Repressiya qurbanları: Bağırova sui-qəsd hazırlanması iddiası kimin yalanı idi?

23-06-2017, 08:55           

Onun məhkəməsi nə üçün 20 dəqiqə çəkib və ölüm hökmü nə vaxt icra olunub?

Üçüncü yazı: Ülvi Rəcəb Şaşıqzadə
1937-ci il, iyul ayının 22-də Azərbaycan SSR XDİK-nın müavini Gerasimov şöbə müdiri Sinmana belə bir müraciət ünvanlayır: "Yoldaş Sinman! Yadımdadır ki, Əli Kərimovun ifadələrində Şərifovun və Ülvinin adları çəkilir. Onlar təxirə salınmadan həbs edilməli və istintaqa cəlb olunmalıdırlar". Qeyd edim ki, Gerasimovun müraciətindəki Əli Kərimov Azərbaycan Dövlət Dram Teatrının direktoru, Şərifov Azərbaycanın məşhur teatr aktyoru, teatr və kino rejissoru, Azərbaycan SSR Xalq Artisti Abbas Mirzə Şərifzadə, Ülvi isə məşhur teatr aktyoru Ülvi Rəcəb Şaşıqzadədir. Bu müraciətdən sonra Sinman belə bir arayış tərtib edir: "Şaşıqzadə Ülvi Rəcəb Molla oğlu Batumda anadan olmuş, Azərbaycan SSR vətəndaşı, Azərbaycan Dram Teatrının artistidir. İdarəmiz tərəfindən həbs olunmuş əksinqilabi burjua-millətçi təşkilatın üzvü Əli Kərimov göstərdi ki, Şaşıqzadə Ülvi Rəcəb əksinqilabi burjua-millətçi təşkilatının üzvüdür. İzah edilənə əsasən, Şaşıqzadə Ülvi Rəcəbin həbs olunaraq məsuliyyətə cəlb olunmasını zəruri hesab edirəm". Bu qərar 1937-ci il sentyabrın 15-də XDİK komissarı əvəzi Borşov tərəfindən təsdiq edilir. Həmin gün Ülvi Rəcəb Şaşıqzadə həbs olunur, lakin bu qərar aktyora sentyabr ayının 21-də söylənilir. O, həbs ediləndə 150 manat məbləğində pulu da müsadirə olunur.
1937-ci il sentyabr ayının 20-də keçirilən birinci dindirilmədə Ülvi Rəcəb əksinqilabi burjua-millətçi təşkilatına üzv olması ilə bağlı bütün ittihamları rədd edir. Oktyabr ayının 4-də Əli Kərimovla (Azərbaycan Dram Teatrının direktoru) Ülvi Rəcəb üzləşdirilir. Bu üzləşmədə də Ülvi Rəcəb işlədiyi teatrın direktoru olan Əli Kərimovun ittihamlarını qəti şəkildə rədd edir. Lakin noyabr ayının 1-i və 2-i ard-arda keçirilən dindirilmələrdə Ülvi Rəcəb əksinqilabi burjua-millətçi təşkilatına üzv olması ilə bağlı bütün ittihamları qəbul edir və bildirir ki, onu təşkilata Əli Kərimov üzv edib. Ülvi Rəcəb bu dindirilmədə deyir: "Məni əksinqilabi burjua-millətçi təşkilata üzv etdikdən sonra Əli Kərimov qarşıma bu vəzifələri qoydu: 1. Azərbaycan Dram Teatrının əməkdaşları arasında əksinqilabi millətçi təbliğat aparmaq. 2. Əksinqilabi burjua-millətçi təşkilata yeni üzvlər cəlb etmək. 3. Teatrın repertuarına ideoloji cəhətdən səbatsız və ziyanlı əsərləri yeritməyə imkan yaratmaq. 4. Ruhulla Axundovu Azərbaycan xalqının rəhbəri kimi şöhrətləndirmək". İddia edilən birinci və ikinci vəzifələr bir yana. Üçüncü və dördüncü vəzifələrdəki tragikomikliyə və absurda baxın. Deməli, həmin illərdə Azərbaycan Dram Teatrının repertuarı üçün "səbatsız və ziyanlı" əsərlər Hüseyn Cavidin əsərləri idi.
Ruhulla Axundovun Azərbaycan xalqının rəhbəri kimi şöhrətləndirilməsini isə cinayət kimi irəli sürmək əsl absurddur. Axı bu həmin Ruhulla Axundovdur ki, 1919-cu ildən Kommunist Partiyasının üzvü olmuş, 1925-1926-cı illərdə Azərbaycan SSR Kommunist Partiyasının birinci katibi vəzifəsini tutmuş, Karl Marksın əsərlərini Azərbaycan dilinə ilk dəfə tərcümə etmişdir. Görəsən, hansı səbəblərə görə ittifaq üçün bu qədər əhəmiyyətli, həm də Lenin ordenli şəxs qəfil düşmənə çevrilmişdir? Bir də ki, kim bilir, hansı işgəncələrdən sonra Ülvi Rəcəb belə iyrənc ifadələri verməyə məcbur olub!? Həmin dindirilmədə müstəntiq Ülvi Rəcəbə belə bir sual ünvanlayır: "Əksinqilabi burjua-millətçi təşkilatın terrorçu göstərişləri haqqında sizə Əli Kərimov nə demişdi?" Ülvi Rəcəb cavab verir: "1936-cı ilin qışında Əli Kərimov mənə xəbər verdi ki, əksinqilabi burjua-millətçi təşkilatı Azərbaycan K(b)P MK katibi Mir Cəfər Bağırovun əleyhinə sui-qəsd hazırlayıb". Mir Cəfər Bağırov isə 1956-cı ildə keçirilən məhkəməsində bildirmişdir ki, ona qarşı heç bir sui-qəsd hazırlanmayıb və bu, ola da bilməzdi. Onun dediyinə görə, bu barədə bütün yalanları Beriya, Mikoyan və Sumbatov-Topuridze uydururdu. 1937-ci ilin 15 noyabrında keçirilən dindirmədə Ülvi Rəcəb ifadələrini yekunlaşdıraraq üzərinə qoyulan bütün ittihamları qəbul edir. 1938-ci ilin yanvar ayının 2-də Bakıda SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının bağlı iclası keçirilir. İclas saat 17:40-da başlayır və 18:00-da qərar çıxarılır. Cəmi 20 dəqiqə çəkən iclasda bir aktyorun güllələnmə qərarı çıxarılır. Özü də teatr üçün həm realist, həm də romantik aktyor sayılan, tarix üçün janr müxtəlifliyinə görə nadir aktyorlardan hesab edilən Ülvi Rəcəb kimi sənət nəhənginin ölüm hökmü – cəmi 20 dəqiqədə çıxarılan ölüm hökmü..! Aktyorun məhkəməsi nə üçün 20 dəqiqə çəkib? Ölüm hökmü nə vaxt icra olunub? Aktyor güllələnmədən neçə il sonra bəraət qazanıb? Ülvi Rəcəb haqqında müsbət xasiyyətnamələri hansı məşhur aktyorlar yazıb? Bəraət haqqında məlumat nə üçün aktyorla heç bir qohumluq əlaqəsi olmayan aktrisa Mərziyyə Davudovaya göndərilir?— dördüncü yazıda.
Orxan BAHADIRSOY

sputnik.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.