Mirzə Sakit: “Məhbus ailələrinə xarici fondlardan göndərilən yardımlar yeyilir”
6-07-2017, 18:57
Mirzə Sakit: “Araşdırma gedir və bu fitnəkarlıq böyük sensasiyaya səbəb olacaq”
Hazırda Belçikada mühacir həyatı yaşayan satirik yazar Mirzə Sakit ilginc bir hadisənin üstünü açıb. Bu barədə “Yeni Müsavat”a açıqlamasında danışan satirik aşağıdakıları deyib: “Mən həbsdə olarkən, 2008-ci ildə Amerikanın PEN Klubu və Amerikanın ”Hellman-Hammett Grants" adlanan təşkilatı mənim ailəmin sosial problemlərinə yardım etmək məqsədilə müxtəlif vaxtlarda 10 min və 8 min dollar məbləğində pul yardımı ayırıb.
Həmin yardım Azərbaycanda hansısa təşkilat (bəlkə də siyasi partiya) vasitəsilə mənim ailəmə çatdırılmalı imiş. Ancaq çox təəssüflər olsun ki, həmin o 10 min və 8 min dollardan bir sent də bizə çatdırılmayıb. Hazırda bu məlumat adları çəkilən təşkilatlara göndərilib və həmin təşkilatlardan bu haqda hesabat tələb olunur.
Məlumat çox ciddidir və inanıram ki, bu fitnəkarlıq böyük sensasiyaya səbəb olacaq".
Bu olayın detalları ilə bağlı danışan satirik eyni zamanda bildirdi ki, bu işin üstünün açılmasında Amerikada yaşayan bir dostu yardımçı olub. Bu şəxsin PEN Klubla əlaqəsi olduğunu xatırladan Mirzə Sakit onun vasitəsilə Amerikadakı bir jurnalda şeirlərinin tərcümə versiyasının da çap olunacağını vurğuladı. Müsahibimizin sözlərinə görə, xaricdə yaşayan dostu bir jurnalın ondan müsahibə götürmək istədiyini deyib. Ardınca isə hansı mövzularda danışacağı, habelə həbsdə olarkən aldığı mükafatlar barədə sualların anonsunu verib.
Sonuncu barədə detallı bilgisi olmadığından dostu Mirzə Sakit üçün internetdə araşdırma aparıb: “Təsadüfən üzə çıxdı ki, 2008-ci ildə Amerikanın PEN Klubu və Amerikanın ”Hellman-Hammett Grants" adlanan təşkilatı mənim ailəmin sosial problemlərinə yardım etmək məqsədilə müxtəlif vaxtlarda 10 min və 8 min dollar məbləğində pul yardımı edib. Halbuki mənim bunların heç birindən xəbərim olmayıb. Bir neçə dəfə 300-500 dollar olmaqla, “Soros” fondundan yardımlar almışıq. Mən bunu deyəndən sonra gənc dostum bu təşkilatlara sorğu göndərib ki, sözügedən məbləğlər ünvana çatmayıb. Ona deyilib ki, bu təşkilatlar dünyanın bir çox ölkəsində bu cür tanınmış məhbuslara yardımlar edirlər. Amma onun arxasınca düşüb araşdırmırlar. Hesabat tələb edəndə isə bunu ən incə detalına qədər aydınlaşdırmağa çalışırlar. İndi sorğu göndərilib və inanıram ki, bu iş aydınlaşdırılacaq. Mən məsələni tam dolğun şəkildə sona çatdırılmasını gözləyirəm".
Mirzə Sakit dedi ki, bu pulun konkret kim və ya kimlər tərəfindən ələ keçirilməsi barədə məlumatsızdır. Müsahibimiz məhz bu səbəbdən əlahəzrət faktı gözlədiyini vurğuladı: “Özü də söhbət təkcə məndən getmir. Azərbaycanda olan əksər siyasi məhbuslarla bağlı durumdur. Onlara zaman-zaman pul verilsə də, yerlərdə onu lazımi ünvana çatdırmırlar. Xatırlayırsınızsa, daha öncə mənimlə bağlı da belə situasiya yaşanmışdı və onu ”Yeni Müsavat" aydınlaşdırıb üzə çıxarmışdı. Hüquq müdafiəçiləri Fuad Həsənov və Vüqar Qocayev bu pulu yemək istəyirdi, amma mətbuat məsələnin üstünə düşdüyü üçün alınmadı. Ümumiyyətlə, Azərbaycanda təşkilatlar məhbusların pulunu yeyirlər. Bəzən məhbusa 10 manat verirlərsə, təşkilatlar onun cəmi 1 manatını məhbus ailəsinə verirlər. Bəzənsə heç 1 qəpiyini də vermirlər. Hakimiyyətdən haqq və ədalət tələb edənlər görün özləri insanların hüquqlarını necə tapdayır, ciblərinə necə girir".
Satirik eyni zamanda vurğuladı ki, bu sayaq situasiyalarda səsini çıxardığı üçün onu “pulgir” adlandırırlar və bu, tamamilə haqsızlıqdır: “Mən pulgir olsam qürbətdə nə ölümüm vardı? Oturardım Azərbaycanda, bir dövlət məmurunu vəsf edən kitab çıxarardım, bala-bala yeyərdim o puldan. Mən deyirəm ki, onsuz da hakimiyyət tərəfindən bütün haqları əlindən alınmış insanları bir tərəfdən də bu cür istismar etməsinlər. Qoyun bu araşdırma yekunlaşsın, nəticələri barədə sizə də məlumat verəcəm”.