"Milyarderlər ittifaqı" niyə buraxıldı - Faktlar və analizlər
9-07-2015, 10:43
2013-cü il prezident seçkiləri ərəfəsində yaradılan və “Milyarderlər İttifaqı” kimi tanınan sirli-müəmmalı Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqı (RATİ) buraxıldı. Xəbər verildiyi kimi, dünən qurumun təsisçiləri təşkilatın rəsmən qapadılmasına dair qərar qəbul ediblər. Bu barədə ittifaqın sədri, Azərbaycan baş nazirinin keçmiş 1-ci müavini Abbas Abbasov “AzerRos” portalına müsahibəsində bildirib.
Sitat: “Bəli, belədir. RATİ-nin fəaliyyəti başlamağa imkan tapmadan dayandırıldı. Bunun səbəbi, o cümlədən bizim təşkilatı buraxmaq barədə qəbul etdiyimiz qərar bir sıra arqumentlər və mülahizələrlə şərtləndirilir”.
Hazırda “AzerRos” Rusiya Azərbaycanlıları Federal Milli Muxtariyyətinin parçalanmadan sonrakı qanadlarından birinə rəhbərlik edən Abbas Abbasov “Milyarderlər İttifaqı”nın 2013-cü ildə Rusiyada azərbaycanlı diaspor təşkilatları arasında “mərkəzdənqaçma proseslərini dayandırmaq üçün” təsis edildiyini söyləyib. Onun sözlərinə görə, Ümumrusiya Azərbaycanlılar Konqresinin və “Azərros”un əvvəlki rəhbərliyi arasında qəbuledilməz şəkildə çəkişmə gedirdi, diaspor parçalanmışdı.
“Kədərlə deyirəm ki, Ümumrusiya Azərbaycan Konqresinin 2011-ci ilin noyabrında keçirilən qurultayında təşkilatın nizamnaməsi dəyişdirilib, ancaq hələ də Rusiyanın ədliyyə orqanları onu qeydə almayıb. Bakıdan məsul əməkdaşın təyin edildiyi qəribə "baş katib" vəzifəsi meydana çıxıb. Hazırda bu vəzifə ləğv edilib, ora təyin edilən adam Bakıya geri qayıdıb, ancaq tör-töküntüləri qalıb" - deyə Abbas Abbasov qeyd edib.
O, ad çəkmədən “AzerRos”un keçmiş rəhbəri Söyün Sadıqovu tənqid edib. Onun digər diaspor təşkilatları və doğma vətəni ilə normal münasibətlər qura bilmədiyini, Azərbaycan rəhbərliyinin ünvanına “ağzına gələni danışdığını” deyib. Keçmiş 1-ci müavinin dediyinə görə, onlar “diasporun parçalanmasının qarşısını almaq üçün” bu təşkilatı yaradanda proqram sənədlərində Azərbaycanda prezident İlham Əliyevin başçılığı ilə həyata keçirilən islahatları dəstəkləmək, eyni zamanda Rusiya-Azərbaycan münasibətlərinin inkişafına xidmət etmək vəzifələrini qoymuşdular.
“Ancaq bizim ünvanımıza hansı ittihamlar səslənmədi? Belə razılaşdılar ki, bizi Azərbaycanda çevriliş törətmək üçün az qala Kreml toplayıb” - o deyib. Abbasovun fikrincə, bu hücumlar həm onların özünə, həm də bütövlükdə Rusiya ilə münasibətlərə ziyan vururmuş: “Ona görə də biz özümüz təşkilatın fəaliyyətini dayandırdıq. Ona görə yox ki, qorxduq, ona görə ki, vəziyyəti gərginləşdirmək istəmədik. İstəmədik ki, kimsə seçkilər ərəfəsində ”bizim kartımızı" oynasın. Axı Azərbaycan mətbuatında bu antirusiya vakxanaliyası kimə lazım idi? Kimsə iki liderin, iki dövlət başçısının arasını pozmaq istəyirdi".
