Alim pişik yeni virus kəşf etdi
Bu gün, 15:04

2023-ci ildə ilk "virusoloji tapıntısı" ilə artıq elmi dairələrdə məşhurlaşan Pepper adlı pişik yenidən dünya elmi ictimaiyyətinin diqqət mərkəzinə düşüb. Onun son ov qəniməti - Everqleyds qoruğundan olan ölü qısaquyruq yereşən alimlərə potensial olaraq insan üçün təhlükəli olan və əvvəllər məlum olmayan ortoreovirusun ştamını müəyyən etmələrinə imkan verib.
Tədqiqatın nəticələri nüfuzlu elmi nəşr olan "Microbiology Resource Announcements" (MRA) jurnalında dərc edilib.
Florida Universitetinin viroloqu və Pepperin sahibi olan professor Con Ledniki pişiyin gətirdiyi cəsədi zoonoz infeksiyaların (növlərarası maneəni aşa bilən virusların) öyrənilməsi üzrə elmi proqramı çərçivəsində tədqiq edib. Yereşənin toxumalarının analizi gözlənilməz kəşfə gətirib çıxarıb: alimlər "Gainesville shrew mammalian orthoreovirus type 3 strain UF-1" rəsmi adını alan yeni virus aşkar ediblər.
"Bu, ev heyvanının elmə real töhfə verdiyi heyrətamiz bir haldır. Pepper artıq ikinci dəfədir ki, bizə naməlum patogeni aşkar etməyə kömək edir", - deyə professor Ledniki elmi jurnala müsahibəsində bildirib.
Hərçənd aşkar edilmiş virus hələlik epidemioloqlarda ciddi narahatlıq doğurmur, mütəxəssislər bu cür tapıntıların diqqətlə monitorinqinin vacibliyini vurğulayırlar.
Tarix ortoreovirusların uşaqlarda meningit, ensefalit və mədə-bağırsaq sisteminin ciddi pozuntuları da daxil olmaqla ağır xəstəliklərə səbəb olduğu nümunələri tanıyır. Uzun müddət bu viruslar insan üçün nisbətən təhlükəsiz hesab edilirdi, lakin müasir tədqiqatlar bu fikrə yenidən baxmağa məcbur edir.
"Xüsusi narahatlıq doğuran ortoreovirusların genetik rekombinasiyaya qabiliyyətidir. Bir hüceyrəyə düşdükdə, müxtəlif ştamlar qrip virusunun mutasiyalarına bənzər mexanizm üzrə genetik material mübadiləsi edə bilər, bu da gözlənilməz xüsusiyyətlərə malik tamamilə yeni variantlar yaradır. Bu, onların epidemik potensialını əhəmiyyətli dərəcədə artırır", - deyə professor Ledniki izah edir.
Yaxın zamanlarda tədqiqatçılar yeni virusun insanlar və heyvanlar üçün potensial təhlükəsini müəyyən etmək üçün əlavə eksperimentlər aparmağı planlaşdırırlar. Onlar həmçinin virusun Everqleyds yereşənlərinin populyasiyasında yayılma dərəcəsini öyrənmək niyyətindədirlər.
Pepperin özünə gəlincə, dördayaqlı "elmi əməkdaş" özünü əla hiss edir və sahibinin sözlərinə görə, alimlərin sevincinə və yerli kiçik gəmiricilərin müəyyən narahatlığına səbəb olan bioloji nümunələrin toplanması üzrə "çöl işini" davam etdirir.