BİZ GƏLƏCƏYİMİZİ İTİRİRİK
7-07-2017, 08:53
Ana və körpə ölümündən ağır faciə ola bilməz
Daha bir gənc qadın analıq sevincini yaşamadan, körpəsini quğacına almamış dünyadan köç etdi. Söhbət, 7 saylı Doğum Evində dünyasını dəyişmiş Turanə Məmmədovadan gedir. Verilən məlumatlara görə, T.Məmmədova kəskin qanitirmə nəticəsində dünyasını dəyşib. Xəstənin qan analizlərinin nəticələri bilinmədən qeysəriyyə əməliyyatına alınıb. Əməliyyatla körpə bətndən çıxarılıb.
Lakin əməliyyat sonrası xəstədə qanaxma başlayıb. Həkimlər bu dəfə T.Məmmədovanın uşaqlığını əməliyyatla almaq qərarına gəliblər. Lakin bu da qanaxmanı dayandırmayıb və xəstə vəfat edib. Baş vermiş ölüm faktı ilə bağlı Səhiyyə Nazirliyinin məlumatında isə bildirilir ki, xəstə doğum evinə xroniki qeroksiya (toxuma və hüceyrələrdə kislorod - hava çatışmazlığı - red) diaqnozu ilə gətirilib. Qeysəriyyə əməliyyatından sonra kəskin qanaxma başlayıb. Bütün lazımi reanimasiyon tədbirlər görülsə də, xəstənin həyatını xilas etmək mümkün olmayıb. Hazırda SN-in Doğuşayardım Komissiyası tərəfindən araşdırma aparılır.
Son illər ana və körpə ölümləri ilə bağlı eşitməyə adət etdiyimiz açıqlamadır. Təəssüf ki, hadisənin üzərindən müəyyən qədər zaman keçdikdən sonra daha heç kim araşdırma nəticələrilə maraqlanmır, ictimaiyyətə də heç bir məlumat verilmir. Məsələ beləcə soyuyur, Səhiyyə Nazirliyinin hesabatlarında isə hansısa həkimlərin cəzalandığı, ya töhmət aldığı, ya da cəza olaraq başqa işə keçirildiyi bildirilir.
Ailələrsə dağınıq və natamam - körpələr anasız, analar körpəsiz, atalar - ərlərsə qadınsız yaşamaqda davam edir. İnsanların yaşadıqları faciələrin səbəbkarları isə demək olar ki, arxa planda qalır. Azərbaycan xalqının "taleyi belə gətirdi, qisməti belə imiş...” inancı kimlərəsə sərf edir. Bədbəxtliyi, faciəni taleyin - gözəgörünməz qüvvənin "boynuna qoymaq” çoxumuz üçün vəziyyətdən ən optimal çıxış yoludur.
Bəs, nə vaxta qədər? Nə vaxta qədər ana və körpə ölümlərinə "dur” deyilməyəcək? Ana və körpə itkilərinin əsl səbəbləri üstüörtülü qalacaq?
"Laqeydlik və qəddarlıq artıb”
D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu "Şərq”ə açıqlamasında son iki gündə baş verən hadisələrdən hədsiz təsirləndiyini dilə gətirdi:
- Hadisələrdən biri, əlbəttə ki, 2 yaşlı Zəhra balanın faciəsidir. Biz növbəti dəfə erməni vandalizminin şahidi oluruq. Bununla belə, mən 2 yaşlı Zəhranın faciəsinin bu dərəcədə ictimailəşdirilməsini, beynəlxalq təşkilatların diqqətinə çatdırılmasını azərbaycanlı olaraq alqışlayıram. Amma eyni fəallığı, eyni kəskin reaksiyanı mən doğuş zamanı tələf olan gənc qadınlar və nakam körpələrlə bağlı da görmək istərdim. Gənc analar niyə tələf olmalıdır, körpələr niyə ölməlidir?! Doğuş zamanı tələfat ola bilər, körpə də vəfat edər, amma daha bu qədər yox da!.. Son illər ana və körpə ölümləri artır. Cəmiyyətdə isə biganəlik hökm sürür. İctimaiyyət sanki laqeydliyin təsiri altındadır. Ana və körpə ölümlərinə mən sərt təpkinin, sərt reaksiyanın şahidi olmuram.
Bu, məni çox narahat edir. Hansı ekstra bir hadisə olmalıdır ki, bizim cəmiyyət tərpənsin? Ana və körpə ölümündən ağır faciə ola bilməz. Biz gələcəyimizi itiririk. Bu, həqiqətən qlobal və aktual problemdir. Səhiyyə Nazirliyi bu məsələ ilə çox ciddi məşğul olmalıdır. Analar, körpələr hansı səbəblərdən tələf olur? Bunda həkimin məsuliyyəti nə qədərdir, bilinməlidir. Televiziyalarda bu problem qaldırılmalıdır. Hansısa müğənninin villasını, təzə maşınını az reklam etsinlər, cəmiyyəti düşündürən problemlərə vaxt ayırsınlar. Gah eşidirsən ki, qadın evdən qaçıb, gah eşidirsən, ana uşaqlarını atıb küçəyə. Mən burda iqtisadi çətinliklər səbəbini heç cür qəbul etmirəm. Müharibə vaxtı aclıq olub, qıtlıq olub, bir çörəyi 10 yerə bölüb uşaqlara yediriblər. İqtisadi çətinlik bir ananın övladından imtina etməsinə heç vaxt səbəb ola bilməz. Burada başqa səbəblər var. Biri də, insanların getdikcə qəddarlaşması, laqeydliyidir.
