Ziya Məmmədovun 27, 3 milyardlıq yol yeyintisi
12-07-2017, 00:37
Büdcə vəsaiti xərclənib, yollar isə bərbaddır
Azərbaycanda ən çox vəsait xərclənən və yeyintinin çox olduğu sahələrdən biri də məhz yol tikintisidir.Hətta bir sıra oliqarx məmurlar bu sahəyə nəzarət etmək üçün bir-biri ilə açıq qarşıdurmaya da gedirlər. Hər il Azərbaycanda yeni yolların çəkilişi üçün külli miqdarda vəsait ayrılır, köhnə yolların bərpasına başlanılır və hər dəfəsində də yeni yolun köhnədən daha yaxşı olacağı vədləri verilir. Məhz vəd, çünki uzun illər davam edən təmir-tikintinin sonucu heç də əvvəlkilərdən keyfiyyət baxımından yaxşılığa doğru fərqlənmir. Əksinə, istifadəyə bağlı olan yollar əlavə problemlər yaradır, büdcə talanır və nəticədə biz bir yolun il ərzində hətta dəfələrlə sökülüb yenidən təmirə dayandırılmasının canlı şahidi oluruq.
Milyonlarla vəsaitin xərclənməsinə baxmayaraq, yol infrastruktu bu məbləğə adekvat deyil.
Hələ Nəqliyyat Nazirliyinin ayrıca qurum kimi fəaliyyət göstərdiyi, yol monopoliyasına nəzarət edən Ziya Məmmədov nazir olduğu dönəmdə yol infrastrukturunun yaxşılaşdırılması üçün ümumilikdə 27,3 milyard dollar vəsait ayrılıb. Bu, müxtəlif zamanlarda yollara ayrılan vəsaitin ümumiləşdirilmiş statistikasıdır. Bu vəsaitin 20 milyard dolları 2004-2014-ci illərdə, yəni 10 il müddətində ayrılan vəsaitdir. 7.3 milyard dollar isə müxtəlif zamanlarda bir sıra layihələrin icrası üçün ayrılmış vəsaitlərdir.Qeyd edək ki, göstərilən rəqəmlərə xarici ölkələrdən alınan kreditlər daxil deyil.Baxmayaraq ki, layihələrin icrası müddətində bir sıra ölkələrdən kreditlər də alınıb.
Digər tərəfdən, Nəqliyyat Nazirliyinin icraçısı olduğu bütün yol-tikinti layihələri demək olar ki, eyni şəxslərə verilib.Layihələr podratçı şirkətlərə tenderlər vasitəsilə verilsə də, hər dəfə tenderi Ziya Məmmədova yaxın adamlara məxsus şirkətlərin udması şübhə doğuran məqamlardandır.Məsələn, “Qələbə” meydanında müxtəlif səviyyəli yol qovşağının layihələndirilməsi və tikintisi üçün müxtəlif illərdə bir dəfə olmaqla, ümumilikdə 5 dəfə vəsait ayrılıb. Belə ki, bu yol qovşağının salınması üçün 2010-cu il – 225 milyon, 2011-ci il – 80 milyon, 2012-ci il – 40 milyon, 2013-cü il – 62 milyon, 2014-cü il – 5 milyon manat vəsait verilib. Yaxud, Neftçilər prospektində 6 ədəd və digər küçələrdə 5 ədəd yeraltı keçidlərin layihələndirilməsi və tikintisi üçün ayrılan vəsaitə nəzər salaq.Buraya 2010-cu ildə 37 milyon, 2011-ci ildə isə 15 milyon manat ayrılıb. Qusar-Ənik-Ləzə- Suvar avtomobil yolunun tikintisinə 2010-cu ildə 10 milyon, 2011-ci ildə 10 milyon, 2012-ci ildə 19 milyon 650 min, 2013-cü ildə 50 milyon, 2014-cü ildə isə 20 milyon manat vəsait ayrılıb. Bu cür misalların sayı kifayət qədər çoxdur.Ekspertlər hesab edir ki, bu qədər vəsaitin xərclənməsi heç də normal hesab oluna bilməz.Çünki hal-hazırda da zamanında yenidən qurulan, bərpa olunan və milyonlarla vəsait xərclənən yollar bərbad vəziyyətdədir.
O zaman belə bir sual ortaya çıxır. Bəs Ziya Məmmədovun yollara tökdüyü milyardlar nə işə yarayıb?Görünən odur ki, ayrılan pulların böyük əksəriyyəti yeyintiyə gedib.Ona görə də bu gün paytaxt yollarının keyfiyyət əmsalı çox aşağıdır. Təsadüfi deyil ki, zamanında Ziya Məmmədovun rəhbəri olduğu nazirliyin keçirdiyi tenderdə qalib gələn İsveç şirkətinin rəhbəri ötən il ölkəsində həbs olunub. Araşdırma zamanı məlum olub ki, şirkət həm də Nəqliyyat Nazirliyinin keçirdiyi tenderdə korrupsiya yolu ilə qalib gəlib.Bu faktın özü əslində bir çox qaranlıq məqamlara, belə demək mümkündürsə, Ziya Məmmədovun milyardlarla vəsaiti necə xərclədiyinə aydınlıq gətirir.
Bir müddət öncəyə qədər, yəni Ziya Məmmədov nazir olduğu dönəmlərdə Azərbaycanın ən böyük biznes imperiyasına sahib olması və bu imperiyanın maliyyə qaynaqları daim müzakirə mövzusu olub.Ehtimal olunur ki, iri hotel, restoran şəbəkələri, enerji alış-satışı və bir çox sahələrdə fəaliyyət göstərən “Garant Holding”in büdcəsi məhz Ziya Məmmədovun yol verdiyi yeyintilər hesabına formalaşıb.Ziya Məmmədov nazir postundan uzaqlaşdırıldıqdan sonra “Garant Holding”in də çökməsi deyilənlərin həqiqət olduğunu göstərən amil kimi qiymətləndirilir. Cebhe.info