ABŞ MƏTBUATI TRAMPIN PUTİNƏ MƏĞLUB OLDUĞUNU YAZIR: 0:1
10-07-2017, 02:01
ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında çoxdan gözlənilən görüş baş tutdu.
ABŞ mətbuatından isə görüşlə əlaqədar öz prezidentlərinə yönəlik tənqid səsləri ucalmağa başlayıb. Bunu qəzet yazarlarının məqalələrindən, ananlitik təhlillərdən görmək mümkündür.
Qəzetlərin əsl tənqid hədəfinə tuş gələn məsələ Trampın görüş zamanı Putindən ABŞ-dakı seçkilərə müdaxilə olunub-olunmaması ilə bağlı ötəri tərzdə sual verməsi olub.
“Deyəsən o, bu sualı versə də hər şeyi daha yaxşı etmək əvəzinə daha da bərbad vəziyyətə salıb”, - Vox xəbər portalının yazarı Aleks Uord yazır.
Müəllif Trampın Putinin bununla bağlı inkar dolu sözlərinə inandığını düşünür. Halbuki ABŞ kəşfiyyatı Rusiyanın seçkilərə qeyri-qanuni müdaxləsinə artıq qeyd-şərtsisz inanır.
Aleks Uord Trampın ölkənin mövqelərinə vurduğu zərbənin təkcə bununla məhdudlaşmadığını qeyd edib. Belə ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, Tramp Putinə ABŞ mətbuatının Rusiyanın seçkilərə müdaxilə etməsi məsələsini qəsdən şişirdiyini söyləyib.
“Bunu həmin görüşün ən yaddaqalan nəticəsi hesab etmək olar. Faktiki olaraq Rusiya istədiyini ala bildi. Daha doğrusu Tramp administrasiyasının Kremlin günahsızlığına inandığı görüntüsü verildi”, - müəllif yazır.
Bundan başqa müəllif Trampın Puitnə ABŞ Senatının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları aşmaq istədiyi barədə sözlərinə də diqqət çəkib. “Beləliklə Putin əsl istədiyinə nail oldu. O, ABŞ prezidentini barmağına dolamağı bacardı. Çünki belə görüşlərdə hazırlıq ən birinci önəm kəsb edir. Ağ Evin rəhbəri isə heç bir şeyə hazır deyildi”, - müəllif yazır.
Uord ABŞ prezidentinin görüşlə bağlı olaraq hər hansı qeyd və ya tezisinin olmasına da şübhə ilə yanaşıb. The New York Times qəzetinin yazdığına görə isə Rusiya onsuz da Putinin görüşdən qalib çıxacağına əvvəlcədən əmin olub. Ssenarilərdən birinə əsasən, mahiyyət üzrə heç bir razılaşma əldə edilməsə belə, Moskva Trampı zəif lider kimi təqdim edə biləcəkdi. İkinci ssenariyə görə isə, Tramp Rusiya ilə çalışmağa məcbur qalmalı idi. Beləliklə ABŞ prezidenti müzakirə edilən bütün məsələlərdə köməksiz vəziyyətdə görünməli idi.
“İndiki vəziyyət Putin üçün istənilən halda məğlubiyyətsiz situasiyadır”, - Moskva Karnegi mərkəzinin analitiki Andrey Kolesnikov The New York Times-a bildirib.
Qəzetin yazdığına görə, ictimai rəyi görüşlə bağlı tənqidi rəylərdən yayındırmaq və yaranan pərtliyi aradan qaldırmaq məqsədilə Tramp özünün ənənəvi üsullarına əl atıb. Dünən səhər o, yenə də öz tvitter səhifəsində sammitdə hər kəsin Hillari Klintonun seçki qərargahının keçmiş rəhbəri Con Podestanın hansı səbəbdən Demokrat partiyasının Milli Komitəsinin serverini FTB və MKİ-yə vermədiyi ilə maraqlandığını yazıb.
Hazırda həyat yoldaşı ilə səyahətdə olan Podesta isə Trampın tvitterindən xəbər tutan kimi onu “sarsaq” adlandırıb və beynini başqa işlərə sərf etməsini məsləhət görüb.
“Tramp Rusiya lideri ilə yaxın dostluq münasibətləri istəyindən vaz keçməlidir. O, Rusiyadakı insan haqlarının gündən-günə pisləşən vəziyyətinə diqqət çəkməli və ABŞ-la Rusiya arasında istənilən mənəvi paralel aparmaqdan çəkinməlidir. ABŞ prezidenti hansısa böyük müqavilə, razılıq, güzəşt, hətta şəxsi biganəliklə Rusiyanın qonşularını onun təcavüzü qarşısında tək qoya bilməz”, - The American Interest jurnalından Devid Kramer yazır.
Müəllifin fikrincə, qanlı, oğru və yalançı Putin rejimi ilə sadəcə danışıqlar bir işə yaraya bilməz.“Növbəti dəfə Tramp “Rusiya ilə münasibətləri düzəltmək daha yaxşı deyilmi” sualını verəndə ona cavab olaraq bu sualları ünvanlayın: "Bunun üçün neçə rusiyalı liberal fəalın canı alınmalı və ya zəhərlənməlidir? Putin neçə ölkəni işğal etməlidir? Neçə ukraynalı və dinc suriyalı öldürülməlidir? Nəhayət Putin rejiminin bizim varlığımız üçün təhlükə yaradan əsl mahiyyətini anlamaq üçün daha neçə seçkimizə müdaxilə etməsini gözləməliyik?”
muxalifet.az