***
Qeyd edək ki, “AzerRos”un hazırkı prezidenti Söyün Sadıqovun Abbasova cavabı özünü çox gözlətməyib (moderator.az). O, sabiq 1-ci vitse-preymer haqda sərt ifadələr işlədib, onu satqın adlandırıb.
Sitat: “Abbas Abbasov onun ətrafında yaranmış boşluğa görə bu addıma getməyə məcbur olub. İndi İttifaqın bağlanılması elanı ilə özünə əlavə dividentlər qazanmağa çalışır. RATİ demək olar, çoxdan yoxdur. Onun ətrafında bir zaman olan hörmətli azərbaycanlılar, o cümlədən İttifaqın təsisçiləri onun çirkin oyunlarını və prezidentin adı ilə spekulyativ hərəkətlərini başa düşərək, onu çoxdan tərk ediblər”.
Söyüd Sadıqova görə, Abbasovun mənəvi haqqı yoxdur ki, prezidentin adını çəksin və vətənə sevgidən danışsın: “Çünki o 17 yanvar, 14 aprel tarixlərində öz həmyerlilərinə - diasporun yüzlərlə fəalına, ağsaqqalına qarşı Rusiya hüquq-mühafizə orqanlarını qaldırıb, hətta etnik dağıstanlı quldurlarını azərbaycanlılara qarşı göndərməkdən belə çəkinməyib. Bundan sonra o, necə özünü Azərbaycanı sevən şəxs kimi qələmə verə bilər?
O hakimiyyətə gəlmək üçün ermənilərlə separatist danışıqlarını deyəsən unudub. Amma bu məlum faktdır. Mənim üçün təəccüblüdür ki, Abbasov indi ÜAK-n mənafelərini qorumaq mövqeyindən danışır. Halbuki özü etiraf edirdi ki, ÜAK-ı o yaradıb və o da məhv edəcək. Onunla bir qayıqda olanlar da buna kömək edirdilər. O hazırda ”AzerRos" ilə bağlı çirkin oyunlarından əl çəkməyərək, nəinki ÜAK, həm də bütün diasporda intriqa salır. Bu insanın bacarığı həmişə bundan ibarət olub. Amma inandırıram sizi, “AzerRos”u da onun əlindən alacağıq. Artıq Rusiyada vətənə bağlı Azərbaycan icması ona nifrət edir. Özünə hörmət edən azərbaycanlı bundan sonra onunla bir yerdə olmaz. Çünki belə insanlar alçaqdır və ondan istənilən alçaqlığı gözləmək olar. Prezidentini kağızda tərifləyən, amma hərəkətləri və danışıqları ilə əksini göstərən insana nə cür inanmaq olar? Məni qeyri-adekvat insan adlandırır, amma ondan fərqli olaraq mən Vətən xaini və satqın deyiləm. O isə əsl satqındır".
***
Bəs seçki ilində yaranıb seçki ilində də “qürub edən” bir qurumun - RATİ-nin ləğvinin gerçək motivi arxasında nə durur, niyə məhz bu günlərə təsadüf elədi hadisə?
Əvvəla, Abbas Abbasovun açıqlaması onun “Milyarderlər İttifaqı”nın mərkəzi fiquru olduğunu bir daha təsdiqləyir. Əlbəttə ki, o, xeyli dərəcədə blef edir, “kartların” yerini məqsədli şəkidə dəyişir. Ondan başlayaq ki, Abbasov “Milyarderlər İttifaqı” yaradıldıqdan az sonra, prezident seçkiləri ərəfəsində Azərbaycan hakimiyyətinin hədəfinə gəlmişdi. Qurumu Kremlin məkrli layihəsi hesab edən hakimiyyət özünə yönəlik bu projedə Abbas Abbasovun da əsas rol almasını heç cür həzm edə bilmirdi.
Üstəlik, onun son prezident seçkisi ərəfəsində ad çəkməsə də, rəsmi Bakıya ünvanlı məlum sərt açıqlaması iqtidarı ona qarşı daha qəzəbli ovqata kökləmişdi. Lakin sonralar Abbas Abbasov dəfələrlə prezident İlham Əliyevə sadiq olduğunu bəyan etsə də, hakimiyyət onun səmimiliyinə inanmadı.
