Öz cangüdənlərinin qətlə yetirdiyi lider - Qandi
31-10-2016, 10:16
Bu gün Hindistanın məşhur siyasi xadimi İndira Qandinin ölümündən 22 il ötür.
Axar.az dünyaca məşhur siyasətçinin həyat və fəaliyyətinə yenidən nəzər salır.
İndira Qandi 19 noyabr 1917-ci ildə Hindistanın şimalındakı Uttar Pradeş əyalətinin Allahabad şəhərində görkəmli siyasətçi, azadlıq mübarizi Cəvahirləl Nehru və Kamalanın ailəsində dünyaya gəlib. Bu ailənin siyasi fəaliyyəti isə tanınmış vəkil Motilal Nehru tərəfindən qoyulmuşdu.
Baba Nehru ingilis müstəmləkəçiliyinə qarşı çıxan millətçi Ümumhindistan Milli Konqresinin aparıcı liderlərindən biri idi. İndiranın atası Cəvahirləl Nehru da öz atasının yolu ilə gedərək, Hindistanda müstəqillik hərəkatının liderinə çevrilmişdi.
İndira anadan olanda atası Cəvahirləl Nehru Mahatma Qandinin rəhbərliyi ilə başlanan müstəqillik hərəkatına qoşulmuş və tezliklə əfsanəvi liderin ən yaxın silahdaşlarından birinə çevrilmişdi. Uşaq ikən evlərində keçirilən siyasi toplantıların şahidi olan İndira o zamanın ən məşhur simalarından olan Mahatma Qandi ilə yaxından tanış olmuş və ondan təsirlənmişdi. Bir az yaşa dolandan sonra o da nəfəs aldığı siyasi həyatın təsiri ilə gənclər arasında "Vanara Sena" hərəkatını qurdu. Hərəkat üzvləri ölkədə müstəqillik çağırışı ilə siyasi aksiyalar keçirir və bununla da ictimaiyyətin diqqətini özlərinə cəlb edirdilər. Eyni zamanda hərəkat üzvləri Ümumhindistan Milli Konqresi fəallarının polisin təqiblərindən xilas olmalarına yardım edirdilər.
O, 18 yaşında olanda anası vərəm xəstəliyindən dünyasını dəyişdi. Həmin dövrdə o, təhsilini davam etdirmək üçün İngiltərəyə getdi. Elə orada da Ümumhindistan Milli Konqresinin üzvlərindən olan Feroz Qandi ilə tanış oldu. Bir çoxlarının hesab etdikləri kimi, İndira Qandi Mahatma Qandi ilə qohum deyildi. Bu soyad ona əslən fars (oda sitayiş edənlər) icmasından olan həyat yoldaşı Feroz Qandidən miras qalıb.
Yeri gəlmişkən, fərqli dini təriqətlərə məxsus olduqlarına görə onların arasında rəsmi nikah qeyri-mümkün idi. Ancaq bütün bunlara baxmayaraq, burada da İndira Qandi özünün sərt və dönməz xarakterini göstərərək, 1942-ci ilin martında onunla evlənmişdi. Bir il sonra gənc ailə Mahatma Qandinin rəhbərlik etdiyi "Quit İndia" hərəkatında fəal iştirak etdi. Lakin az sonra həbs edildilər və 243 gün zindan həyatı yaşadılar.
1944-də ilk oğlu Raciv, bir il sonra da Sancay dünyaya gəldi. Gərgin illər Pakistanla Hindistanın yollarının ayrıldığı və bölgədə iki müstəqil dövlətin meydana çıxdığı 1947-ci ildə İndira ölkəsinə gələn qaçqın və köçkünlərə yardım edirdi. Bu da onun siyasi aləmdə nüfuzunu xeyli artırmışdı. Həmin dövrdə İndira və əri Feroz Allahabadda yaşayırdılar.
Hindistan müstəqilliyini əldə etdikdən sonra baş nazir olan atasına yardım etmək üçün İndira Dehliyə gedir, Feroz isə Allahabadda qalır.
Dehlidə İndira atasının həm katibi, həm də məsləhətçisi olaraq çalışmağa başlayır. O, atası ilə birgə xarici ölkələrə səfərlərdə iştirak edir. Bu səfərlər onun siyasi lider kimi püxtələşməsində önəmli rol oynayır.
