə təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilib.