İli təzə Çin avtomobilləri alaq, ya ” Mersedes -1998″ sürək?

Bu gün, 11:37           
İli təzə Çin avtomobilləri alaq, ya ” Mersedes -1998″ sürək?
Hazırda qiyməti ucuz, ili təzə Çin avtomobilləri sürənlər də var, ənənəvi qaydalardan imtina etməyib ili köhnə Mersedeslərə üstünlük verənlər də.

Maraqlıdır bu barədə mütəxəsislər nə düşünür, istifadəçi olaraq hansına üstünlük vermək daha yaxşı olar?

Mövzu ilə bağlı Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyev bildirib ki, artıq köhnə maşınların dönəmi gedib.

O qeyd edib ki, biz təzə maşınlar almalıyıq.

“Ölkədə avtoparkın yenilənməsi istiqamətində dövlətimiz ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinə güzəştlər tətbiq edib ki, artıq bir neçə ildir ki, bu güzəştlər həyata keçirilir və vətəndaşlar bundan istifadə edir. Yaxşı olar ki, yeni maşın alaq və sürək. Ucuz olsun amma təzə maşın olsun. Təzə maşın olmağı insanı vaxt itkisindən, əlavə xərclərdən, əsəbdən qoruyur. Ən vacibi də ki, təhlükəsizlik məsələsidir”.

Eyyub Əliyevin sözlərinə görə, yollarda təhlükəsizliyin təmin edilməsi üçün yeni avtomobil daha üstündür.

“Biz daha innovativ avtomobillər istəyirik. Gəlin bir az fərqli düşünək, fərqli baxaq. Yeni avtomobil olsun ki, həm ekoloji cəhətdən təmiz olsun. Həm avtoparkımız həm də şəhərimiz daha gözəl görünsün. Eyni zamanda öz kanfortumuz, təhlükəsizliyimiz naminə maksimum yeni maşın alaq. Yaxşı olardı ki, daxili yanma mühərrikli yeni avtomobillərdə də ilkin ödəniş az olsa, 20-25% olsa, bunun özü də insanları yeni avtomobil almasına təşviq edər”,- deyə o əlavə edib.

Avtomobil mütəxəssisi Marat Namazov isə mövzu ilə bağlı bildirib ki, 35 ilin avtomobilindənsə ili təzə Çin avtomobilləri almaq daha məsləhətlidir.

“Bu avtomobillər ən azından rəsmi distribyutorlar tərəfindən 3 il, 5 il, bəzən də 6 il zəmanətlə verilir. Ən azından siz bilirsiniz ki, bu avtomobillərdə hər hansısa ciddi texniki nasazlıq, zavod və ya istehsal qüsuru olarsa, rəsmi servis tərəfindən təmiriniz qarşılanır.

Təmir baxımdan isə köhnə avtomobilləri təmir etmək daha asandır. Bu, ustaların praktikasına bağlıdır. Amma hal-hazırda Çin avtomobillərinin ehtiyat hissələrinin bir çoxunu tapmaq daha asandır, nəinki keçmiş 30-35 ilin avtomobillərinin. Artıq köhnə avtomobillərdə hissələr çətin tapılır”,- deyə o vurğulayıb.

Marat Novruzovun sözlərinə görə, burada bir nüans var:

“Çin avtomobillərini seçərkən diqqətli olmaq lazımdır. Gərək çalışasınız ki, Azərbaycanda rəsmi distribyutoru olan Çin avtomobillərini alasınız. Digər tərəfdən, Çinin eksport üçün istehsal etdiyi modellər alınmalıdır. Çünki Çinin daxili bazar üçün istehsal etdiyi avtomobillərdə, xüsusilə elektromobillərdə yenilənmələr getmir – Çin hökuməti tərəfindən bloklanır. Bu modellər eksporta aid olmadığı üçün, onların menyu dili də yalnız Çin dilində olur və bu, bizim üçün yad olduğundan həm sürücülər, həm də ustalar əziyyət çəkirlər”.

Mütəxəsis qeyd edib ki, Çin avtomobil markaları durmadan artır və Azərbaycanda təxminən 40-50-yə yaxın Çin markası var.

“Bunların bir çoxu hələ inkişaf mərhələsindədir və bəziləri artıq Azərbaycana gəlmir. Bu da o deməkdir ki, həmin markaların ehtiyat hissələri tapılmayacaq.

Ona görə də insanlar araşdırma aparsınlar, tanınmış və uzun illər istehsal təcrübəsi olan Çin markalarına üstünlük versinlər. Əgər iki avtomobil arasında qalıblarsa, araşdırmalardan sonra Çin avtomobili almağı düşünsünlər.

Ümumiyyətlə, avtomobil alarkən bütün texniki parametrlərə fikir versinlər, nə istədiklərini dəqiq müəyyən etsinlər və bu istəklərinə uyğun avtomobil axtarsınlar. Amma bu vacib nüansları nəzərdən qaçırmasınlar, çünki nadir Çin markalarından istifadə edən sürücülər ehtiyat hissələri ilə bağlı çətinlik yaşayır.

Bir çox markaların artıq yeni modelləri istehsal olunmur, bu səbəbdən onların bazar dəyəri də aşağı düşür”,- deyə Marat Novruzov fikirlərini tamamlayıb./trend.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.