Dəniz suyunu içməliyə çevirən yeni texnologiya: Tonlarla kimyəvi maddəyə ehtiyac yoxdur

Bu gün, 15:28           
Dəniz suyunu içməliyə çevirən yeni texnologiya: Tonlarla kimyəvi maddəyə ehtiyac yoxdur
Dəniz suyunun içməli suya çevrilməsini asanlaşdıran və təmizləmə xərclərini əhəmiyyətli dərəcədə azaldan yeni texnologiya icad edilib.

ABŞ-nin Miçiqan və Rays Universitetlərinin mühəndisləri tərəfindən aparılan tədqiqatın nəticələri "Nature Water" jurnalında dərc edilib.

Bildirilir ki, metod karbon elektrodlarından istifadə edərək toksik bor maddəsinin kənarlaşdırılması üsuludur.

Bor dəniz suyunun təbii komponentidir, lakin onun konsentrasiyası Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi təhlükəsiz normalardan iki dəfə çoxdur. Kənd təsərrüfatı bitkiləri üçün borun yol verilən səviyyəsi daha aşağıdır - 5-12 dəfə. Standart filtrasiya zamanı bor adətən filtrlərdən keçir və içməli suyu çirkləndirir.

Əvvəllər filtrasiya mərhələsindən sonra bor maddəsinin kənarlaşdırılması üçün onun elektrik yükünü dəyişdirmək məqsədilə qələvi kimi kimyəvi maddələrin əlavə edilməsi tələb olunurdu. Bu, suyun təmizlənməsi prosesini bahalı və enerjitutumlu edirdi.

Alimlər bor maddəsini səmərəli şəkildə tutan elektrodlar hazırlayıblar. Texnologiya bir neçə mərhələdən ibarətdir. Birinci mərhələdə membran vasitəsilə əsas duz ionları kənarlaşdırılır. Sonra su elektrodları olan kameradan keçir, burada su molekulları müsbət hidrogen ionlarına və mənfi hidroksid ionlarına ayrılır. Sonuncular borla birləşərək ona mənfi yük verir. Daha sonra yükü sayəsində bor müsbət elektrodlara yapışır, digər maddələr isə suda qalır.

Bu proses əlavə kimyəvi maddələrin əlavə edilməsini tələb etmir. Nəticədə texnologiya daha ekoloji olur.

Yeni qurğu suyun duzsuzlaşdırılması xərclərini 15% azaltmağa imkan verir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.