“ana, sənin sağ əlin mənim başıma, kaş mənim də həyat yoldaşımı öldürüb meyitini versinlər”.

10-07-2015, 11:08           
“ana, sənin sağ əlin mənim başıma, kaş mənim də həyat yoldaşımı öldürüb meyitini versinlər”.
Gilas ana Həsənin müxtəlif illərdə çəkidirdiyi şəkillərinə baxdıqca, dərdi təzələnirdi. “Fəxrim, qürurum niyə etibarsız çıxdın” deyib göz yaşı tökür, cavan olmasına baxmayaraq, ağsaqqallar içində söz sahibi olan balasının yoxluğuna yanır.

Bizsə təsəlli üçün ifadə tapmaqda aciz idik...

Demə, Vüsalənin ağ güllərdən xoşu gəlirmiş. Həsən də evin dörd bir yanını, pilləkənlərini ağ güllərlə bəzəyibmiş. Hər dəfə səfərə getdiyi ölkəyə çatan kimi Vüsaləyə “çatdım”deyə xəbər verən Həsəndən sonuncu gedişinin ardından xəbər gəlmir. Susan telefon Vüsaləni təşvişə salır.

“Bu işdə nəsə var” deyib həyəcanlanmağa başlayır. Vüsalə onun qara xəbərini alan kimi acığını güllərədən çıxır, hamısını qırıb atır. “Həsənim yoxdur, sizi neyləyirəm” deyir.

Sevgilisindən doymayan Vüsaləyə Həsəndən danışmaq ağır gəlirdi. Onun yoxluğundan söhbət açmaq dərdini təzələyirdi. Amma özü də hiss etmədən xatirələr onu dilləndirirdi.

Həsənlə ilk tanışlıqlarından, nişan-toy mərasimindən sevə-sevə danışırdı. Sən demə Həsənin bacısı rayonda Vüsalənin ata evilə qonşu imiş.

Vüsalə o illəri belə xatırlayır: “Əslində Həsənlə qohumluğumuz çatır. O həmişə deyirdi ki, dörd tərəfdən qohum idik, biz də evləndik qohumluq lap möhkəmləndi. Həsənin qardaşlarını Naili, Rüfəti tanıyırdım, bircə Həsəni görməmişdim.

Həsən də həmişə zarafatla deyirdiki, “Ay Vüsalə, bu yoldakı bütün qızları görmüşdüm səndən başqa”.

Cavabımda mən də “sənin qardaşlarının hamısını görmüşdüm, özündən başqa” deyirdim”.

Həsənin atası Fərman dayıda gəlini ilə çoxtərəfli qohumluqlarının olduğunu deyir:

“Vüsalənin bibisi mənim qardaşımın həyat yoldaşı olub. Bu evliliklə bütün qohumluq əlaqələri təzələndi”.

Ata bu gün oğluna verilən qiymətdən də söz açır: “Həsən həyatdan vaxtsız getsə də, o, heç zaman Azərbaycan xalqının gözündən yayınmaz, qulağından getməz. Bütün Azərbaycan Həsənlə fəxr edir.
Görünür Həsənin alın yazısı belə imiş. Onun ölümü şərəfli ölümdür. Həsənə xalq ağlayır. Nə etmək olar?! Hər şey üçün Allaha şükürlər olsun!”.

Oğlunu torpağa tapşırmasının 1 ili yaxınlaşan ata bu gün də onun ölümü ilə barışa bilmir: “Mən hələ də hadisələri düzgün başa düşmürəm. Azərbaycan tərəfi 5 girov müqabilində Həsənin meyitini almaq istəsə də, ermənilər son günlərə kimi bununla razılaşmırdı. Axşam televiziya kanalları elan elədi ki, Ermənistan Həsən Həsənovun meyitini qeyri-şərtsiz verir.

Bu gün də deyirəm Həsən sağdır, onun əvəzinə başqa adamın meyitini bizə veriblər. Həsənin meyiti bizə veriləndə onun ölümüdən 4 ay vaxt keçmişdi. Bu müddət ərzində təbii ki, meyitdə müəyyən deformasiya olmuşdu. Meyitə baxanda dedim ki, bu mənim oğlum deyil... (Ağlayır). Oradaca ürəyim gedib. Həsənin incə dişləri var idi, amma bizə göstərilən meyitin dişləri kobud idi”.

