Bahalı avtomobillər niyə yandırılır?
7-07-2015, 21:56
Son zamanlar paytaxt Bakıda bahalı avtomobillərin yandırılması geniş vüsət alıb. Son bir neçə gün ərzində Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində 4 avtobomil naməlum səbəblərdən yandırlıb.
Ötən ay da Suraxanı rayonu ərazisində bir gecədə 10-dan çox avtomobil yandırılmışdı. Hadisəni törədən isə kriminal aləmdə “Dəli Səfər” adı ilə məşhur olan Səfər Mahmudov olmuşdu. Hüquq-mühafizə orqanı əməkdaşlarının “Avtomobilləri niyə yandırırdın?” sualına avtoritet ilginc cavab verib:
“Yaxşı geyimli avtomobil sahiblərini gördükdə kin və paxıllıq hissi keçirirdim. Ona görə də onlara pislik etmək istədim və gecə heç kim görmədiyi zaman avtomobilləri yandırdım”.
Qeyd edək ki, yandırılan bütün avtomobillər çox bahalıdır. Onların arasında “Toyota”, “BMW”, “Mercedes”, “Ford” markalı lüks avtomobillər var.
Belə bir nəticəyə gəlmək olar ki, cəmiyyətimizdə yaşayış tərzi yaxşı olan olan varlı insanlara qarşı böyük qısqanclıq hissi yaşayanlar var.
Bu qısqanclıq həqiqətən də bahalı avtomobillərin yandırılmasına gətirib çıxara bilərmi?
Məsələ ilə əlaqədar “Yeni Müsavat”a danışan psixoloq Dəyanət Rzayev bu cür hadisələrin qısqanclıqdan deyil, daha çox sosial “ədalətsizlik”dən yarandığını deyib:
“Son vaxtlar bahalı avtomobillərin yandırılması bir növ intuksiya xarakteri daşıyır. Yəni, biri bu cür hadisə törətdikdən sonra digərləri onu təqlid etməyə başlayır. Deməzdim bu məsələdə daxili qısqanclıq var, məsələni başqa cür qoymaq lazımdır. Buna təkan verən daha çox sosial “ədalətsizlik”dir. Bəziləri fikirləşir ki, “mənim evim olmadığı halda niyə başqasının xeyli sayda evi və ya avtomobili var?” və s. Bu cür amillər çox zaman insanların qəlbində qısqanclıq hissi yaradır. Əgər insanlar cəza almaqdan qorxmasaydılar, inanıram ki, Bakıda olan bahalı avtomobillərin 90 %-i yandırılardı”.
Psixoloq vəziyyətdən çıxış yolu barədə də danışıb:
“Əslində nigarançılığa ehtiyac yoxdur. Bu bir dalğadır. Tutaq ki, əvvəllər insanlar “Koroğlu” metrosunun yanında yerləşən körpüyə çıxıb intihara cəhd edirdilərsə və yaxud ötən günlərdə İŞİD-in törətdiklərinə baxıb ailə üzvlərinə, yaxınlarına xəsarətlər yetirməyə, daha çox da onların boğaz nahiyələrini kəsməyə maraq göstərirdilərsə, yaxud da özlərini yandırırdılarsa, bu gün bu proses avtomobil yandırmaqla əvəzlənib. Güman etmirəm ki, bu proses uzun müddət davam etsin. Sadəcə bir müddət avtomobil sahibləri daha ehtiyatlı olmalı, avtomobillərini daha mükəmməl qorunmasına çalışmalıdırlar. Bir müddət sonra bu dalğa da səngiyəcək”.