İsa Qəmbərlə şəkil çəkdirmək istəyənlər varsa: 1500-2000 manatından keçməlidi -Video

5-06-2015, 19:07           
İsa Qəmbərlə şəkil çəkdirmək istəyənlər varsa: 1500-2000 manatından keçməlidi -Video
Müsavat Partiyasına qarşı kifayət qədər ciddi ittiham səslənib. İttihamı səsləndirən isə partiya başqanı İsa Qəmbərlə şəkil çəkdirib, sonra mühacirətə rahatlıqla getməyi bacardığını idda edən həmyerlimizdir.

ANS TV-nin məlumatına görə, başı səs-küylü istefalardan açılmayan Müsavat Partiyasına qarşı yeni və kifayət qədər ciddi ittihamlar irəli sürülüb.

Müsavat başqanı Arif Hacılı, mərkəzi icra aparatının rəhbəri Gülağa Aslanlının adı mühacirət biznesində hallanır. İddiaya görə partiya rəhbərləri pul müqabilində ayrı-ayrı şəxslərə vəsiqə paylamaqla onların xaricdə sığınacaq almasına şərait yaradır.

Belə şəxslərdən biri - Belçikada mühacirət həyatı yaşayan Müsavat üzvü Elnur Mirzəyev mətbuata açıqlayıb ki, partiyaya üzv olmaq üçün 1800 manat pul verib. O, partiyadan əlavə iki arayış alıb ki, dediyinə görə, onların hər birinə görə 300 manat ödəyib:

“Bu hadisə 2011-ci ildə olub. Amma vəsiqəni köhnə tarixlə - 2008-ci ilə verdilər ki, inandırıcı olsun. Özləri də mənə dedilər ki, 2011-ci ilin noyabr ayındakı mitinqlərdə iştirak elə, şəkillərin olsun. O halda mühacirət statusu almağın daha asan olacaq”.

Daha bir mühacirət həyatı yaşayan Müsavatçı Elbəyi Həsənli isə Müsavat Partiyasında mühacirət biznesi ilə bağlı konkret faktlar göstərib. Elbəyi “Facebook” profilində yazıb ki, konkret adlar çəkib ki, onlar pulla aldıqları Müsavatçı sənədləri ilə Avropaya mühacirət ediblər və hazırda özləri də bu dırnaqarası bizneslə məşğuldurlar:

“6 aya 483 arayış satılıb və hər bir arayışın orta qiyməti min manatdır. Onda söhbət yarım milyon manatdan gedir. Mühacirətə getmək istəyən vətəndaşlara bildirilir ki, sadə arayış 800 - 1000 manat civarındadır. Lakin İsa Qəmbərlə kabinetdə şəkil çəkdirmək istəyənlər varsa, onlara fərqli qiymət oxunur. 1500-2000 manat”.

İttihamda adı hallanan Gülağa Aslanlı “Yeni Müsavat”a açıqlamasında deyilənləri böhtan adlandırıb. Mərkəzi aparat rəhbəri söyləyib ki, Belçika Miqrasiya İdarəsindən "Müsavat"a ünvanlanan müraciətdə Elnur Mirzəyevin saxtakarlığı bütün detalları ilə sübut olunub:

“Heç kimin 700 manatına qalan kişi deyiləm. Belə şərlə məşğul olmaqdansa, özünə başqa peşə tapsın. Mən faktları ortaya qoymuşam. İmzam, möhür, blank uyğun gəlirmi? Yox. Fakt budur”.

Bu qalmaqaldan sonra bəzi partiya üzvləri Müsavat rəhbərliyini istefaya çağırıblar.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.