Azərbaycan vətəndaşı ola-ola Abbas Abbasovun paralel olaraq Rusiyadakı diaspor qurumlarının işinə mütəmadi müdaxilə eləməsindən, diaspor fəaliyyətinə əngəllər yaratmasından, habelə “AzerRos”u parçalamasından da Azərbaycan hakimiyyəti məmnun qala bilməzdi. İş o yerə çatdı ki, diasporun bir çox tanınmış siması onun destruktiv fəaliyyəti ilə bağlı Rusiya və Azərbaycan prezidentlərinə şikayət ünvanladılar.
Bütün bu fəaliyyətlər, “İstiqlal” ordenli Abbas Abbasovla hakimiyyət arasında körpülərin yanmasına gətirib çıxardı ki, bu da öz təsdiqini sonuncu dəfə Avropa Oyunlarının açılış mərasiminə onun qatılmaq istəyinə Bakının verdiyi kateqorik “yox” cavabında əksini tapdı.
***
Abbas Abbasova ilk ciddi zərbə isə Azərbaycandakı biznesinin çökdürülməsi ilə vuruldu. Bunun ardınca, onun qardaşı Nadir Abbasov Azərbaycan Beynəlxalq Bankından götürdüyü 10 milyon dollar krediti ödəyə bilmədiyi üçün DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparıldı. Onun bir müddət əvvəl Gəncədə keçmiş Yeyinti Ticarəti İdarəsinin bazasında soyuducular tikmək üçün kredit götürdüyü və pulu vaxtında ödəyə bilmədiyi üçün saxlandığı bildirilir.
Əksər təhlilçilər isə əmindirlər ki, Nadir Abbasovun həbsi də Azərbaycan hakimiyyəti ilə Abbas Abbasov arasındakı gərginliklə bağlı olub. Burdaca bildirək ki, Beynəlxalq Bankın Moskva filialının bank kreditləri şöbəsinin direktoru Fərhad Rüstəmov Nadir Abbasovun kürəkənidir. Moskva filialının rəhbəri, hakimiyyətin Rusiyadakı müxalifətinin gizli sponsorlarından sayılan Fuad Abdullayev isə Abbas Abbasovun yaxın adamlardan sayılır, hətta onun Cahangir Hacıyevin yerinə gətiriləcəyi ilə bağlı məlumatlar yayılıb. Aydındır ki, rəsmi Bakı ilə gərgin münasibətlərdə olan birisinin adamı üçün belə perspektiv ola bilməz. Yəni qurumun buraxılmasında bu amilin də rol oynadığını qulaqardı eləmək olmaz...
***
Bundan əlavə, Nadir Abbasovun həbsindən sonra Abbas Abbasovun digər qardaşı (Həmid) və hətta deputat oğlu Aydın Abbasova da həbs təhlükəsi yarandığı deyilirdi. İddialara görə, hakimiyyət Abbas Abbasova sarsıdıcı zərbə vurmaq üçün deputat Abbasovun da həbsini nəzərdən keçirir. RATİ-nin məhz Abbas Abbasovun oğlu ilə bağlı informasiyadan sonra buraxılması xüsusilə diqqət çəkir.
Onu da nəzərə alsaq ki, baş nazirin sabiq 1-ci müavinin Rusiyadakı səfirimiz Polad Bülbüloğlu ilə sıx əlaqədə olduğu deyilir və bu iddialar təkzib olunmayıb, o zaman səfirin ona hakimiyyətin bəzi incə mesajlarını çatdırdığı istisna deyil...
***
Beləliklə, Abbas Abbasovun son gedişi müstəsna olaraq özünün, oğlunun və ətrafında mühasirəsi daralan digər yaxınlarının xilasına yönələn addım təəssüratını yaradır. Bununla o, umduğu dividenti qazana, hədəfinə çata, ən əsası, hakimiyyətin mərhəmətinə nail olub onunla yandırılmış körpüləri bərpa edə biləcəkmi?
Gözləyək.
musavat.com