1951-ci ildə müstəqil Hindistanda ilk azad seçkilər keçirilir. O, bu seçkilərdə həm atasına, həm də ayrı yaşamalarına baxmayaraq, əri Feroza yardım edir.
Feroz hökumətdəki korrupsiyaya qarşı mübarizəyə başlayır və sığorta şirkətlərindən birində bununla bağlı ciddi nöqsanları üzə çıxarır. Onun bu mübarizəsi İndiranın atasının qurduğu hökumətdə maliyyə naziri vəzifəsini tutan şəxsi vəzifəsindən istefa verməyə məcbur edir. Bu, İndira ilə Feroz arasında münasibətləri gərginləşdirir və sonda onlar boşanmalı olurlar.
Az sonra Feroz infarkt keçirərək yatağa düşür. Boşanmalarına baxmayaraq, İndira Kəşmirdə yaşayan keçmiş ərinin yanına gedərək bir müddət onun qayğısını çəkir. Ərinin ölümündən sonra isə bütün həyatını siyasətə həsr edir.
1959 və 1960-cı illərdə o, Milli Konqresin rəhbəri seçilir. Ancaq bunun atasının nüfuzuna xələl gətirdiyini və onun haqqında pis fikir formalaşdırdığını nəzərə alaraq, 1962-ci ildə keçirilən seçkilərdə iştirak etmir. 1964-cü ildə atası vəfat edir və bu vaxt o, baş nazir Şastrinin təklifini qəbul edərək informasiya və mətbuat naziri olur.
Bu zaman ölkənin cənubunda hind dilində danışmayan əyalətlərdə hind dilinin rəsmi dövlət dili kimi işlədilməsinə qarşı üsyanlar baş verir. Qandi bu səbəbdən də üsyan edən əyalətlərin ən iri şəhərlərindən olan Mədrəsə gedir və hökumət əleyhinə çıxışların yatırılmasına başçılıq edir. Bu onu daha da şöhrətləndirir.
Artıq onun hakimiyyət zirvəsinə gedən yolu açılmışdı.
Pakistan ordusu qapıda, İndira istirahətdə
1965-ci idə Hindistanla Pakistan arasında savaş baş verir. Həmin vaxt İndira Şrinaqar bölgəsində istirahətdə idi. Pakistan ordusunun bölgəyə hücuma başladığı bir vaxtda o, yaxınlarının Şrinaqarı tərk etmək təklifini rədd edir və bölgənin müdafiəsinin təşkilinə başlayır. Bununla da hücumun qarşısı alınır və Pakistan əsgərləri geri çəkilməyə məcbur olurlar.
Bu hadisə Qandinin əhali arasında hörmətinin daha da artmasına səbəb olur. İki ölkə arasında baş verən münaqişənin aradan qaldırılması üçün Daşkənddə aparılan danışıqlar zamanı Baş nazir Şastrinin ürəyi qəfil dayanır. Bundan sonra ölkə yenidən seçkilərə getmək məcburiyyətində qalır.
1966-cı ildə keçirilən parlament seçkilərində Qandi rəqibi Morarji Desaini qabaqlayaraq qələbə çalır. Bununla da o, ölkənin müstəqilliyi tarixində 4-cü və ilk qadın baş nazir olur.
