Badamdar Hotel"in baş xəzinadarı "vergül"lə pul mənimsədi - Sevgilisinə xərclədi
Dünən, 00:02

Bakıda yerləşən "Badamdar Hotel & Residences" otelinin baş xəzinadarı vəzifəsində çalışmış Dünyamalı Qarayev vergüldən sui-istifadə etməklə külli miqdarda vəsaiti mənimsəyib.
Qaynarinfo-nun məlumatına görə, "PMD Hospitality" şirkətlər qrupuna məxsus "Badamdar Estates" MMC-nin tabeliyində fəaliyyət göstərən "Badamdar Hotel & Residences" otelindən ümumilikdə 163.259,46 manat pul mənimsənilib.
Araşdırmalar nəticəsində məlum olub ki, vəsaitin mənimsənilməsi otelin baş xəzinadarı Dünyamalı Qarayev tərəfindən həyata keçirilib. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
İttihama görə, Qarayev kassaya daxil olan sənədləri rəsmi qeydiyyata aldıqdan sonra məbləğlərə vergül əlavə etməklə sənədləri dəyişib. Məsələn, 4000 manat məbləğli mədaxil qəbzində vergül əlavə edərək məbləği 400,0 manat kimi göstərib, qalan 3600 manatı mənimsəyib. Bu üsulla ümumilikdə 163.259,46 manat vəsaiti ələ keçirib.
İlkin istintaq zamanı Dünyamalı Qarayev mənimsədiyi pulu M.C. adlı sevgilisinə xərclədiyini bildirib. Aylıq maaşı 750 manat olan Qarayev sevgilisinə "Flowers World" gül dükanından 1000 ədəd qızılgül də alıb.
Məhkəmədə özünü təqsirkar hesab etməsə də, hakim onun günahını sübuta yetirilmiş sayaraq 8 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.