Stalin azərbaycanlılardan niyə QORXURDU? - Putinin türk xofu və Moskvaya “ÖLÜMCÜL ZƏRBƏ”
27-04-2017, 10:07
Nursutan Nazarbayevin Qazaxıstanda latın əlifbasına keçid haqda sərəncamı “Astana Moskvanın orbitindən qaçır” sualını gündəmə gətirdi. Qazaxıstan bu gün Rusiya ilə birgə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, həmçinin, Avrasiya İqtisadi İttifaqının aparıcı ölkəsidir. Nazarbayevin müstəqil siyasətə meyli bu ölkənin ruslardan asılı olmadığını göstərir. Lakin bu da faktdır ki, Qazaxıstan Rusiyanın əlinin altında olmasa da, yanında dayanır. Və belə bir ölkənin itirilməsi Moskva üçün “ölümcül zərbə” deməkdir.
Qazaxıstanın geri dönüşü
Nazarbayevin inqilabı addımı Moskvada sakit qarşılandı, lakin həqiqətənmi ruslar bundan narahat deyil? Qazaxıstanda latın əlifbasına tamamilə keçid 2025-ci ildə tamamlanacaq. Bəlkə də Moskva hələ vaxtının olduğunu düşünür. Lakin bütün hallarda bu, qazaxların Rusiyadan mədəni qopmasının əsası ola bilər. Axı latın əlifbasına keçid Qazaxıstanın tarixi köklərinə qayıdışı və türk dünyası ilə mədəni yaxınlığı deməkdir. Əgər bir milləti köklərindən ayırmaq istəyirsənsə, onun dilini, əlifbasını əlindən almalısan. Tarix bunu sübut edib. Hələ ötən əsrin 30-cu illərində Stalinin göstərişi ilə “qırmızı imperiya”nın hüdudsuz sərhədləri daxilində yaşayan müsəlmanların – türklərin əlifbası dəyişdirildi və latın əlifbasından kiril əlifbasına keçid edildi. Bunun əksinə olaraq, ermənilər və gürcülərin əlifbası olduğu kimi saxlanıldı. Məqsəd hər şeydən öncə türklərin tarixi köklərindən uzaqlaşmasını təmin etmək və türk dünyası, o cümlədən İslam aləmi ilə bağlantılarını kəsmək idi. Misal üçün, ötən əsrin 30-cu illərində Türkiyə Cümhuriyyətində Atatürkün göstərişi ilə latın əlifbasına keçid qəbul edildi. Tarixçilər bunun hər şeydən öncə imperiya müstəmləkəsində olan Azərbaycanla mədəni əlaqələrin saxlanılması gedişi olduğunu deyirlər. Bundan dərhal sonra Stalinin göstərişi ilə Azərbaycanda kiril əlifbasına keçid baş verdi. SSRİ dağılandan sonra Azərbaycan latın əlifbasına qayıtdı, lakin Qazaxıstanda bu, baş vermədi. Görünür, müstəqillik əldə edən qazaxlar bu inqilabi hadisəni görmək üçün 25 il gözləməli imişlər. 25 il sonra Qazaxıstanın latın əlifbasına keçidlə Rusiyanın mədəni orbitindən ayrılaraq, türk dünyası ilə daha sıx yaxınlaşmağın əsasını qoyduğunu deyə bilərik.
Publika.az xəbər verir ki, qazaxıstanlı politoloq Ruslan Aysin Nazarbayevin əlifba gedişini Rusiya mediasına şərh edib.
Türk dünyasının sütunu və “təhqir olunmuş” ruslar
Ruslan Aysin hesab edir ki, həmişə postsovet məkanını öz ideoloji və siyasi təsir zonası olaraq görən Kremlin təsir amillərindən biri məhz əlifbadır: “Qazaxıstan Belarus və Qırğızıstanla birgə Rusiyanın aparıcı rol oynadığı Avrasiya İqtisadi İttifaqına üzvdür. Moskva bu təşkilata öz şəxsi resursu kimi baxır. Qırğızıstan və Belarus latın əlifbasına keçmədi, hərçənd bu haqda müzakirələr gedir. Qazaxıstan isə latın əlifbasına keçidi qəbul etdi. Böyük türk dünyası çoxdan latın əlifbasından istifadə edir. Qazaxıstan da özünə türk dünyasının sütunlarından biri kimi baxır, kiril əlifbası isə bu işdə ideoloji ziddiyyət yaradır. Moskva Qazaxıstanın bu keçidini ağrılı qəbul etdi və bunu maraqlara xəyanət saydı. Lakin Astana hesab edir ki, bu, onun öz daxili işidir. Moskva isə bunu təhqir kimi qəbul edir. Çünki Kreml elitasının müəyyən hissəsi Şimali Qazaxıstanı Rusiyanın bir hissəsi kimi qəbul edir”.
İmperiya düşüncəsi
Qeyd edək ki, bir müddət öncə mediada Çeçenistanın ərəb əlifbasına keçmək arzusunun olduğu haqda informasiya yayıldı. Bununla yanaşı, Kazan da 1990-cı illərdə latın əlifbasına keçmək istəyini bildirmişdi. Hər iki təşəbbüs Kremldə kəskin etirazla qarşılandı. Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinoviski isə bunu separatizm adlandırdı. Hətta o, tatarların əlifba arzusunun arxasında Türkiyənin dayandığını da iddia etməkdən çəkinmədi.
Ruslan Aysin deyir ki, Rusiya özünü böyük imperiyanın varisi hesab edir: “İstənilən imperiya hesab edir ki, hər şey şaquli olmalıdır, dövlət vahid ideyada birləşməlidir. Rusların dəyişikliyə sərt yanaşması buradan qaynaqlanır”.
Stalinin uşaqlıq travması
Və burada tarixi proses yenidən gündəmə gəlir: Stalin nə üçün gürcü və erməni əlifbasına toxunmadı, lakin müsəlman əhalisini kiril əlifbasına keçirtdi?
Ruslan Aysin Stalinin müsəlmanlardan qorxduğunu deyir.
“Onda uşaqlıqdan travma var idi və bu, siyasi mövqeyinə hopmuşdu. Stalin müsəlmanlara etibar etmirdi. O, müsəlman xalqların ideoloji sabotajından qorxurdu. Bilirdi ki, bu xalqlar İslama böyük dəyər verirlər. Müsəlman xalqları mənəvi mirasdan, xüsusilə İslamdan qopartmaq üçün əvvəlcə ərəb əlifbasından latın əlifbasına, daha sonra isə kiril əlifbasına keçid edildi”, - deyə o bildirib.