Müharibə hazırlığının GÖRÜNMƏYƏN ÜZÜ: 3 dövlətin gizli hədəfi ORTAYA ÇIXDI

8-07-2017, 14:00           

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanının liderlik etdiyi ərəb ölkələri qrupunun embarqosu ilə başlayan Qətər böhranının pərdəarxasında enerji müharibələri dayanır.

Publika.az xəbər verir ki, bu haqda Türkiyənin “Star” nəşri yazıb.

Qətər bu günlərdə açıqladığı yeni enerji planı ilə “təzyiqlərə qarşı müqavimət göstərəcəyəm!” mesajı verdi. Enerji planı Qətərin uzun illər ərzində dünyanın ən böyük mayeləşdirilmiş qaz (LNG) ixracatçısı olmasını təmin edəcək.

Qətər Neft Şirkətinin (QP) rəhbərlərindən biri və Qətər Qaz Şirkətinin (Qatargas) İdarə Heyətinin başçısı Saad Şerid əl-Kabi Qətərin LNG istehsal gücünü 5-7 il ərzində 30 faiz artıraraq illik 77 milyon tondan 100 milyon tona çıxaracaqlarını açıqlayıb. Bu addım Qətərin ona qarşı embarqoların müəllifləri olan Səudiyyə Ərəbistanı və BƏƏ, eyni zamanda dolayısı ilə onları dəstəkləyən ABŞ qarşısında geri çəkilməyəcəyi, həmçinin bazarda LNG payı uğrunda mübarizəyə davam edəcəyi barədə mesajdır.

Avstraliya, ABŞ və Qətər arasında enerji mübarizəsi baş verəcək

Qətərin LNG-dən güc olaraq istifadə edəcəyi dəqiqdir. Dohanın yeni enerji planı qarşıdakı iki ildə dünyanın ən böyük LNG tədarükçüsü olmağı planlaşdıran Avstraliya başda olmaqla ABŞ və digər ölkələrin planlarını pozur.

Donald Tramp administrasiyası ABŞ-ın LNG istehsalını artıraraq 2020-ci ildə dünyanın üçüncü böyük LNG ixracatçısı olmağı planlaşdırır. Əsas məqsəd LNG-ni Avropa bazarına yönəltməklə Rusiyanın buradan sıxışdırıb çıxarmaqdır. Ancaq ABŞ-da qazın mayeləşdirilməsi xərcinin Qətərlə müqayisədə daha yüksək olması bu mübarizədə Qətərə üstünlük verir. Bu üstünlük Dohaya LNG-yə tələbatı artan ölkələrdə bazar payını yüksəltməsinə imkan verəcək. Mütəxəssislər hesab edirlər ki, Qətər qazı üçün üfüqdə görünən tək risk uzun müddətli LNG alıcılarının tapılmasıdır. Ancaq dünyada artan LNG tələbatı da nəzərdən qaçırılmamalıdır.

Asiyanın enerji bazarı uğrunda savaşı

Ər-Riyad və Əbu-Dabi Qətərə qoyulan sərmayələrin qarşısını almaq üçün “Royal Dutch Shell”, “Total” və “ExxonMobil” kimi beynəlxalq enerji şirkətlərindən istifadə etməyə çalışsa da, dünya nəhəngləri Körfəzdə yaşanan gərginlikdən uzaq qalmağa çalışırlar. Əksinə, LNG istehsalın genişləndirilməsi ilə bağlı Dohanın qərarı Qətərin beynəlxalq enerji şirkətləri ilə olan əlaqələrini gücləndirir.

LNG-nin neftdən daha təmiz yanacaq olması böyük iqtisadiyyatı və havanın çirkliliyinin azaltmaq istəyən Çin, Hindistan və Cənubi Koreya kimi ölkələrin qaza olan tələbatı artırır. Neft İxrac edən ölkələr təşkilatına (OPEC) görə, neft Səudiyyə Ərəbistanının ümumi daxili məhsulunun 50, ixracat gəlirlərinin isə 85 faizini təşkil edir. Qətərin Asiya enerji bazarından pay almaq ehtimalı Ər-Riyadı narahat edir. Digər tərəfdən, Rusiya 2016-cı ilin dekabrında dünyanın ən böyük neft istehsalçısı olan Səudiyyə Ərəbistanını keçib. Moskva dünyanın ən böyük neft idxalçısı və üçüncü böyük LNG idxalçısı olan Çin bazarındakı payını da artırır.

Mütəxəssislər hesab edir ki, Səudiyyə Ərəbistanı bu döyüşdə Çin bazarının digər hissəsini Qətərə təhvil verməli olacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.