Havadan toplanan nemət: Qədim müdriklik müasir tətbiqdə
Bu gün, 09:24

Azərbaycanda su qıtlığına cavab: daşdan su çıxarmaq vaxtıdır?
Azərbaycanda mütəmadi olaraq beynəlxalq forumlar keçirilir, ölkəni yüzlərlə, bəzən minlərlə qonaq və turist ziyarət edir. Onlar Çin, Avropa və ərəb mənşəli müasir “yaşıl” elektrik stACansiyalarına heyranlıqla baxırlar. Bu qurğular texnoloji cəhətdən inkişaf edib, effektlidir. Amma... Niyə dünyanı xarici layihələr əsasında yox, min illərin sınağından keçmiş texnologiyalar əsasında tikilən qurğularımızla heyrətləndirməyək?
Bu sistemlər mədəniyyətin bir hissəsi olmaqdan əlavə, su problemini həll etmək üçün çoxdan tətbiq edilməlidir. Bu, bizim fərqliliyimiz ola bilər: qədim biliklərin müasir kontekstdə istifadəsi. Davamlı, ağıllı və özünəməxsus şəkildə dahiyanə...
Su – qorunmayan qızıl
Azərbaycan hər zaman suyun dəyərini bilib. Su – şəffaf və seyfdə saxlanılmayan qızıldır. Vaxtilə susuzluqdan yalnız aran rayonları şikayətlənərdi. İndi isə dağlardan da narahatedici xəbərlər gəlir: “Su azalıb...”
Günahkar kimdir? Təbii ki, əhalidən şübhələnməyə başlayırlar. Biz israfçılıqda ittiham olunuruq. Etiraf edək, tam əsassız da deyil. Amma suya qənaət etmək – bu, sanki paxlava yeyib kökəlməməyə çalışmaq kimidir. Nəzəri cəhətdən mümkündür, praktikada isə heç də həmişə alınmır.
Statistikaya baxsaq, maraqlı detal üzə çıxır: bütün şirin su ehtiyatlarının cəmi 10%-i məişət tələbatına sərf olunur. Sənaye – təxminən 20%-ni istehlak edir. Qalan 70% kənd təsərrüfatına gedir – milyonlarla kubmetr su isə bir fincan çay deyil.
Ölkəni su ilə təmin etməyin beş yolu
Alimlər su çatışmazlığı ilə necə mübarizə aparmaq üzərində çoxdan baş sındırır. Ciddi həll yolu beşdir – barmaqlar sayı qədər:
Qapalı dövriyyəli sənaye. Kağız üzərində gözəl səslənir, amma praktiki tətbiqi ləng gedir. Onu hələ SSRİ dövründən həyata keçirməyi planlaşdırırdılar...
Suyun duzsuzlaşdırılması. Real texnologiyadır, lakin baha başa gəlir. Bu üsuldan sonra nə büdcə, nə də cib əvvəlki kimi qala bilmir. Üstəlik, Xəzər də quruyur.
Su tələb edən bitkilərdən imtina. Kəndliyə “düyü dövrü bitdi. İndi darı, kəklikotu və noxud ək” demək çətindir. Alimlər qurumuş arxlara və hava proqnozuna baxaraq bunu təklif edir. Amma darıya görə subsidiyası ala bilməyən fermer bunu eşitmək də istəmir!
Yeni mənbələrin axtarışı. Demək olar, bütün mənbələr artıq tapılıb. Qalır ya qarabasmalar, ya da boş xəritələr.
Məişətdə qənaət. Su sayğacları sağ olsun – insanlar artıq çoxdan dişlərini fırçalayan zaman kranı bağlamağı öyrəniblər. Qab yumaq isə artıq demək olar ki, fədakarlıq aktına çevrilir.
Bəs… suyu havadan toplasaq?
Fantastika kimi səslənir? Amma bu, reallıqdır. Atmosferdə dünyadakı bütün çay və göllərlə müqayisə ediləcək qədər su var. Sadəcə, ora kimsə vedrə salmır. Və bu – səhvdir.
