Kazino biznesi – miflər və reallq.
Bu gün, 09:07

Kazino, mərc olyunları, əyləncə məkanları həmişə insan övladının diqqətini, marağını çəkən sahələr olub. Yəqin ki, mağarada yaşayan “homo sapiens” da mamontun ətindən, ceyranın buynuzundan, pələngin dişindən mərc gəlib nəsə ediblər.
Müasir dünyada kazino biznesi böyük, yüzmilyardlarla dollar dolaşan iqtisadi sahədir, bu sahəni doğru tənzimləyib, düzgün qursan, istənilən ölkəyə böyük qazanc gətirə bilər.
Gürcüstan örnəyini araşdırsaq, maraqlı məqamlar ortaya çıxır – bu ölkədə kazinolar çoxdan leqallaşıb, amma bu sahənin inkişafı 2000-ci illərin ortalarından start götürdü.
Bu gün Gürcüstanda 230 şirkətin kazino lisenziyası var, bu sahədə 11 min işçi çalışır, yay mövsümündə bir neçə aylıq əlavə 5-7 min arası işçi götürürlər.
Kazinoların dövlət büdcəsinə ümumi vergi daxilolmaları 2022-ci ildə 739 mln. ları olub (465 mln. manat), sonra hər il 2-3% civarında artıb, indi müxtəlif ödənişlər (vergi, lisenziya və s.) şəklində büdcə 1 mlrd. lariyə yaxın vəsait daxil olur. Gürcüstanda kazinoların vergisi uzun illər 10% idi, son 2 ildə 15%-ə qaldırıblar ki, bu da çox aşağı vergi sayılır. Vergilər aşağı, rəqabət güclü olduğu üçün Gürcüstanda kazino sahəsi inkişaf edir. Amma, inkişafa başqa məsələlər də təsir edir – bunlardan ən əsası azadlıqların geniş olmasıdır. Açığını deyək ki, harda kazino varsa, orada fahişəxanalar, gecə klubları, əyləncə məkanları olur və hüquq-mühafizə orqanları bu məkanlara ciddi basqı qurmur, bəzən hətta göz yumurlar ki, müştəri özünü rahat hiss etsin.
Azərbaycanda da kazino açılacaq, əvvəlcədən onu deyim ki, illərdir publik çıxışlarımda kazino qadağasının məntiqsiz olduğunu, bu sahəyə marağı olanların zatən öz maraqlarını reallaşdıra biləcəyini yazmışam, demişəm. Mən, ümumiyyətlə, iqtisadiyyatda tam liberal olduğum üçün qadağaların, aşırı tənzimləmələrin qəti əlehinəyən, aşağı vergi-gömrük siyasətinin doğru, insanlarımızın bacarıqlı olduğuna inanıram, hökumət mane olmasa, bu xalq özünü də, dövlətini də dolandıracağına əminəm. Zatəm millət olaraq biz hökumətdən kömək deyil də, mane olmamaqlarını istəyirik.
Amma, kazino sahəsi inhisarda olacaqsa, yəni, Gürcüstandakı kimi 230 şirkətin bu sahədə çalışacağı mümkün deyilsə, deməli, işçi sayı və büdcə gəlirləri də Gürcüstandan qat-qat aşağı olacaq. Bundan başqa, Gürcüstana (və ya digər kazino olan ölkələrə) gedən azərbaycanlılar, vətəndaşlarımız öz ölkəmizdə kazinoya ancaq maraq üçün 1-2 dəfə gedə bilər, daimi gedib “radara” düşmək istəməz, bunu etməz. Çünki, Gürcüstana kazinoya gedənlərin bir çoxu məmur tayfasıdır, onlar bizdəki kazinoya getməzlər. Bizdə hüquq-mühafizə orqanları kazino ətrafında əyləncələrə “yumşaq” baxacaqmı? Bu sual da maraqlıdır.
Bir sözlə, kazino biznesinin lehinəyəm, olmalıdır, qadağalarla bu sahədən kimisə soyutmaq olmaz, mümkün deyil, amma, Azərbaycasayağı kazino biznesinin böyük gəlirlər gətirəcəyinə, büdcəyə tövhə verəcəyinə, yeni çox sayda iş yeri yaradacağına, turizm axınının kəskin artmasına kömək edəcəyinə, özü də quru sərhədlərin bağlı olduğu bir ölkədə, o qədər də inanmıram.
Təki yanılım, hətta, yanılmaq istəyirəm də...
Natig Cəfərli
TEREF