Tarix elə yazılmır...

1-10-2016, 15:05           
Tarix elə yazılmır...
Publisist-şair Heydər Oğuz son iki yazısında Osmanlı-Səvəfi münasibətlərini incələyən yazılar qələmə alıb.
Müəllif yazılarında Səvəfi dövlətinin fars şovinizminə, Sasaniliyə bağlayan mülahizələrə qarşı çıxır, öz düşüncələrini ortaya qoyur.

Yazarın dilə gətirdiyi fikirlərə cavab da özünü çox gözlətmədi. İstanbul Universiteti Ümumi Türk Tarixi kafedrasında doktorluq işi müdafiə etmiş Türk İslam Araşdırmaları Mərkəzinin rəhbəri Telman Nüsrətoğlunun şair-puplisistə cavabını Moderator.az oxucularına təqdim edirik:

“Heydər bəy, incimə, yenə ayrışdırıcı, hadisələrə məzhəb prizmasından baxıb sonra da başqalarını məzhəbçilikdə ittiham edən bir yazı yazmısan. Tarixi bu günün paradiqmaları və dəyərlərindən yola çıxaraq dəyərləndirmək çox yanlışdır.
Yazından belə çıxır ki, Osmanlının işi-gücü türkü qırmaq, Səfəvilərinki də harda bir Türk görsə, onu qorumaq olub, biri məzhəb prizmasından, digəri isə milli prizmadan baxıb hadisələrə. Çox gülməli, istənilən ortabab tarixçinin etirazına səbəb olacaq yanalmadır.

Tarix elə yazılmır, əzizim. Məsələni anlamaq üçün, birinci, Osmanlı-Səfəvi münasibətlərini hər yönüylə incələmək, Osmanlıdakı saraydaxili münasibətləri, Yavuz Səlimin ortaya çıxış prosesini bilmək lazımdır. Kitabi-islam, təsəvvüfi-islam, xalq islamı və o dövrdə bunların təmsili-aktyorları kimlər idi, bilmək lazımdır. Qızılbaşlıq və onun tarixi qaynaqlarını, Səfəvilərə qədər Anadolu türkmənlərinin durumunu, inanç forması incələnməlidir. Anadolda çıxan türkmən üsyanlarında Osmanlının iqtisadi, sosioloji siyasətiylə bərabər Səfəvilərin böyük rolu olub. Şah İsmail Anadolu türkmən obalarında xəlifələri vasitəsiylə üsyan çıxarıb oralardan vergi toplayırdı. Anadoludakı türkmən obaları, ticarət yolları uğrunda iki dövlət arasında mübarizə gedirdi. Sutan II Bəyazıt Aralıq dənizində və Egedə fəthlərlə məşğul idi. Moraya yürüyürdü Osmanlı ordusu. Buna görə də Anadoludakı o üsyanlara, Səfəvilərin təsirinin gündən-günə artmasına bir dönəm təmkinlə yanaşmağa çalışırdı. Ancaq Qaramanoğulları üsyanı vəziyəti gərginləşirdi. Səfəvi-Qaramanoğulları münasibətləri, Osmanlının Moranı almasından narahat olan Venedikin həm Səfəvilər, həm də Qaramanoğulları ilə yazışmalarında da tərəflərin antiosmanlı bloku yaratmağa can atdığı ortaya çıxır.

Bu arada Şah İsmayıl nə edirdi?

O da sosial dayaqlarını möhkəmlətmək üçün öz hakimiyəti altında olan, yəni ələ keçirdiyi torpaqlarda sünni əhaliyə yönəlik qətliamlar həyata keçirərək, 1507 – ci ildə gəlib Diyarbəkiri ələ kəçirib sonra da Bağdada tərəf yürüdü. Şah bir tərəfdən Anadolu türkmən qəbilələri üzərindəki propaqanda savaşını gücləndirərək onları öz tərəfinə çəkir, o biri yandan da Venedikə yazdığı məktupda Osmanlıya qarşı ortaq hərəkət etməyi təklif edirdi. 1510-cu ildə Özbək Şəybani xanı məğlub edərək öldürdükdən sonra da gücünə güc qatmış, Anadolu qızılbaşları arasında onun Məhdi olduğu yönündəki inanç daha da qüvvətlənmişdi. Şeyx Heydərin Anadoludakı xəlifələrindən olan Həsənin oğlu Şahqulu Baba 1511-ci ildə Şah İsmailin tərəfində Osmanlıya qarşı üsyan etdi. Məşhur Şahqulu üsyanı Sivasda çətinliklə yatırıldı. Yenə Şah İsmailin Anadoludakı adamlarından Nurəli Xəlifə Tokatı ələ kəçirib Şah İsmail adına cümə xütbəsi oxutdurdu. Bu hadisələr Osmanlı ətrafındakı Səfəvi mühasirəsinin getdikçə artdığını və Osmanlının bütün bunları böyük bir təhlükə olaraq görərək hazırlıq gördüyünü də ortaya qoyur.
Bu arada Trabzonda vali olan Yavuz Səlim Osmanlı taxtına keçdi və Səfəvi məsələsi həll edilmədən Avropaya doğru yürüyüşə davam etmənin imkansız olduğu qənaətinə gəldi. Dönəmin şeyxülislamı Paşazadənin Səfəviləri Rafizilər olaraq görən və lənətləyən, canlarının , mallarının halal olduğunu ifadə ədən o fətvası meydana çıxdı. Yavuz Səlim bir tərfdən özbək xanına məktub yazaraq Səfəvilərə qarşı intiqam çağırışı etdi, o biri tərəfdən də Şah İsmayıla məktup yazaraq xəlifələri söyməkdən vaz keçməsini, tövbə etməsini istədi. Başqa bir məktubda da Şah İsmayıla təsbeh və səccadə göndərərək, dövlət işlərini tərk ədib dərvişlik etməsini təklif etdi. Daha təhqiramiz məktublar da oldu. Və təbii ki, Şah İsmayıl bunlar cavab verdi. Beləcə, iki Türk dövlətini qarşı-qarşıya gətirən savaş oldu.
Bu müddət ərzində Yavuz Səlim də Anadoluda Şah İsmayıl tərəfdarı olan Türkmənlərə qarşı hərəkətə keçdi və indiki Cənub-şərq bölgələrində Türkmən qətliamı yaşandı və bu da bölgədə demoqrafik dəyişiklyə səbəb oldu.
Məsələnin məğzi budur”.
Telman Nüsrətoğlu - yazarın arxivi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.