Əcdadlarımız bunu bacarırdı. Onlar təpələrdə çay daşlarından qüllələr tikirdilər. Daşlar gecə soyuyur, gündüz isinirdi və onların səthində rütubət toplanırdı. Nasosa, boruya ehtiyac yox idi, amma nəticə var idi. Ən sadə qurğu gündə onlarla litr təmiz, qatqısız, süzgəcsiz su verirdi.
İki yanaşma – bir məqsəd
Havadan su toplamaq – XXI əsrin ixtirası deyil. Bu, qədim müşahidə və təcrübəylə gələn ideyadır. Amma bu gün biz onu müasir texnologiyanın köməyilə gücləndirə bilərik.
Təsəvvür edin: eyni daş qüllə. Amma içərisində izolyasiyalı metal çən və ya köhnə soyuducu var. Daşlar temperatur fərqi yaradır, daxili kamera isə kondensatı toplayır. Enerji günəş paneli və ya külək turbinindən alınır. Bizdə də bunlardan kifayət qədər var.
Nəticə – gündə bir tona qədər su. Bu artıq bulaq deyil, kiçik zavoddur. Qazmadan, borular işlətmədən və milyardlar xərcləmədən. Sadədir – amma işləyir. Belə qurğular artıq bir neçə ölkədə kəndləri xilas edir:
Warka Water (Efiopiya) – yüngül materiallardan tikilmiş qüllələr kəndləri içməli su ilə təmin edir.
Source Global (Hydropanel) – günəş enerjisi ilə havadan su kondensasiya edən panellər (BƏƏ, Meksika, Hindistan).
CloudFisher (Mərakeş) – dumanı toplayan torlar məktəblərə və evlərə su verir.
Onlara amerikalı alimlər də qoşulub: MIT professoru Evelin N. Vanqın komandası MOF texnologiyası əsasında cihaz yaradıb. Gecə havadan rütubəti toplayır, gündüz isə tam şəkildə günəş enerjisi ilə işləyərək içməli suya çevirir. Bu, artıq prototip deyil, geniş tətbiqə hazır texnologiyadır.
İndi isə bizim üstünlüyümüz – daşlarımız var
İsmayıllı, Qəbələ, Şəki, Qaxdan keçmisiniz? Orada hər çay yatağı təkcə çınqılla deyil, iri daş bloklarla da doludur. Təbiət bizə tikinti materiallarını özü verib. Tikmək istəyirsən - al, tik, istifadə et. Tamamilə pulsuz. Yetər ki, istək olsun. Və bir az da tənbəlliyi azalt.
Unudulmuşu xatırlamaq da innovasiyadır
Kəhrizləri xatırlayın – yeraltı su toplanması və daşıması uşun qədim sistemlər. Mühərriksiz, amma dahi məntiqlə. Onlar qədim İpək yolu üzərindəki kəndləri və karvanları su ilə təmin etmək üçün temperatur fərqi, təbii kapilyarlar və hava axınlarından istifadə edirdilər. Əsl “ağıllı texnologiya” məhz udur – sadəcə Wi-Fi yoxdur.
Nəticə: bəhanələr etməyək, su əldə edək
Bizdə susuzluqdan əziyyət çəkməmək üçün hər şey var: külək, günəş, daşlar, ənənələr, bilik və texnologiya. Bir şey çatışmır – özümüzü toplayaraq işə başlamaq.
İlk addımı kim atmalıdır? Pilot layihələrlə dövlət? Qrant və maarifləndirmə ilə QHT-lər? Yoxsa göyə baxmaqdan yorulmuş fermerlər?
Ən azından balacadan başlaya bilərik. Məsələn, kondisionerin altına vedrə qoyun. Bu da rütubət toplamaq üsuludur.
Kim bilir – bəlkə oradan daş qülləyə gedən yol başlayacaq. Arzularla yaşamaq yox, fəaliyyət göstərmək vaxtıdır. Bəzən gələcəyə doğru addım ata bilmək üçün keçmişin daşına doğru əyilmək kifayətdir.
Dr Fuad Rəsulov