Yaxın Şərq yeni konfliktə hazırlanır: Bərzani Mosulu niyə taleyin ümidinə buraxdı?
22-06-2017, 10:01
“Mosulun qurtarma əməliyyatına artıq əhəmiyyət vermirəm. Bu şəhəri artıq taleyin ümidinə buraxmışam”.
Ovqat.com xəbər verir ki, bunu Şimali İraq Kürd Muxtariyyətinin prezidenti Məsub Bərzani bildirib.
Dünən Mosulun şimalında yerləşən Ninovada ərəb tayfa liderləriylə görüşən Bərzani çıxışında İŞİD sonrası dövrdən danışıb və nigaranlığını gizlətməyib.
Bərzaninin fikrincə, bölgə olduqca həssas bir durumla qarşı-qarşıyadır və Mosulun İŞİD-dən təmizlənilməsi hələ bu təşkilatın sonu demək deyil: “İŞİD-in hərbi cəhətdən yox olmasına günlər qaldı. Təşkilat Mosulun dar küçələrində mühasirəyə alınmış vəziyyətdədir. Ancaq Mosulun qurtarılması İŞİD-in sonu demək deyil. İraqda hələ təşkilatı ortaya çıxaran problemlər həll olunmayıb və onu yaradan faktorlar aradan qaldırılmayıb”.
Bərzaninin bu fikirləri Ninovada dilə gətirməsi təsadüfi deyil. Ninova İraqda sünni dirənişinin əsas mərkəzi sayılır. Xüsusilə, Türkiyənin bu şəhərdə 4 min civarında sünni döyüşçüsü yetişdirdiyi və onlardan 3 minin peşmərgələrin sırasında İŞİD-lə mübarizəyə qoşulduğu rəsmən etiraf olunub. Ötən ilin sonlarında “Ninova Keşikçiləri” silahlı qruplaşmasının komandiri Əsil Nuceyfi tərəfindən dilə gətirilən bu həqiqət daha sonra Türkiyənin Baş nazirinin müavini Niman Kurtulmuş tərəfindən də təsdiqlənmişdi.
Mosulun yerli əhalisindən təşəkkül tapan “Ninova Keşikçiləri”nin Mosul əməliyyatına qatılmasına baxmayaraq, döyüşlərin əsas yükü İraq ordusu və Həşdi-Şabi qruplaşmasının çiyninə düşür. Bu da əməliyyatın ilk günlərində Mosulda marağı olan qüvvələri ciddi narahat edirdi. Çünki Həşdi-Şabinin Mosuldan əvvəl qatıldığı bir çox əməliyyatlarda sünnilərə divan tutduğu barədə söyləntilər və faktlar var idi. Eyni prosesin Mosulda da təkrarlanacağından ehtiyatlanan “Ninova Keşikçiləri”ndən yüksələn etiraz səsləri mərkəzi İraq hakimiyyətilə Əsli Nuceyfi arasındakı münasibətləri də korlayırdı. Hətta İraq hüquq mühafizə orqanları Nuceyfini xarici qüvvələrə sığınmaqda günahlandıraraq haqqında “vətənə xəyanət” ittihamı ilə cinayət işi açmışdılar.
Bərzaninin də Ninovadakı çıxışından da aydın olur ki, İraq ordusu və Həşdi-Şabi Mosulun İŞİD-dən təmizlənməsi əməliyyatında nəticəyə varmaq üzrədi. Özünün etiraf etdiyinə görə, əsl problem də elə bundan sonra başlayacaq. Şəhər işğaldan qurtarıldıqdan sonra onun kimin nəzarətində olacağı problemi əsas gündəm mövzusuna çevriləcək. Sözsüz ki, Mosulu kim qurtaracaqsa, şəhər də onun himayəsi altına girəcək. Məhz bu problem peşmərgə ilə Həşdi-Şabini qarşı-qarşıya gətirə bilər. İraqda çox ciddi nüfuzu və gücü olan Həşdi-Şabi ilə peşmərgələrin təkbaşına bacarması isə inandırıcı görünmür.
Şimali İraqda peşmərgələrin yanında dayanacaq elə bir qüvvə də yoxdur.
Bölgənin digər kürd əşirəti Təlabanilər bu gün nə qədər Bərzanilərlə xoş keçinə bilsələr də, bunun səbəbi indiyədək maraqların çuğlaşması idi; hər iki tərəf İŞİD-ə qarşı özünü qorumaqda və mübarizədə həmrəy olmağa məhkum idilər. İŞİD isə sıradan çıxır. Deməli, maraqlar da haçalanır.
Peşmərgələr sabah Həşdi-Şabiylə kəllə-kəlləylə gələndə isə Təlabanidən onlara haray gəlməyəcək. Nədən ki, Təlabani də, Həşdi-Şabi kimi İrana bağlı qüvvədir. Üstəlik, Şimali İraqa hakim olmaq məsələsində hər iki kürd əşirətinin maraqları toqquşur. Təlabaninin Həşdi-Şabi faktorundan istifadə edib hakimiyyətə yiyələnmək niyyəti də istisna deyil.
Bu qədər kritik durumda Bərzaninin ümid edəcəyi yeganə qüvvə İraq sünniləri ola biər.
Səddam Hüseyndən sonra hakimiyyət orqanlarından uzaqlaşdırılan sünnilər isə yaşananlardan məmnun deyillər. Prinsip etibarilə, İraqda İŞİD probleminin də kökündə bu narazılıq dayanırdı. Bəzi mülahizələrə görə, xilafətin qurulmasında Bağdaddakı müasir şiə hakimiyyətindən narazı salınan Səddam Hüseyn dövrünün kadrlarının da mühüm rolu olub. İradakı bəzi əşirətlər İŞİD-ə öz xilaskarı kimi qucaq açması da təşkilatın bu qədər güclənməsinin əsas səbəblərindən idi.
Hazırda İŞİD-ə qarşı mübarizə son hədəfinə yaxınlaşdığından İraq sünnilərinin digər alternativ arayışına girəcəyi qaçınılmazdır. Ən ciddi alternativ isə “Ninova Keşikçi”ləridir. Mosulun qurtarılması əməliyyatında peşmərgələrlə eyni sırada döyüşən “Ninova Keşikçiləri” isə o qədər də böyük qruplaşma deyil və kürd separatçılarıyla ittifaqa məhkumdur.
Görünür, Bərzani də məhz bu ehtiyacı nəzərə aldığından öz hegemonluğunu onlara qəbul etdirməyə çalışır. “Əks halda, sizi və Mosulu Allahın ümidinə buraxa bilərik”, demək istəyir.
İraq əhalisinin 35%-nin sünni olduğunu və Türkiyənin də onları dəstəkləyəcəyini nəzərə alsaq, bu planı baş tutacağı təqdirdə, Bərzani həqiqətən də regiondakı hegemoniya bölgüsündən önəmli pay qopara bilər.
Bununla belə, İraqın yenidən müxtəlif maraq dairələrinə bölünməsi Yaxın Şərqdə İŞİD-dən sonra da növbəti ağır konfliktlərin yaşanmasının ilkin təzahürləridir.