Bakıda dolları 7 qəpiyə əldə etməyin ən asan yolu
8-07-2017, 21:40
Rəqəmlər bəzi qrupların əhalidən gizlətdiyi gerçəkləri açır
Azərbaycanda pambıq istehsalını subsidiyalaşdıran dövlət kəndli təsərrüfatlarına ödədiyi hər 7 qəpiyin əvəzinə 1 dollar qazanır.
İstiPress-in məlumatına görə, dövlət tədarük məntəqələrinə verilən pambığın hər kiloqramına 10 qəpik subsidiya ödəyir və əldə edilən pambıq lif halına salınmadan, yəni çiyidli şəkildə dünya bazarlarında №2 (Cotton #2) markası ilə kiloqramı 1,5 dollara satılır.
Rəsmi statistikaya görə, keçən il ölkənin pambıqçılıq rayonlarında 52 min hektar sahədən 87,2 min ton pambıq yığılıb. Yığılan pambığın əksəriyyəti dünya bazarlarında satılıb, yəni nəzəri olaraq Azərbaycan indiki qiymətlərlə pambıq ticarətindən 130 milyon dollardan artıq vəsait götürüb.
Dünya bazarında pambığın 1 funtunun qiymətinin dəyişməsi (sentlə)
Buna cəmi 8,7 milyon manat subsidiya verildiyi nəzərə alınarsa, bunun manatın makroiqtisadi möhkəmliyi baxımından yetərincə əlverişli addım olduğu göz qabağındadır. Əgər ölkə rəsmi səviyyədə bəyan edilən 500 min ton pambıq yığırsa, bu, 750 milyon dollar valyuta gəliri deməkdir və Azərbaycanın hər il ərzaq idxalına xərclədiyi 1 milyard dolların böyük hissəsini bununla qapaya bilər.
Rəqəmlər bu biznesin ailə təsərrüfatları üçün əlverişli olduğunu da ehtimal etməyə imkan verir. Bu hesabla hər hektar 2,5 min dollar gəlir gətirir ki, təxminən 4 hektara bərabər olan orta kəndli təsərrüfatı üçün 6 min dollar, yəni 10 min manat gəlir deməkdir. Amma qəribədir ki, bütün bunlara baxmayaraq, statistikada görünür ki, Azərbaycanda əhali pambıq əkməyə meylli olmayıb. Məsələn, 2011-ci ildə ölkədə 42,8 min hektar sahədə pambıq əkildiyi halda, 2015-ci ildə bu, 18,7 min hektara düşmüşdü. Dünya bazarı qiymətləri isə hər şeyin əksinə olmalı olduğunu göstərir, çünki Pakistanda baş vermiş daşqınlar üzündən dünya bazarında pambıq qiymətləri bir ara 3 dəfəyə qədər qalxmışdı.
Keçən ilin təcrübəsi göstərir ki, stimullaşdırmaya baxmayaraq əhali pambıq becərməyə elə də maraq göstərmir və keçən il yığımın dekabra qədər uzanması buna bariz misaldır, sahələrdən məhsulun yığılması inzibati üsullardan istifadə edildi, məktəblər, səhiyyə işçiləri, dövlət qulluqçuları bu işə cəlb edildi. Hər şey ildə 1 milyon ton pambıq yığılan sovet dövrünü xatırlatdı. Buna görə də, bu il 136 min hektar sahədədən proqnozlaşdırılan 140 min ton pambığın necə yığılacağı sual doğurur. Hər şey əllə yığılır və sovet illərində 4500 pambıq yığan maşın olan Azərbaycanda indi bu texnikanın sayı 100-ün ətrafında dəyişir. Çox kəndlərdə pambıqyığan maşın yoxdur və əhali məhsulu əllə yığmağa məcburdur.
Mənbə: Dövlət Statistika Komitəsi
Aqrar islahatlar üzrə ekspert Vahid Məhərrəmli İstiPress-ə müsahibəsində əhalinin pambıq əkmək istəməməsini tədarük qiymətlərinin aşağı olması ilə izah edib:
"Fermerin hər hektara 800 manata yaxın xərci çıxır, sahədən isə 1,7 ton məhsul götürür. Tədarük şirkəti bunun üçün fermerə 850 manat ödəyir. Yəni kəndli ailəsinin hektardan gəliri 50 manata düşür. Xərclərin belə yüksək olmasında lizinqə verilən texnikanın, xüsusilə də pambıqyığan maşınların həddindən bahalılığı xüsusi rol oynayır. Belə olan şəraitdə fermer torpağı əkməkdən imtina edir. Son illər verilən 10 qəpiklik subsidiya hektardan gəliri 220 manata qədər qaldırıb. Bu, pambığa müəyyən qədər həvəsi artırsa da, ciddi nəticə verə bilməz".
Vahid Məhərrəmlinin sözlərinə görə, sahəyə həvəsi artırmaq üçün tədarük qiymətlərini region ölkələrinin səviyyəsinə qaldırmaq lazımdır: "Türkiyədə və İranda pambığın kiloqramını fermerdən 90 sentə, yəni bizim pulla 1,5 manata alırlar. Əks halda, bu, qul əməyinə çevrilir. Bizdə tədarükçülr hər hektardan götürdükləri 4200 manatın yalnız 850 manatını fermerə verirlər, qalan pulu (3350 manatı - red.) özlərinə götürürlər. Türkiyədə və İrandakı qiymətlərlə qəbul etsəydilər bu məbləğin 2600 manatı fermerlərə, 1600 manatı tədarük şirkətlərinə çatardıt ki, bu, yetərincə ədalətli olardı".
Aqrar ekspertin fikrincə, tədarük şirkətləri onusuz da məhsulu götürəndə fermerlərə qarşı çox sərt davranırlar: "Sovet vaxtı tədarük məntəqəsinə təqdim edilən pambığın çəkisi nəmliyə və zibilə görə, 5-6% azaldılırdı. İndi tədarük şirkətləri zibilə və nəmliyə görə çəkini 30-40 faiz azaldır. Yəni tədarük şirkətləri fermerlərin əlindən daha çox vəsait qoparır, bu da kəndli ailələrini sektordan qaçmağa məcbur edir".
Aqrar ekspertin toxunduğu bu məsələ yığım zamanı İstiPress-ə edilən müraciətlərdə də öz əksini tapırdı. Fermerlər tədarük şirkətlərinin insafsızlığı ilə yanaşı, inhisarçı mövqeyindən də şikayətçi idilər və haqsız yerə aşağı keyfiyyətli kimi qiymətləndirilmiş məhsulu alternativ şirkətə məxsus məntəqəyə vermək istəyəndə çox çətinliklə qarşılaşdıqlarını bildirirlər. Yəni hökumət həm tədarük sektorundakı inhisarçı vəziyyəti yox etməli, həm də Türkiyədə və İranda olduğu kimi tədarükdə ən aşağı qiyməti və nəmlik üçün məhsuldan çıxıla bilən ən yuxarı faiz dərəcəsini müəyyən etməlidir. Yəni 30 - 40 faiz (!? - red.) nəmlikdən dəm vurub zəhmətkeş insanların talanmasına imkan verməməlidir.