Məmməd Zeynalov: “Qanunla məhkuma heç pişik saxlamağa da icazə yoxdur”

8-07-2017, 11:05           
Məmməd Zeynalov: “Qanunla məhkuma heç pişik saxlamağa da icazə yoxdur”
Cahangir Hacıyev türmədə kondisioner quraşdırmaq istəsə...

Azərbaycan Beynəlxalq Bankının sabiq sədri Cahangir Hacıyev hazırda həbs həyatı yaşamaqdadır. Onun vəkili Aqil Layıcov “Yeni Müsavat”a açıqlamasında müvəkkilinin dözülməz şəraitdə saxlandığını deyib. Vəkil fikrini C.Hacıyevin saxlandığı 13 saylı cəzaçəkmə müəssisəsinin yerləşməsi ilə əlaqələndirib. Deyib ki, müəssisə daş karxanaları ilə əhatə olunub deyə karxanalardan qalxan mişar daşı toxu göyə sovurularaq havaya qarışır və nəticədə cəzaçəkmə müəssisəsində toz-tozanaq kəm olmur. Bu da son nəticədə müəssisədə olanların nəfəs almasını belə əngəlləyir.


Vəkil müəssisədə havalandırma sisteminin olmadığını, havaların isti keçdiyi yay günlərində məhkumların, faktiki, işgəncə ilə üz-üzə qaldığını da söyləyib.


Məşhur bankirin düşdüyü durum Azərbaycandakı cəzaçəkmə yerlərinin, istintaq təcridxanalarının çeşidli problemlərindən olan havalandırma sisteminin yoxluğu məsələsini bir daha gündəmə gətirib. Türməyə hər kəs düşə bilər və bu gün bu problemlərin həllinə səy göstərməyən səlahiyyətlilər də sabah 180 milyon manatlıq səhmə sahib olan C.Hacıyevin durumuna düşə bilərlər.


Penitensiar Xidmətin sabiq rəisi Məmməd Zeynalov “Yeni Müsavat”a açıqlamasında deyib ki, 13 saylı cəzaçəkmə müəssisəsi sovetlər birliyi dönəmindən inşa edilib. Müəssisədə mərkəzi havalandırma sistemi yoxdur: “Azərbaycanda olan cəzaçəkmə müəssisələrindən heç birində mərkəzi havalandırma sistemi, kondisioner yoxdur. 13 saylı cəzaçəkmə müəssisəsi Azərbaycanda olan 18 həbsxanadan ən pisidir. Ora yaxın yerdə daş karxanalarının olması dustaqlarda ağciyər problemləri yaradır. Sovetlər dağılandan sonra Azərbaycanda cəzaçəkmə müəssisəsi tikilməyib. Ona görə də müasir standartlardan danışmaq da yersizdir. Ötən əsrin 70-80-ci illərinin tələblərinə cavab verən cəzaçəkmə müəssisələridir. Azərbaycanda 18 cəzaçəkmə müəssisəsi, bir həbsxana, 4 istintaq təcridxanası, bir uşaqlar üçün cəzaçəkmə müəssisəsi və bir məhbuslar üçün müalicə müəssisəsi fəaliyyət göstərir. 4 saylı cəzaçəkmə müəssisəsi qadın məhkumlar üçün nəzərdə tutulub. Bakı və Şəkidə fəaliyyət göstərən istintaq təcridxanaları müstəqillik dönəmində inşa olunub. Həmin təcridxanalarda mərkəzi havalandırma sistemi var. Qalanlarında isə dustaqların saxlanma şəraitinin standartlara cavab verdiyini demək olmaz. Məhkumlara evdən ventilyator gətirməyə imkan verirlər”.


Sabiq rəis ölkədə fəaliyyətdə olan müəssisələrin saxlama şərtinə, yoluna, ekologiyasına görə daha ağır şəraitdə olanları da diqqətə çatdırdı: “Qaradağ rayonu ərazisindəki 13 və 14 saylı cəzaçəkmə müəssisələri çöllük ərazidə, dörd bir tərəfi daş karxanası olan yerdədir. Bir balaca külək oldusa, ərazidə karxanalarda mişar daşının kəsilməsində əmələ gələn toz-torpağın dumanına bürünür. Orada su problemi var. Yol bərbaddır, gediş-gəliş çətindir. Güzdək qəsəbəsindəki 12 saylı cəzaçəkmə müəssisəsi də 13-14 saylıdan fərqlənmir. Həmin müəssisənin də ətrafında daş karxanaları var və toz-torpaq məhkumların üzərindən əskik olmur”.