Söhbətə Həsən Həsənovun xanımı da qoşulur: “Onun qəbiri indi də məni çəkmir. Bilmirəm niyə belədir? Həsənin meyitini görmədim. İndi özümü qınayıram ki, kaş özüm onun meyitinə baxardım. Ermənilər deyir, “Həsəni güllələyib öldürmüşük”. Bəlkə onlara Həsən kimi işçi qüvvəsimi deyim, fiziki cəhətdən güclü birimi deyim, bir insan lazım imiş?! Qırmızı Xaç Komitəsi deyir ki, o, meşədə ölü tapılıb. Həsən ölübsə də o, özü-özünü öldürüb. Onu heç vaxt erməni öldürə bilməzdi. Həmişə kinolara baxanda deyirdi ki, girov düşməkdənsə, beyninə bir güllə vurmaq yaxşıdır. Beynimdə o qədər suallar, fikirlər var ki... Hər şey çox müəmmalıdır”.

Atası oğlunun Kəlbəcərə getməzdən öncə özünü sanki zülmə hazırladığından da söhbət açdı: “Həsən sözübütöv və çox ağır xasiyyətli idi. Son vaxtlar o özünə velosiped almışdı. Dedim oğlum, bu nəyinə lazımdır? Dedi ata, o qədər maşında gəzirəm ki, ayaqlarımın taqəti olmur, işdən sonra sürurum ki, ayaqlarım açılısın. Ayaqlarına da ağır dəmir bağlayıb sürürdü. Deməli, hər əzaba dözmək üçün o özünə zülm verirmiş”.

Vüsalə xanım da həyat yoldaşının velosipedi ağır rejimdə və ayaqlarına ağır dəmirlər bağlayıb sürdüyünün dəfələrlə şahid olduğunu deyir: “Niyə belə etdiyini soruşanda deyərdi ki, dəmirləri çıxardandan sonra ayağım bir az dincəlir. Heç demə o özünü hər zülmə hazırlayırmış, bizimsə xəbərimiz yox. İnanmazdım ki, o iki qızını qoyub gedər. Həsən ağır xasiyyətli adam idi. Heç vaxt razı olmazdı ki, ictimai nəqliyyatla harasa gedim. Getmək lazım olanda, bizi öz maşını ilə aparıb-gətirərdi”.

Fərman ataya “Hazırda girovluqda olan Dilqəm Əsgərov və Şahbaz Quliyev qaytarılsa, ürəyindən keçənləri soruşardınızmı” sualını verdik.

Dərin bir həsrət çəkən ata, ürəyindən keçənləri ifadə etməkdə çox çətinlik çəkdi. Quracağı cümlələr boğazında düyünləndi: “Onlarla görüşməmək olarmı?! Təki onlar qayıtsın. Saysız-hesabsız suallarım var. Ən böyük istəyim onların qayıtmasıdır ki, həqiqəti onların dilindən öyrənim”.

Bu yerdə Gilas ana oğlunun yas mərasimindən bir məqamı dilə gətirir: “Həsənin yas mərasimində gördüm ki, Dilqəmin həyat yoldaşı sağ əlimi öpüb başına qoydu ki, “ana, sənin sağ əlin mənim başıma, kaş mənim də həyat yoldaşımı öldürüb meyitini versinlər”.

Hər ikisinin ailəsi ilə bu gün də əlaqəni itirməmişik, böyük oğlum əlaqə saxlayır. Allah heç kəsin başına belə hadisə gətirməsin”.

Vüsalə xanım həyat yoldaşının ailəsindən sirr kimi gizlədiyi Kəlbəcərə getməsi planından tələbə yoldaşlarının xəbərdar olduğunu deyir: “Heç demə Həsənin tələbə yoldaşları hər şeydən agah imişlər. Onlar yasa gələndə dedilər ki, “biz Həsənlə sentyabr ayında qrup şəkilində yığılıb işğal olunmuş torpaqlara getməyi planlaşdırırdıq”. Bəzən Həsənin danışdığı sözləri xatırlayıram. O danışıqlarında deyirdi ki, Kəlbəcərdə ermənilər uşaqlı-böyüklü 53 nəfər azərbaycanlını girov saxlayır. Onların videosunu da özündə saxlayırdı”.

Ata oğlunun Ana, Vətən, Xalq yolunda Şəhid olduğunu deyir: “Vicdanı olan bütün insanlar Həsəni ağlayır. Həsən çoxlarının çata bilmədiyi arzuya çatdı. Vətəndə ölmək! Onu dəfn edəndə eşitdim ki, kimsə deyir – “Həsənin yerində olmaq istəyirəm, bu ölüm xoşbəxtlikdir”.

Vətən torpaqları azad olsa, bu saat gedərəm o yerlərə. Cəbrayılda doğulub boya-başa çatmışam, atam-anam orada dəfn olunub. Kim vətənə qayıtmaq istəməz? Bilmirəm, başqaları nə düşünür, amma mənim ürəyim belədir”.

Nə deyirik Fərman dayı, Allah hamımızı arzumuza çatdırsın. Vətən aşiqi kimi vətəndə ölmək qismətimiz olsun...

Bəlkə o vaxt Həsənin də ruhu azadlığa qovuşar...













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.