Ceyhun bəyin son məktubu: “Çox pis durumdayam...”
11-07-2017, 09:58
Azərbaycan Cümhuriyyətinin Parisə göndərdiyi nümayəndə heyətində təmsil olunan, ömrünü mühacirətdə keçirən Ceyhun Hacıbəyli 1891-ci ildə Şuşada doğulub.
İlk təhsilini rus-tatar məktəbində, orta təhsilini Bakıda alıb. Gəncliyində felyetonlar yazıb, sonralar “Kaspi”, “Proqres”, “Bakı”, “Azərbaycan” kimi qəzetlərdə publisistik məqalələrlə çıxış edib.
1908-ci ildə qardaşı Üzeyir bəy Şərqin ilk operasını səhnələşdirərkən Ceyhun bəy İbn Səlam və Nofəl rollarını oynayıb. Əli bəy Hüseynzadənin rəhbəri olduğu “Səadət” məktəbində bir müddət müəllim işləyib, Peterburqda hüquq fakültəsində Murtuza Muxtarovun vəsaiti hesabına təhsil alıb. Ardınca Parisdə Sarbonna universitetinə qəbul olub. 1917-ci ildə “İttihad” və “Müsəlmanlıq” qəzetlərinin redaktoru olub, Cümhuriyyətin elan olunmasından sonra Üzeyir bəylə birgə “Azərbaycan”, Şəfi bəy Rüstəmbəyli ilə birgə isə “Azerbaydjan” qəzetinin redaktoru vəzifəsində çalışıb. 1919-cu ildə Paris Sülh Konfransına gedən nümayəndə heyətinin tərkibinə daxil edilib.
Cümhuriyyətin işğalından sonra bir daha Vətənə qayıda bilməyib, Avropada Azərbaycanın ən qızğın müdafiəçilərindən olub. Hələ 1919-da Parisdə “İlk müsəlman dövləti Azərbaycan” adlı kitabı çapdan çıxıb, azərbaycanlıların soyqırımı ilə bağlı məqalə yazıb. 1920-ci ildə “Arşın mal alan” musiqili komediyasını fransız dilinə tərcümə edib, həmin ildə də tamaşaya qoyub.
1930-cu ildə “Azərbaycan mətbuatı tarixi”, 1933-cü ildə “Qarabağ dialekti və folkloru” kitabları fransız dilində işıq üzü görüb. Fransız şərqşünasları A.Beniqsen və Ş.Lemerse Kelkejenin 1964-cu ildə Parisdə fransız dilində nəşr etdirdikləri “Rusiyada 1920-ci ilə qədər çıxan müsəlman mətbuatının tarixi” əsəri hazırlanarkən Azərbaycan bölməsində o da iştirak edib. Fransada SSRİ-ni Öyrənmə İnstitutunun Parisdə fransızca nəşr etdirdiyi “Qafqaz” jurnalının Azərbaycan bölməsində gedən yazıların redaktəsi ilə məşğul olub, həmin institutun dəstəyi ilə 1959-cu ildə Münhendə “Azərbaycanda islam əleyhinə təbliğat və onun metodları” əsəri çap olunub.
1962-cı ilin 23 oktyabrında ürək xəstəliyindən vəfat edən C.Hacıbəyli Sen-Klu qəbiristanlığında dəfn olunub.
Mustafa Vəkiloğluna yazdığı son məktub
Mühacirət mətbuatını araşdırarkən Ceyhun Hacıbəylinin ölümündən üç gün öncə yazdığı son məktubla rastlaşdıq. Cümhuriyyətin sonuncu daxili işlər naziri, mühacir Mustafa Vəkiloğluna 19 oktyabr 1962-cı ildə göndərdiyi məktub “Mücahid” jurnalının 53-54-cü birləşmiş sayında yayımlanıb.
Məktubun mətnini təqdim edirik:
“Çox möhtərəm qardaşım, Mustafa bəy. Çox böyük üzüntü ilə deməliyəm ki, sizləri ziyarət etmək mənə nəsib olmayacaq. Ürək xəstəliyinə düçar oldum, hətta ayaq üstə dayanmaq da mənə qadağandır. Çox gözlədim, bir yaxşılaşma hasil olmadı. Müalicə edirlər, lakin qəlb xəstə olduğu üçün təkrar nə edə bilərlər ki? Krizislər keçirirəm, çox pis vəziyyətdə oluram. Bunu da deməliyəm ki, xəstəlik ilk əlamətini iyulun 8-də Paris Blokunun iclasında göstərdi. İndi də hərdənbir həmin qəlb sıxıntısı təkrarlanır.
Çox-çox təəssüf! Hər halda siz görüşmələrinizi həyata keçirin, mühacirəti bir yerə toplamağa səy edin. Bu, çox mühümdür.
Əllərinizi sıxır, hamınıza dərin sevgilərimi izhar edirəm.
Ceyhun”.