N.Cəfəroğlu ana və körpə ölümləri ilə bağlı sosial aksiyaların keçirilməsini də vacib sayır:
- Bu aksiyaları hüquq-mühafizə orqanları ilə birgə təşkil etmək lazımdır. Polisə müraciət edilməlidir ki, bizi qoruyun, aksiya keçirək, çünki belə faciələr hamının başına gələ bilər. Hüquq-mühafizə orqanları ilə birgə seminarlar, treninqlər keçirən qeyri-hökumət təşkilatları bu məzmunlu sosial aksiyalar, fləşmoblar keçirə bilər. Bunun cəmiyyətdə böyük effekti olar, səhiyyə orqanlarını da tərpədər.
"Yalnız həkimləri günahlandırmaq doğru deyil”
Bu sözləri isə "Şərq”ə sosioloq Lalə Mehralı dedi. L.Mehralı ana və körpə ölümlərində yalnız həkimlərin suçlu bilinməsinin əleyhinə olduğunu bildirdi:
- Mən birbaşa həkimləri suçlu elan etməyin həmişə əleyhinə olmuşam. Baxmayaraq ki, özüm də doğuş prosesi zamanı körpəmi itirmişəm. Dölyanı maye axmağa başlamışdı, həkimə dedim ki, maye axır, doğuşa başlanmalıdır, həkim isə deyirdi ki, hələ gözlə. Gözlə-gözlə, deyə-deyə maye axıb qurtardı, körpə quruda qaldı və tələf oldu. Mən bu dəhşəti yaşamış qadınam. Lakin bununla belə həkimləri birmənalı günahlandırmağın əleyhinəyəm. Çünki ana və körpə ölümləri heç də bütün hallarda həkimlərin səhvi və ya səhlənkarlığı üzündən baş vermir. Burada qadınların özləri də günahkar olur.
"Anacan.az” internet səhifəsi var. Bir neçə gün əvvəl orada bir gənc yazmışdı ki, hamiləyəm, maye axıntısı başlayıb. Mən də daxil olmaqla, səhifəyə üzv olan digər xanımların daha bir neçəsi cavab yazdı ki, bu, doğuş əlamətidir, təcili xəstəxanaya getməlisən. Baxırıq, xanım yazır ki, "səhər açılsın, gedərəm”. Buna nə ad vermək olar?! İstəmirəm kobud ifadə işlədim, ancaq bizim gənc xanımların çoxu savadsızdır, hamiləliklə bağlı məlumatsızdırlar, öyrənməyə cəhd də etmirlər. Qadın var ki, 9 aylıq hamiləlik dövründə bircə dəfə də həkimə müraciət etmir, müayinə olunmur. Nə qədər deyilir ki, evlilikdən öncə tibbi müayinədən keçin. İnsanlarımız bunu əskiklik sayır. Amma düşünmürlər ki, bu gün gizli qalan hər hansı xəstəlik sabah həyatını qaralda bilər.
Bəzilərinin ailələri, qayınanaları buna mane olur. "Biz həkimə getmişik ki, sən də gedəsən” tipli köhnə fikirliliklə çıxış edirlər.
Daha bu insanlar anlamaq istəmir ki, sizin zamanla müasir zaman fərqlidir. İndi sağlam həyat şərtləri, sağlam ailə, sağlam ana və körpə tapmaq çox çətindir. Yaşayış normaları, yaşayış standartları dəyişib. Nə yediyimiz bəllidir, nə içdiyimiz. Bunları nəzərə alaraq hər bir qadın öz sağlamlığına məsuliyyətlə yanaşmalı, xüsusən hamiləlik dövründə təkcə özlərinin deyil, gələcək körpənin də həyatını düşünüb ağıllı addımlar atmalıdırlar. Deyirsiniz, qeyri-hökumət təşkilatları aksiyalar keçirsin, sosial şəbəkələrdə aktivlik olsun. Bir ana ki, öz canına laqeyd yanaşır, ona QHT nə etsin, sosial şəbəkə nə etsin?..
Nə qədər ki, qadınlarımız, gənc xanımlarımız qədirlərini bilməyəcəklər, belə fəlakətlər də yaşanacaq.
Bizdə öncədən qan analizləri aparılmır. Xarici ölkələrdə isə analizlərin aparılması tibbi paketə daxildir deyə, müayinələr edilir. Doğuşu "kiçik ölüm” adlandırırlar. Heç kim doğuş zamanı yaşana biləcək ağırlaşmalardan sığortalanmayıb. Lakin maksimum önləyici tədbirlər alınmalıdır. Bunu da hər kəs gərək özü etsin. Öz sağlamlığını, taleyini düşünərək. Çətin iş deyil, hamiləlik dövründə gərəkən analizləri vermək və ya müayinə olunmaq. Sadəcə, bizim xanımlar bir tərəfdən tibbi savadsızlıq, bir tərəfdən də məsuliyyətsizlikdən sağlamlıqlarına biganə yanaşırlar.