Gizli agentlərin adlarını mediada niyə çəkmək olmaz? [video]

16-05-2017, 22:21           
Gizli agentlərin adlarını mediada niyə çəkmək olmaz? [video]
Xüsusi xidmət orqanları ilə gizli əməkdaşlıq edən agentlərin adlarını mediada yaymaq dövlət sirrini pozmaqdırmı?

Dövlət Təhlükəsizlik Xidmətinin mayın 15-də yaydığı məlumata görə bəli.

Məlumatda deyilir ki, son günlər bəzi saytlarda keçmiş Milli Təhlükəsizlik Nazirliyi ilə məxfi əməkdaşlıq etdikləri bildirilən bir sıra şəxslər və ya onların məxfi təxəllüsləri haqqında xəbərlər yayılıb. Xidmət bu hadisə ilə bağlı araşdırmalara başlayacaq.’

Amma xidmət xəbərdarlıq da edir. Deyir ki, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlarla gizli əməkdaşlıq etmiş şəxslər haqqında məlumatlar dövlət sirridir. Belə məlumatların yayılması cinayət məsuliyyəti yaradır.

Mətbuatda müzakirə mövzulardan biri də məxfi əməkdaşlığa cəlb edilən şəxslərin adları ilə yanaşı, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin onlara ödədiyi iddia olunan pulların məbləğidir.

Həbsdə olan sabiq MTN generallarına həmin vəsaitlərin mənimsənilməsi haqda ittiham verilib.

Təkcə elə MTN-in Antiterror Mərkəzinin rəisi olmuş general Elçin Quliyevin işində 7 milyon 700 minlik yeyintidən söhbət gedir.

İddia olunur ki, Maliyyə İdarəsindən, əməliyyat xərcləri və agentlərə, informasiya ötürən etibarlı şəxslərə ödəniş adıyla nazirlikdən götürülmüş vəsait mənimsənilib.

Media üzrə hüquqşünas Ələsgər Məmmədli deyir ki, ümumiyyətlə dövlət sirri haqqında qanuna görə, dövlət sirrini ona sahib olan dövlət orqanı özü qorumalıdır:

Ələsgər Məmmədli
"Buna birbaşa dövlət sirri kimə tapşırılmışdısa, o, məsuliyyət daşımalıdır. Cinayət Məcəlləsinin 284-cü maddəsində dövlət sirrini yaymağa görə məsuliyyəti yalnız dövlət sirri ilə işləməyə buraxılan şəxs, dövlət sirrini yaradan və qorumalı olan şəxs və dövlət sirri işinə görə məlum olan şəxslər daşıyır. İndiki halda, dövlət sirrini qorumalı olan şəxs müstəntiq və ya prokurordur".

Amma Ələsgər Məmmədli həm də o məqama diqqət diqqəti çəkir ki, “Dövlət sirri haqqında qanun”un 7-ci maddəsinə görə, hüquq pozuntularına dair informasiyalar dövlət sirri ola bilməz. Yəni, əgər sonrakı prosesdə korrupsiya, rüşvət üzə çıxırsa və ya milli təhlükəsizlik məqsədlərinin kənara qoyulub, dövlət resursundan hansısa fəalları təqib etmək üçün istifadə olunması üzə çıxırsa, bu faktlar dövlət sirri hesab olunmur.

Bəs bəzi xəbər saytlarında kod adların yozulması necə? Ələsgər Məmmədli istisna etmir ki, bu da informasiya sahiblərinin sızdırması ola bilər.

Keçmiş Milli Təhlükəsizlik nazirinin müavini Sülhəddin Əkbər deyir ki, sızdırılmanın qarşısını almaq olardı:


Sülhəddin Əkbər
“Əgər hansısa qanun pozuntusu varsa belə, bu məhkəmə gizli keçirilə bilərdi, bununla da həmin şəxslərin adının geniş ictimaiyyətə açıqlanmasının qarşısını almaq olardı və o halda bu qədər ziyan dəyməzdi. İndiki halda məlumatların açıqlanmasının məqsədli olub və ya kompensasiya çatışmazlığından ortaya çıxdığını araşdırmalar sübut edəcək”.

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Ardınca nazirliyin 20-dək yüksək rütbəli əməkdaşı həbs olunub. Daha iki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

azadliq.orq












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.