M.Zeynalov Azərbaycanda fəaliyyət göstərən cəzaçəkmə müəssisələrinə məhkumların bölüşdürülməsi meyarları haqda bunları dedi: “Məhkumların cəzaçəkmə müəssisələrinə göndərilməsi istintaq təcridxanası rəislərinin səlahiyyətindədir. Məhkəmə hökmündə saxlama rejimi göstərilir. Məsələn, məhkumun barəsində çıxan hökmdə yazılır ki, ciddi rejimli müəssisədə saxlanılmalıdır. Azərbaycanda ciddi və ümumi rejimli cəzaçəkmə müəssisələri var. Təcridxana rəisi məhkumu hökmdə göstərilən rejimə uyğun hansı müəssisəyə istəsə göndərir. Cahangir Hacıyevin də göndərildiyi müəssisə məhkəmə hökmündə göstərilən rejimə uyğun olub deyə ora yollayıblar. Başqa müəssisəyə də yollaya bilərdilər”.


M.Zeynalov Bakı və Bakıətrafı kəndlərdə yerləşən müəssisələr yol, saxlama şəraiti baxımından daha uyğun olduğundan məhkumların bir çoxu cəzasını həmin müəssisələrdə çəkməyə can atırlar: “Bölgü zamanı rəisdən xahişlər olur. Konkret kiminsə kiməsə bölgü zamanı verməsini söyləyə bilmərəm. Amma bura Azərbaycandır. Ola bilər ki, nəsə olur. Bir də bölgü zamanı əməliyyat işçilərinin təklifləri də nəzərə alınır. Müəyyən məhbusların təcridxana administrasiyasına işləməsini təmin etmək üçün onlara barəsindəki hökmdən sonra daha yaxşı şəraitli müəssisəyə göndəriləcəyi haqda vəd verilir. Yəni məhkumla şifahi olaraq belə bir müqavilə bağlanır - sən mənə yaxşı işlə, mən də səni yaxşı müəssisəyə göndərim. Müqavilə üzrə bölgü zamanı məhkumu daha yaxşı şəraitli müəssisəyə yollayırlar”.


M.Zeynalov ümumi rejimli müəssisələrlə ciddi rejimli müəssisələrin fərqini də izah etdi: “Ümumi rejimli müəssisələrdə görüşlərin, telefon danışıqlarının sayı, sovqatın çəkisi ciddi rejimli müəssisədən daha artıqdır. Bundan başqa, fərqlər yoxdur. Elə imkanlı məhkumlar var ki, baraklarda qalmırlar. Baraklar adi əsgər kazarmasından elə də fərqlənmir. İmkanlılar ayrıca otaq alırlar. Həmin otağa ”butok" deyilir. Orada məhkum yeməyini, içməyini özü alır, yeməyini bişirtdirir, yatıb-qalxır. Həmin məhkumların o biri məhkumlara qarışacağı olmur".


Sabiq rəis deyir ki, qanunda yazılıb ki, müəssisə rəhbərliyi məhkumların normal yaşayışını təmin etmək üçün şərait yaratmalıdır: “Cəzaçəkmə müəssisələri 100 faiz dövlət büdcəsi hesabına saxlanılır. Buna görə də müəssisələrdə yaxın zamanlarda mərkəzi havalandırma sisteminin quraşdırılacağına inanmıram. 18 müəssisədə mərkəzi havalandırma sisteminin quraşdırılması böyük məsrəfə başa gələr. Əvvəllər belə idi ki, məhkumlar məssisələrdə işləyib pul qazana bilirdilər. Həmin dövrlərdə bəlkə də nəsə etmək olardı. İndi isə çətin məsələdir. Qanunda yazılan ”müəssisə rəhbərliyi məhkumların normal yaşayışını təmin etməlidir" ümumi sözlərdən başqa bir şey deyil. Müəssisə rəhbərliyi pul olmayan yerdə nə cür məhkumun normal yaşayışını təmin edə bilər?"


Bəs imkanlı məhkumlar öz hesablarına saxlandıqları cəzaçəkmə müəssisələrində mərkəzi havalandırma sisteminin quraşdırılması, heç olmasa saxlandıqları barakın kondisionerlə təmin edilməsini maliyyələşdirə bilərlərmi?


M.Zeynalov bu suala belə cavab verib: “Azərbaycan qanunları buna yol vermir. Məhkuma heç pişik saxlamağa da qanunla icazə yoxdur, qalmışdı kondisioner quraşdırmasına icazə olsun. Bir tərəfdən də qanunda yazılır ki, müəssisə rəhbərliyi məhkumların sağlam yaşam tərzini təmin etməlidir. Qanunda yazmırlar ki, orada normal yaşam tərzinin təmini üçün elementlərdən biri kimi kondisioner quraşdırmaq olar”.


Qanundan belə anlaşılır ki, müəssisə rəhbərliyi məhkumdan, onun yaxınlarından saxlama şəraitinin yaxşılaşdırılması üçün maddi dəstək istəyə bilər?


M.Zeynalov deyir ki, bu məsələlər qanuni şəkildə həll edilməlidir: “Xeyriyyə işi kimi məhkumlar, onların yaxınları saxlama şəraitinin yaxşılaşdırılması üçün addımlar ata bilərlər. Qanunla xeyriyyəçilik qadağan deyil”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.