Amma partiya daxilində Qandinin baş nazir seçilməsinə qısqanclıqla yanaşanlar da var idi. Ona görə də 1967-ci ildə o, dəstəyi kənarda axtarmağa başladı və yalnız sosialistlərin yardımı nəticəsində baş nazir kürsüsünü qoruyub saxlaya bildi. Qandi sosialistlərin verdiyi bu dəstəyə cavab olaraq, ölkədəki bir sıra bankları milliləşdirdi. Əslində bu milliləşdirmə həm də o dövrdə SSRİ-nin dəstəyini və yardımını almağa yönəlmişdi. Çünki İndira Qandi hiss edirdi ki, daxili qüvvələr Hindistanın yenidən Qərbin nəzarəti altına düşməsi üçün ona qarşı sui-qəsd də həyata keçirə bilərlər. Qandi isə ingilis müstəmləkəçiliyinin ağır nəticələrini çox görmüşdü, ona görə də özünün və ölkəsinin təhlükəsizliyini təmin etmək üçün Moskva ilə isti münasibətlər qurdu. Onu da deyək ki, həmin dövrdə SSRİ də Hindistanla yaxınlaşmaq üçün bəhanə axtarırdı. Belə ki, ötən əsrin 60-cı illərindən başlayaraq, SSRİ ilə Çin arasında münasibətlər kəskinləşmişdi. Moskva ilə Pekin arasında ziddiyyətlərin get-gedə kəskinləşməsi isə az qala iki ölkə arasında müharibəyə aparıb çıxaracaqdı. SSRİ-Çin sərhədində tez-tez baş verən toqquşmaların qabağı yalnız Moskvanın hərbi qüdrətini nümayiş etdirməsindən sonra alındı. Həmin dövrdə Çinlə Hindistan arasında da münasibətlər kəskinləşmişdi. Hindistan ərazilərinə iddia edən Çin hətta qəfil hücumla Hindistanın bəzi məntəqələrini işğal etmişdi. Belə bir vəziyyət isə Moskva ilə Dehlinin yaxınlaşmasında önəmli rol oynadı.
İndira Hindistanı nüvə dövlətinə çevirdi
Hindistanın sosializm blokuna doğru meyl etməsi və SSRİ-nin yardımı ilə ölkədə onlarla yeni müasir müəssisənin inşası Qərbin narazılığına səbəb olmuşdu. Ona görə də onlar Hindistanı tutduğu yoldan döndərmək qərarına gəldilər. Moskva isə Qərbin bölgədə sipərinə çevrilən Pakistana Hindistanın əli ilə dərs vermək istəyirdi. Beləliklə, SSRİ-nin Hindistanı, Qərbin isə Pakistanı bölgədə yeni qanlı müharibəyə təhrik etmələri öz "bəhrəsini" verdi. 1971-ci ildə Pakistanla Hindistan arasında müharibə başladı.
ABŞ Pakistana yardım etmək və Hindistanı qorxutmaq üçün özünün 7-ci hərbi dəniz donanmasını Qərbi Pakistanın sahil sularına (indiki Banqladeşə - red.), Benqal körfəzinə göndərdi. Buna cavab olaraq, Hindistanın simasında gələcək sosialist dövlətini görən Moskva Dehliyə külli miqdarda hərbi yardım etdi. SSRİ-dən alınan hərbi texnikanın yardımı ilə Hindistan bu müharibədə Pakistana ağır zərbələr endirərək onun bəzi ərazilərini ələ keçirdi. Bəzi qeyri-rəsmi məlumatlara görə, həmin dövrdə Hindistan ordusunun tərkibində SSRİ-dən göndərilən əsgərlər də iştirak edirdi. Çünki həmin dövrdə SSRİ-nin Hindistana verdiyi hərbi texnikanı idarə etməyə qadir texniki heyət yox idi.
SSRİ ilə yaxınlaşma Qandinin həyatında və Hindistanın gələcəyi baxımından xüsusi rol oynadı. Belə ki, Qandi diplomatik məharətini işə salaraq Hindistanın nüvə silahı əldə etməsinin Moskva üçün də önəmli ola biləcəyi barədə SSRİ rəhbərliyini inandıra bildi. Məhz SSRİ-dən aldığı hərbi texniki yardım 1974-cü ildə Hindistana yer altında "Gülümsəyən Budda" adlı nüvə bombasını sınaqdan çıxarmağa imkan verdi. Bu hadisə beynəlxalq aləmdə böyük sensasiyaya səbəb oldu. Nüvə silahını əldə etməklə Hindistan Pakistandan və başda ABŞ olmaqla, Qərb dövlətlərindən, həmçinin Çindən gələn təhlükəni birdəfəlik dəf etdi.
