Çexiyada öldürülən azərbaycanlı biznesmenin qətlində yeni detallar

8-07-2017, 10:16           
Çexiyada öldürülən azərbaycanlı biznesmenin qətlində yeni detallar
İş adamının ən yaxın adamı “Yeni Müsavat”a danışdı; Azərbaycan dövlətinin də diqqət mərkəzində olan cinayət işi ilə bağlı saxlanılanlar var; lakin qətlin motivi hələ də qaranlıq qalır...

Bizneslə məşğul olduğu Çexiyanın paytaxtı Praqada iyunun 30-da öz avtomobilində ölü tapılan azərbaycanlı iş adamı, “TERN Transport & Trading CZ” şirkətinin baş direktoru Rəşad Qafarovun qətli ilə bağlı saxlanılanlar var. Hazırda istintaq davam edir. Saxlanılanlar bir neçə nəfərdir. İstintaq onların qətlə aidiyyətlərini araşdırır.

Bu haqda “Yeni Müsavat”ın əməkdaşının suallarını cavablandıran R.Qafarovun müavini olmuş Mübariz Süleymanov məlumat verib. Deyib ki, şübhəlilərin kimliyi, ad-soyadları gizli saxlanılır: “Saxlanılanların bəzilərini heç yerə getməmək haqda iltizam almaqla buraxıblar. Onların arasında azərbaycanlıların olub-olmaması haqda məlumatsızıq. Həmin şəxslər Çexiyanı tərk edə bilməzlər. İstintaq gedir, gözləyirik”.


M.Süleymanov deyib ki, olay baş verəndən sonra R.Qafarovun Azərbaycanda yaşayan yaxınları Çexiyaya yollanıblar: “Şirkətimizin Çexiyada işləyən vəkili də var. Onlar da orada məsələni öyrənirlər, araşdırırlar. Azərbaycanın Çexiyadakı səfirliyi də bu məsələnin araşdırılması üçün fəal şəkildə dəstək verir. Azərbaycan dövləti də məsələsinin araşdırılmasına lazım olan köməkliyi göstərir”.


M.Süleymanov hadisədən sonra R.Qafarovun sahibi olduğu və Azərbaycanda fəaliyyət göstərən “TERN Transport & Trading AZ” şirkətində hər hansı bir yoxlamanın aparılması ilə bağlı suala belə cavab verib: “Hələlik heç bir yoxlama yoxdur. Yəqin ki, hər hansı bir zərurət olacaqsa, yoxlama da aparılacaq. Hazırda Çexiyada istintaqın nəticələri gözlənilir. Oradakı istintaqın nəticəsindən asılı olaraq buradakı şirkətdə də yoxlama aparıla bilər”.


M.Süleymanov qətlin motivinin aydınlaşmadığını, qanlı cinayətin R.Qafarovun işgüzar fəaliyyəti və ya şəxsi münasibətlər zəminində baş verməsinin müəyyənləşmədiyini söylədi: “Bilirəm ki, bu məsələnin işlə bağlılığı yoxdur. Çünki işdə hər hansı bir problem yox idi. İşlər yaxşı gedirdi, daşımalarla bağlı öhdəliklər problemsiz yerinə yetirilirdi. Belə bir problem yox idi. Rəşad Qafarov çox gözəl insan idi. Ona toxunmasaydılar, o kimsəyə toxunmazdı. Rəşad işçilərinə arxa-dayaq idi. Çexiyada 14-15 nəfər, Azərbaycanda 33 nəfər işçi vardı. Hər kəslə doğma münasibəti vardı. Kimsənin problemi olurdusa, dərhal ona heç bir təmənnasız köməklik olunurdu. Bizlər onun qazandırdığı çörəyi yeyirdik”.


