Alimlər anaların körpələri ilə niyə qəribə danışdıqlarını öyrəniblər
11-06-2025, 15:44

Valideynlər körpələrlə danışarkən saitləri həqiqətən də vurğulayırlar – beynəlxalq araşdırma bunu təsdiqlədi
Böyüklərin körpələrlə danışarkən istifadə etdiyi xüsusi danışıq tərzi – yəni “uşaq danışığı” – uzun müddətdir ki, alimlərin diqqət mərkəzindədir. Bu tərzdə valideynlərin sait səsləri, xüsusilə “a”, “i” və “u” kimi səsləri daha aydın və vurğulu tələffüz edib-etmədiyi müzakirə mövzusu olub.
Tokio, Amsterdam, Paris və Orhus universitetlərindən olan tədqiqatçıların apardığı genişmiqyaslı araşdırma bu sualın cavabını bəli olaraq təsdiqləyib.
32gun.az bildirir ki, araşdırmanın nəticələri “Psychological Bulletin” jurnalında dərc edilib.
Alimlər 20 böyük elmi araşdırmanın məlumatlarını təhlil edib, əlavə olaraq 35 müxtəlif yanaşmalı tədqiqatı da nəzərdən keçiriblər. Nəticədə məlum olub ki, valideynlər, azı 10 dildə, körpələrlə danışarkən sait səsləri daha çox ön plana çıxarırlar – bu da uşaqların sözləri tanımasını və öyrənməsini asanlaşdırır.
Bununla belə, tədqiqat müəllifləri diqqətə çatdırırlar ki, metodoloji fərqlər, kiçik nümunə qrupları və istifadə olunan ölçmə sistemləri nəticələrin dəqiqliyinə təsir edə bilər. Ona görə də bu mövzuda daha geniş və kompleks tədqiqatlara ehtiyac var.
Aparıcı müəllif, Tokio Universitetindən İrena Lovçeviç bildirib:
“Tədqiqatçılara metodikaya diqqətlə yanaşmağı və müxtəlif dillər ilə mədəniyyətlərin xüsusiyyətlərini nəzərə almağı tövsiyə edirik. Uşaqların danışmağı necə öyrəndiyini anlamaq üçün daha çox və genişmiqyaslı araşdırmalara ehtiyac var.”
Tədqiqat qrupu növbəti mərhələdə uşaqların gündəlik eşitdikləri söz sayı və valideynlərlə qarşılıqlı ünsiyyətin dil bacarıqlarına təsirini öyrənməyi planlaşdırır.