Siyasi cəhdlər
Nüvə silahını əldə etmək Hindistana həm də Pakistana təzyiq göstərərək onu Kəşmirdən əl çəkməyə və bu məqsədlə adıçəkilən ölkəni danışıqlar stolu arxasında oturmağa məcbur etməyə imkan verdi. Nüvə silahından dərhal şantaj məqsədi ilə istifadə etməyə başlayan İndira Qandi təhdidedici bir şəkildə Pakistanın Baş naziri Zülfüqar Əli Bhuttonu danışıqlar aparmaq və iki ölkə arasında davam edən mübahisəli ərazi məsələlərini aradan qaldırmaq üçün Simla şəhərinə dəvət etdi. Bhutto İndiranın bu təklifini rədd edə bilmədi. Çünki Pakistanın Hindistan tərəfindən nüvə hücumuna məruz qalacağından ehtiyat edirdi.
Şimalda iki ölkə arasında bir həftədən artıq davam edən danışıqlardan sonra Qandi və Bhutto Kəşmir probleminin yalnız dinc danışıqlar yolu ilə həll etmək barədə anlaşma imzaladılar. Bu, Qandiyə Pakistandan gələn təhlükəni aradan qaldırmağa imkan verdi. Anlaşma həm də iki ölkə arasında yeni bir səhifə açdı və bölgədə bir müddət sabitlik və sülh bərpa edildi.
Qandi həm də Hindistanın aclıqdan qurtarması üçün bütün cəhdlərini işə salaraq, SSRİ-dən aldığı yardımlarla kənd təsərrüfatını inkişaf etdirdi. Ərzaq təhlükəsizliyi proqramının uğurla həyata keçirilməsi Hindistanı idxalatçı ölkədən ixracatçı dövlətə çevirdi. Xalq arasında sevilməsi və qısa müddətdə Hindistanı nüvə ölkəsinə çevirməsi bu qadının beynəlxalq aləmdə də nüfuzunu xeyli artırdı. Artıq onunla beynəlxalq səviyyədə geridə qalmış, aclıq və yoxsulluq içərisində boğulan bir ölkənin dövlət başçısı kimi deyil, nüvə silahına malik qüdrətli bir ölkənin siyasi xadimi kimi davranırdılar.
İndira islahatları
Parlamentdə böyük səs çoxluğuna malik olan İndira ölkənin Konstitusiyasına dəyişikliklər etdi və daxili siyasətdə inqilabi islahatlara başladı. O, ölkənin federal subyektlərinə verilən müstəqillikləri məhdudlaşdırdı və onları mərkəzi hakimiyyətdən tam asılı vəziyyətə saldı. Qandi ölkə Konstitusiyasına milli azlıqların mübarizəsinin qarşısının sərt şəkildə alınmasını və bu zaman hərbi gücdən istifadə edilməsini nəzərdə tutan müddəalar əlavə etdirdi. Bununla da gələcəkdə ölkənin parçalanmasına imkan verə biləcək amillərin qarşısı alındı. Amma bu, ölkə daxilindəki müxalifət qüvvələrini hərəkətə gətirdi. Onlar Qandini avtoritar rejim qurmaqda, demokratiyadan geri çəkilməkdə günahlandırdılar. Bu qüvvələrə qarşı mübarizə isə İndiranı ölkədə həyata keçirilən iqtisadi və siyasi islahatları yarımçıq qoymağa məcbur etdi. Bu da öz növbəsində daxildə inflyasiyanın sürətlə artmasına, korrupsiyanın inkişafına və xalqın maddi vəziyyətinin ağırlaşmasına gətirib çıxardı. Bundan istifadə edən müxalifət xalq kütlələrini küçələrə çıxardı.
1973-cü ildən başlayaraq, Qandiyə qarşı xalq etirazları dayanmırdı. Belə bir vəziyyət Qandi üçün xoşagəlməz hadisələrə səbəb oldu. 1975-ci ilin iyun ayında Allahabadda Ali Məhkəmə son seçkilərdə korrupsiya hallarına yol verildiyini iddia edərək, Qandini deputat mandatından məhrum etdi. İndira məhkəmənin bu qərarına yenidən baxılmasını tələb etdi. Ancaq müxalifət onun istefa verməsini israrla tələb edirdi. Eyni zamanda Qandidən narazı kütlə onun Dehlidəki evini və parlamenti mühasirəyə alaraq hakimiyyətdən getməsini istəyirdi.