M.Süleymanov R.Qafarovun rəhbərlik etdiyi şirkətlərin Azərbaycanda məhkəmələrə cəlb olunması ilə bağlı sualı belə cavablandırdı: “Vaxtilə şirkətlərdə onun şəriki vardı. Şəriki dostu-tanışı idi. Sonradan şirkətdən hərə öz payını götürüb ayrıldı. İş məhkəməyə gedib çıxmadı. Hərə öz payını götürüb işinə davam etdi. Onun Amerikada olan ərəfədə başqa adamlarla söz-söhbəti olmuşdu. Amma həmin söz-söhbət də elə qlobal səviyyədə deyildi. Nə bilək vallah, nə baş verib”.
Qeyd edək ki, R.Qafarov “TERN Transport & Trading CZ” və “TERN Transport & Trading AZ” şirkətlərinə rəhbərlik edib. Birinci şirkət əsasən Avropa ərazisində beynəlxalq yükdaşımaları, ikincisi isə Azərbaycanın yerli və beynəlxalq yükdaşımalarını həyata keçirməkdədir. R.Qafarov ötən 10 ildə Çexiyada yaşayıb. 2 övladı, həyat yoldaşı da orada yaşayıb. Övladları orada təhsil alır. Şirkətləri beynəlxalq yük daşımaları ilə məşğul idi. İngiltərədən Çexiyaya, Çexiyadan İtaliyaya, Azərbaycana və digər ölkələrə yüklər daşınıb.


İyunun 30-da R.Qafarovu görüşə çağırıblar. Görüşə çağırılanda telefon söhbətinin şahidi olan həyat yoldaşı hər hansı bir qeyri-adilik hiss etməyib. R.Qafarov görüşə gedəndən az sonra onu Praqa şəhəri, Argentinskaya küçəsində öz maşınında cansız vəziyyətdə aşkarlanıblar. Məhkəmə tibb ekspertləri onun bədənində 5 bıçaq xəsarətinin izini aşkarlayıb. Hazırda istintaq bu məsələni araşdırır ki, ona həmin xəsarətləri maşında yanında əyləşən şəxs yetirib, yoxsa hadisə maşından kənarda olub.


İlkin qənaətlərə görə, hadisə maşından kənarda baş verib. R.Qafarov ona bıçaq xəsarətləri yetiriləndən sonra idarə etdiyi maşının sükanı arxasına keçə bilib. Lakin həddən ziyadə qan itirdiyindən halsızlaşıb deyə maşını idarə edə bilməyib. Buna görə də evə və ya xəstəxanaya özünü çatdıra bilməyib və dünyasını sükan arxasında dəyişib.


R.Qafarovun 40 yaşı vardı. İşə Azərbaycanın prokurorluq orqanlarında başlamışdı. R.Qafarov Çexiyada və Azərbaycanda öz sahəsində kifayət qədər tanınmış biznesmen olub. O, hazırda fəaliyyətini dayandırmış Azərbaycan Beynəlxalq Universitetinin məzunudur, bundan əvvəl “Panalpina” beynəlxalq loqistika şirkətinin regional nümayəndəliyində işləyib. Sonuncu vəzifəsi “TERN Transport & Trading CZ” şirkətinin baş direktoru vəzifəsi idi. Çexiyanın şirkətlər reyestrində yer alan məlumata görə, bu şirkətin səhmdarları Rəşad Qafarov və Dilara Qafarovadır. “TERN Transport & Trading” şirkətinin saytında göstərilənlərə əsasən bu şirkət 2008-ci ildə yaradılıb, hava, dəniz, dəmiryolları və avtomobil daşımaları ilə loqistik xidmətlərin tam kompleksini təklif edir. Şirkətin ilkin yükdaşıma marşrutu Azərbaycandan olsa da, o, tezliklə fəaliyyətini genişləndirib, Çexiya, Böyük Britaniya, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya və Türkiyədə filiallar şəbəkələri, anbarlar yaradıb. Şirkət hazırda Avropanın avtomobil nəqliyyatı ilə yükdaşımalar sahəsində liderlərindən biridir. Saytda göstərilir ki, şirkət dünyanın istənilən bir nöqtəsindən istənilən başqa nöqtəsinə yükləri çatdırmağa hazırdır. Yükdaşımalardan əlavə, şirkət yüklərin qısa və uzunmüddətli saxlanılmasını, yüklərin idarə edilməsini, gömrük xidmətlərini, sığorta və digər məsələləri də həll edir. R.Qafarovun cənazəsi iyulun 12-də Bakının Bilgəh qəbiristanlığında dəfn olunacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.