Məmurlarımızın biznes maraqları
3-06-2015, 10:42
İri məmurlar öz bizneslərini leqallaşdırmaq üçün qanunu dəyişdirməyə çalışıblarmış!
"Unikal"ın təxminən on gün öncə dərc etdiyi məqalədə yer alan fikirlər təsdiqini tapıb. Belə ki, deputat Vahid Əhmədov bəzi oliqarxların biznes fəaliyyətlərinə qanuni yasaqları aradan qaldırmaq istədiklərini rəsmən açıqlayıb.
Öncə xatırladaq ki, Azərbaycanda qanunvericiliklə nazirlərin, deputatların və digər məmurların bizneslə məşğul olması qadağandır. Buna baxmayaraq, mətbuatda yüksək vəzifə sahiblərinin gizli biznesləri ilə bağlı tez-tez məlumatlar yayılır. Təbii ki, bu bizneslərin əksəriyyəti onların öz adına deyil.
"Unikal" isə öz yazısında qeyd etmişdi ki, bir müddətdir yerli mətbuat Rusiyada vəzifəli şəxslərin biznes fəaliyyəti ilə məşğul olmasına icazə verməsindən yazır. Belə ki, bu günlərdə Rusiya Dövlət Duması antikorrupsiya qanunvericiliyinə əlavələr edərək nazirlərə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq qadağasını aradan qaldırıb. Bu qadağanın ləğv olunması ilə nazirlərə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ verilib.
Yeni qanuna əsasən hökumət üzvləri biznes fəaliyyəti ilə şəxsən və ya qəyyum etdikləri şəxslər vasitəsi ilə məşğul olmağa, həmçinin, təşkilati-hüquqi formasından asılı olmayaraq, təsərrüfat subyektlərinin idarəçiliyində iştiraka imkan verir.
Qonşu Rusiyada olduğu kimi Azərbaycanda da məmurlara bizneslə məşğul olmağa icazə verilə bilərmi? Artıq bu istiqamətdə müəyyən müzakirələr gedir, müstəqi ekspertlərdən tutmuş millət vəkillərinəcən müxtəlif təbəqədən olan ictimaiyyət üzvləri bu barədə fikirlərini bölüşürlər.
Həmin fikirlərdən isə görünən odur ki, bu məsələdə cəmiyyət iki yerə bölünür: bir qisim məmurların heç bir halda bizneslə məşğul olmamalı olduğunu, digər qisim isə onsuz da vəzifəli şəxslərin Azərbaycan reallığında bizneslə məşğul olduqlarını, məlum qadağanın formal xarakter daşıdığını, odur ki, aradan qaldırılması gərəkliyini deyirlər. "Hansı mövqenin daha doğru olduğunu oxucuların ixtiyarına buraxıb sadəcə, bunu yazmaq istərdik: yəqin ki, məmurlar Rusiyanın vəzifəli şəxslərinə qibtə və həsədlə yanaşır, eyni zamanda bu mövzunun artıq Azərbaycanda da müzakirə mövzusuna çevrilməsinə sevinir və belə müzakirələrin sonunda məlum qadağanın Azərbaycanda da aradan qaldırılması yönündə qanunverici təşəbbüsün meydana çıxacağına ümid edirlər.
Belə bir ümidin reallaşıb-reallaşmayacağını isə birmənalı demək çətindir. Hər halda bizim məmurlar özlərinə sərf edən addımların atılmasına nail olmaq üçün zaman-zaman əllərindən gələni edirlər. Bunu növbəti dəfə bacarıb-bacarmayacaqlarını isə zaman göstərəcək. Odur ki, gözləyək…" - deyə "Unikal"ın məqaləsində qeyd edilirdi.
Qəzetimizin yazdıqlarının heç də havadan götürülmədiyini isə Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədovun açıqlamaları təsdiqləyir. "Ölkədə bizneslə məşğul olan vəzifəli adamlar bunu qanuniləşdirmək istəyirlər. Hətta bununla bağlı müəyyən addmların atıldığı, lakin sonda müsbət nəticə vermədiyi barədə xəbərlər var" deyə yazan modern.az saytı bildirir ki, məsələ ilə bağlı V. Əhmədov maraqlı faktlar açıqlayıb: "Belə fikirlər formalaşdırmağa başlayıblar ki, məmurlar, icra başçıları bizneslə məşğul ola bilərlər. Hətta buna görə qanunda dəyişiklik də etmək istəyirdilər".
Deputat qanuna belə bir dəyişiklik cəhdinin qəti əleyhinə olduğunu bildirib: "Bəzi insanlar qanuna bu dəyişikliyin qəbulunun tərəfdarı olsalar da, mən əleyhinəyəm. Hazırkı qanunla məmurlar, icra başçıları, Milli Məclisin deputatları biznes fəaliyyətilə məşğul ola bilməzlər. Mən də məhz bu qanunun tərəfdarıyam. Kimlərsə yeni qanunla məmurlara bizneslə məşğul olmaq imkanı verilməsini istəyirlər. Mənim fikrimcə, biznes biznesdir, hökumət hökumət. Bunu birləşdirməyin yeri yoxdur".
Vahid Əhmədov onu da vurğulayıb ki, hökumət adamı dövlətin işi, əhalinin rifah halının yaxşılaşdırılması, sosial vəziyyətin təmin
edilməsilə məşğul olmalıdır: "Məmurun vəzifəsi budur. Eyni zamanda Azərbaycanda sahibkarlığın, biznesin inkişafı üçün şərait yaradılmalı, maneə törədilməməlidir. Bəzi məmurlar var ki, gizlin şəkildə bizneslə məşğul olurlar. Nəticədə kifayət qədər kapital əldə edirlər. Mən o kapitalların leqallaşdırılmasının tərəfdarıyam ki, vəsait xaricə axmasın, Azərbaycanda qalsın. Düşünürəm ki, kapitalın leqallaşdırılması ilə bağlı qanun layihəsi qəbul edilməlidir. Qanunu da elə çərçivədə qəbul etmək lazımdır ki, dövlətin mənafeyinə ziyan gətirməsin".
Göründüyü kimi, azərbaycanlı oliqarxların Rusiyada olduğu kimi, bizim ölkəmizdə də məmurların biznes fəaliyyətini yasaqlayan qanunverici aktı aradan qaldırmaq üçün gizli təşəbbüsləri olub, amma onlar hələlik baş tutmayıb. Bununla belə, eyni cəhdlərin gələcəkdə təkrarlanmayacağına və baş tutmayacağına heç bir təminat yoxdur.
Beləliklə, yaxın və ya uzaq gələcəkdə siz Azərbaycanda oliqarxların biznes fəaliyyətlərinin qanuniləşdirilməsinə, leqallaşdırılmasına indidən hazır olmalısınız ki, sonra buna görə qətiyyən təəccüblənməyəsiniz.