Bir anın içində hər şey İndira Qandinin əleyhinə çevrilmişdi. Bu vəziyyətlə barışa bilməyən və istefaya getmək istəməyən Qandi Prezident Fəxrəddin Əli Əhmədə təzyiq göstərərək onu ölkədə fövqəladə vəziyyət elan edilməsi barədə sərəncam imzalamağa məcbur etdi. Bunun ardınca müxalifətin öndə gələn bütün nümayəndələri, o cümlədən müstəqilliyin əldə edilməsində xüsusi rolu olan liderlər həbs edilərək həbsxanalara atıldılar. Eyni zamanda Qandi polisə etiraz aksiyalarını amansız şəkildə yatırmaq üçün geniş səlahiyyətlər verdi. Beləliklə, ölkədə diktatura rejimi quruldu. Bu diktaturaya rəhbərlik edən isə dünənə kimi demokratiya donuna bürünən və buna görə də milyonlarla hindistanlının rəğbətini qazanan İndira Qandi idi.
Yanız bundan sonra Qandi yeni seçkilərin keçirilməsinə razılıq verdi. Çünki artıq müxalifət aradan qaldırılmışdı və Qandinin bu seçkilərdə qələbə çalmasına mane ola biləcək qüvvə yox idi.
Seçkilər 1977-ci ildə keçirildi. Lakin seçkilərdə iştirak edən xalq "Artıq yetər, söz millətindir!" şüarını irəli sürərək müxalifətdə olan Canata Partiyasına səs verdi. Beləliklə, hakimiyyətə Desainin rəhbərlik etdiyi Canata Partiyası gəldi.
İndira seçkilərdə məğlub olsa da ruhdan düşmədi. Hakimiyyətə gələn qüvvələrin xalqın etimadını doğrulda bilməmələri Qandinin xeyrinə işləyən amilə çevrildi. 1979-ci ildə keçirilən seçkilərdə Qandi yenidən qələbə çaldı. Hakimiyyətə qayıdan Qandi bu dəfə Pəncab əyalətində yaşayan əhalinin əksəriyyətini təşkil edən siqhlərin mərkəzdən ayrılma cəhdlərinin qarşısını almalı oldu. Siqhlər 1981-ci ildə bölgədəki Qızıl məbədini ələ keçirərək əyalətə nəzarətə sahibləndilər. Bunu görən Qandi ordunu Pəncab üzərinə yeridərək bölgədəki xalq hərəkatını qan içində boğdurdu. Siqh lideri Jarnail Sinqh ordu tərəfindən öldürüldü. "Mavi Ulduz" əməliyyatı adı verilən xüsusi planın yerinə yetirilməsi zamanı 492 pəncablı öldürüldü. Bu döyüşlərdə eyni zamanda 72 əsgər də həlak oldu.
Pəncabda həyata keçirilən qanlı əməliyyatlar dünyada Qandini nüfuzdan saldı. Bu əməliyyatlar zamanı Qandiyə nifrət edənlər arasında onun iki mühafizəçisi - əslən Pəncabdan olan Satvant Sinqh və Beant Sinqh də vardı.
Qətli
1984-cü ilin oktyabr ayının 31-i idi. İndira Dehlidəki Safdarjunq küçəsindəki baş nazirliyin binasında İngiltərədən onunla müsahibə götürməyə gələn dramaturq, aktyor və telejurnalist Peter Ustinovu qarşılamağa hazırlaşırdı. Ustinov Satvant və Beant Sinqhlər tərəfindən mühafizə edilən qapıdan keçərək içəri daxil oldu. Qandi qonağı qarşılamaq üçün ayağa qalxdı. Bu zaman hər iki mühafizəçi silahlarını Qandiyə çevirərək ona atəş açdılar. Nəticədə, Qandi 33 güllə yarası alaraq yerindəcə can verdi.
Qandinin cənazəsi noyabrın 3-də Mahatma Qandinin xatirəsinə ucaldılan Raj Qal abidəsi önündə yandırıldı. Bunun ardınca Pəncab əyalətinə hücum edən hindlilər 20 mindən artıq yerli sakini qətlə yetirdilər, onların məbədlərini isə yandırdılar. Baş verən hadisələrlə əlaqədar hökumətin hər hansı bir iş görməməsi ilə bağlı suala cavabında Qandinin oğlu belə cavab vermişdi: "Böyük ağac yıxılanda yer titrəməyə məcburdur..."