Qərb kəşfiyyatı Telman İsmayılovu və iki mafioz ortağını ələ alıb - Tam məxfi
7-07-2015, 15:10
Rusiyanın məşhur “Soverşenno Sekretno” nəşri Azərbaycan əsilli yəhudi milyarder Telman İsmayılovun və iki mafioz ortağının - özbək əsilli qazaxıstanlı iş adamı Patox Şodiyevin və çeçen Musa Bajayevin Qərb xüsusi xidmət orqanları tərəfindən ələ alındığına dair sensasion məqalə dərc edib.
Virtualaz.org saytı xəbər verir ki, məqalənin müəllifi Andrey Kondratov milyarder-oliqarxların Qərb tərəfindən Rusiya ilə qarşıdurmada işə salınacağını iddia edir.
Telman İsmayılovun, Patox Şodiyevin və Musa Bajayevin arasında ilk baxışdan ümumi heç nə yoxdur. Onlardan birincisi restoran və nəşriyyat biznesi ilə məşğul olur, ikincisi elektroenergetika və faydalı qazıntılardn qazanır, üçüncüsü isə bu yaxınlarda neft-qaz biznesini satıb və platin biznesinə girib.
Lakin müəllif iddia edir ki, bu oliqarxları “Forbes”in siyahısından başqa birləşdirən digər ümumi cəhət də var: hər üçünü vaxtilə xarici xüsusi xidmət orqanları ələ alıb və indi Rusiya prezidenti Vladimir Putinə qarşı mübarizədə bu “yatmış agentləri” işə salıblar.
A.Kondratovun sözlərinə görə, hazırlıqsız oxucular üçün ağlabatan görünməyən bu versiya son vaxtlar getdikcə daha çox təsdiqini tapır.
Rusiyalı araşdırmaçı-jurnalist öz versiyasını əsaslandırmaq üçün ilk növbədə Patox Şodiyevin bioqrafiyasına nəzər salır.
P.Şodiyev ictimai açıq fiqur deyil və barəsində olduqca az məlumat var. Məlumdur ki, o, Daşkənddə doğulub-böyüyüb, sonra Moskvada, MQİMO-da təhsil alıb. İnstitutu bitirəndən sonra SSRİ-nin Yaponiyadakı ticarət nümayəndəsi işləyib. SSRİ-nin dağılmasından sonra Qazaxıstana qayıdıb və bizneslə məşğul olmağa başlayıb, əfsanəvi dərəcədə varlanıb. Dağ-mədən korporasiyası ENRC-nin təsisçisi və sahiblərindən biri olub. Hazırda onun sərvəti 4 milyard dollara yaxındır.
P.Şodiyevin adı 90-cı illərin sonlarında Qərbdə korrupsiya qalmaqalı ilə bağlı hallanmağa başladı. Buna səbəb Belçikanın “Tractebel” adlı şirkətinin Qazaxıstanda tamamilə sərfəli şərtlərlə bir sıra aktivləri əldə etməsi idi.
Məsələn, bu şirkət Qazaxıstanın magistral qaz kəmərlərini qəpik-quruşa əldə etmişdi. Şirkətin maraqlarının təminatçısı Şodiyev idi.
Ancaq sonradan Şodiyevin belçikalı ortaqları ilə münasibətləri korlandı və biznesmeni on milyonlarla dollar rüşvət almaqda ittiham etdilər.
Bu qalmaqaldan əvvəl - 1997-ci ildə Belçika vətəndaşlığını alan Şodiyevi uzunmüddətli həbs cəzası gözləyirdi. Lakin 10 ilə yaxın davam edən istintaqdan sonra Şodiyev cəmi 23 milyon avro cərimə ilə yaxasını qurtara bildi, ona qarşı ittihamlar geri götürüldü, cinayət işi bağlandı.
A.Kondratov iddia edir ki, əslində Şodiyev Qərb xüsusi xidmət orqanları ilə sövdələşməyə razı olduğu üçün ona qarşı qaldırılmış cinayət işini bağlamışdılar (virtualaz.org saytı bu sirli biznesmen barədə daha geniş məqaləni yaxın buraxılışlarının birində oxuculara təqdim edəcək).
Lakin bu, Şodiyevlə bağlı yeganə qalmaqal deyil. 2010-cu ildə Şodiyev və onun milyarder dostları - Telman İsmayılov, qazaxıstanlı oliqarx Aleksandr Maşkeviç, həmin Musa Bajayev və digərləri Atatürkün yaxtasında Rusiyadan və Ukraynadan olan fahişələrlə əylənərkən Türkiyə polisi tərəfindən yaxalandı.
Məlum oldu ki, “üzən bordel”dəki qızların çoxu yetkinlik yaşına çatmayıb. Milyarderlər əyləncəli erotik səyahət zamanı onların sutkasına 3-10 min dollar ödəyiblər. Lakin Şodiyevin və digərlərinin barəsində azyaşlılarla əylənməyə görə cinayət işi qaldırılmadı.
“Soverşenno sekretno”nun iddiasına görə, bunun arxasında ABŞ və Türkiyə xüsusi xidmət orqanları ilə sövdələşmə dayana bilərdi.