"Azərbaycanda orta məktəblər öz funksiyasını yerinə yetirə bilmir" - Keçmiş təhsil naziri
7-07-2015, 20:59
Tanınmış təhsil eksperti, əməkdar elm xadimi, fisika-riyaziyyat elmləri doktoru, professor Şahlar Əsgərov iki gün öncə Moderator.az-a müsahibəsində təhsilin müxtəlif problemlərinə toxunaraq təkliflərini səsləndirmiş, təhsil ekspertlərini mövzu ətrafında müzakirələrə qoşulmağa çağırmışdı.
Həmin müsahibə bu linkdə---moderator.az/index.php?xeber=84294
Keçmiş təhsil naziri, filologiya elmləri doktoru, professor, görkəmli dilçi alim Firudin Cəlilovun və keçmiş maliyyə naziri Saleh Məmmədovun mövzuya dair fikirlərini oxuculara təqdim etmişdik.
ADR sədrinin birinci müavini Vurğun Əyyub Moderator.az -a açıqlamasında Şahlar Əsgərovun təhsildəki problemləri ümumən düzgün təsvir etdiyini bildirib:
"Şahlar müəllimin müsahibəsini oxudum. Hörmətli professor ümumən götürdükdə təhsildəki problemləri düzgün təsvir edib. Ancaq hesab edirəm ki, həmin problemlərin yaranma səbəbləri və çıxış yolları haqqında təklifləri o qədər də məqbul deyil. Mənə və digər həmkarlarıma ünvanlanmış “savadsız və tənbəl kütlə yetişməsi sizi qane edirmi?” sualını isə yersiz hesab edirəm. Çünki biz illərdir bu barədə yazırıq, deyirik, çıxış yolları barədə təkliflər veririrk. Məsul orqanların özünü eşitməməzliyə vurması isə bizim günahımız deyil.
Hesab edirəm ki, təhsilin qiymətləndirilməsi heç bir halda yalnız Təhsil Nazirliyinin özü tərəfindən aparıla bilməz. Hətta deyərdim ki, qiymətləndirmənin yalnız hökumət qurumları tərəfindən aparılması da qənaətbəxş hesab edilə bilməz. Bu işdə müstəqil qurumlar da iştirak etməlidir.
Tələbə qəbulu təhsil sistemində (həm də bizim gerçəkliklər müstəvisində) ciddi və vacib həlqələrdən birisidir. Amma birdəfəlik qəbul etmək lazımdır ki, TQDK və test sistemi təhsil verən orqan və vasitə deyil, verilmiş və ya qazanılmış biliyin ölçmə və dəyərləndirmə strukturu və vasitəsidir. Doğrusu, Şahlar müəllimin TQDK-nın tələbə yerləşdirilməsi, abituriyentlərin ixtisas seçimi barədə dedikləri mənə çox da aydın olmadı. Məgər indiki sistemdə ixtisas seçimi abituriyentin özü tərəfindən aparılmırmı? TQDK hansı abituriyenti zorla hansı ixtisasa göndərə bilər ki? İmtahan verən hər hansı bir gənc sevdiyinə görə yox, yalnız tələbə adını daşımaq naminə sevmədiyi ixtisası seçirsə, burda TQDK-nı günahlandırmaq nə dərəcədə doğrudur? TQDK-nın işini ideallaşdırmaq fikrindən uzağam. Bu qurumun 20 il ərzində gördüyü işlər barədə müsbət və tənqidi fikirlərimi dəfələrlə demişəm. Əlbəttə, TQDK öz işini təkmilləşdirməlidir (bunu bir neçə tanınmış təhsil işçisi desə də, ya ideya vermir, ya da test sistemi haqqında biliksizlikdən doğan yanlış və zərərli təkliflər verirlər). TQDK hörmətli professorun təklif etdiyi tələbələri yerləşdirmək missiyasından da imtina edə bilər. Ancaq ali təhsil müəssisələrinin müstəqilliyi, müxtariyyəti reallaşdırılmadan, rektor seçimini demokratikləşmədən, ali məktəb müəllimlərinin maaşı lazımi səviyyəyə qaldırılmadan, təhsil üzərində ictimai nəzarət təmin edilmədən tələbə qəbulunun universitetlərin öhdəsinə buraxılmasının hansı fəsadlara gətirib çıxaracağını kim bilmir ki? Azərbaycanda orta məktəblər öz funksiyasını yerinə yetirə bilmir. Əgər müəllimlər, repititorlar şagirdlərə lazımi bilikləri öyrətmək əvəzinə test suallarının cavabını əzbərlədirlərsə, o zaman bunun günahını yalnız TQDK-nın üzərinə atmaq hansı məqsəddən xəbər verir?
Hesab edirəm ki, təhsilimizdə dönüş yaratmaq istəyiriksə, ciddi islahatlar aparılmalıdır: a) təhsil müəssisələri siyasi proseslərdən uzaq tutulmalıdır; b) təhsil müəssisələrinə rəhbər şəxslərin təyin edilməsində rüşvət, dostbazlıq, hakim partiyaya sədaqət məsələləri aradan qaldırılmalı, yerli icra hakimiyyətlərinin təhsil müəssisələrinin işinə müdaxiləsinə son verilməlidir; c) təhsil işçilərinin maaşı müəllimin yaşayış ehtiyaclarına uyğun şəkildə ödənilməlidir; d) pedaqoji kadrlar arasında ciddi və obyektiv attestasiya aparılmalı, elmi, pedaqoji bacarığı və mənəvi keyfiyyətləri tələblərə cavab verməyən kadrlar təhsildən uzaqlaşdırılmalıdır; e) dərsliklərin yazılması və qiymətləndirilməsi, nəşri zamanı obyektivlik və alternativlik tam təmin edilməlidir; f) keçmiş sovet təhsilinin fəlsəfəsindən və metodlarından qəti və sürətli bir şəkildə imtina ( indiki təhsilimiz yarı sovet, yarı Avropa libası geyinmiş, siması, məqsədi bəlli olmayan bir sistemdir) edilməlidir və s."