Oliqarxların savaşı: Putinin ən yaxın 8 adamı - Hesabat

24-08-2017, 10:33           

Prezident Vladimir Putinin ətrafının prezident seçkisindən öncə zəifləməsi prosesi davam edir.

Axar.az xəbər verir ki, bu barədə informasiya “Minçenko Konsaltinq”in hazırladığı “Siyasi Büro 2.0” hesabatında yer alıb. Hesabata əsasən, Putinin yaxın ətrafına daxil olan 8 nüfuzlu şəxsdən daha üçü seçkidən sonra bu dairədən çıxa bilər. Belə ki, bir müddət öncə Putinin ətrafından Sergey İvanov və Gennadi Timçenko uzaqlaşdırılmışdı.

Putinin ətrafında birbaşa daxili toqquşma yoxdur, amma onun tərəfdarları arasında resurslara nəzarət üstündə rəqabət bitmək bilmir. Bu rəqabət 2018-ci il prezident seçkisinə görə aktivləşməyib. Belə ki, bu seçkinin nəticəsi Putinin yüksək reytinqi sayəsində öncədən müəyyən edilib. Ona görə də Putinin ətrafında qruplardan hansısa birinin onun qələbəsinə yatırım etməsi onun əlavə resurslar və təsir zonası qazanmasına imkan verməyəcək. Buna rəğmən Putinin yaxın ətrafında müəyyən dəyişikliklərin olması realdır:

1. Dmitri Medvedyev – Aleksey Navalnının “O sizin üçün Dimon deyil” araşdırma filmindən sonra imic problemi ilə üzləşməsinə baxmayaraq, Medvedyev hələ “Siyasi Büro”da ən sabit mövqeyə sahibdir. Bu isə ona Putinin növbəti altı illik hakimiyyəti dövründə yenə baş nazir olaraq qalmasına imkan yaradır. Baş nazir olmayacağı halda Medvedyev “Qazprom” və Ali Məhkəməyə rəhbər göndərilə bilər;

2. Sergey Çemezov – “Rostexnologiya”nın rəhbəri “Siyasi Büro”da daha dinamik formada nüfuz qazanan şəxs sayılır. O, son zamanlar Prezident Administrasiyasında, güc strukturlarında və regional elita arasında mövqeyini gücləndirib. Çemezovun güclənməsi onun üçün təhdid də ola bilər. Belə ki, Çemezovun opponentləri Putini onun güclənməsi ilə bağlı xəbərdar edə bilərlər;

3. Sergey Sobyanin – Moskva meridir. Medvedyevdən sonra baş nazir postuna əsas namizədlərdən biri sayılır;

4. Sergey Şoyqu – Müdafiə naziri “Siyasi Büro”da mövqeyini qoruyacaq;

5. Yuri Kovalçuk – “Rossiya” bankının Direktorlar Şurası sədrinin mövqeyi toxunulmaz qalacaq;

6. İqor Seçin – “Rosneft”in rəhbəridir. Putinə ən sadiq komanda üzvü sayılır. Seçin son illər hakimiyyətdaxili savaşda böyük uğurlar əldə edib. Buraya “Rostnefqaz”, “Başneft”ə yiyələnmək, bir neçə qubernator və keçmiş iqtisadiyyat naziri Aleksey Ulyukayevin həbsi daxildir. Məhz idarəetmə stili Seçinə qarşı geniş elita koalisiyası yarada bilər. Seçinə qarşı əsas tənqidlər “Rosneft”in maliyyə nəticələri, beynəlxalq layihələrə xərcləmələr və onun özünün məsuliyyət zonasının sərhədlərini aşması ilə bağlıdır;

7. Vyaçeslav Volodin – Rusiya Dumasının sədri Prezident Administrasiyasındakı yüksək vəzifəsini tərk etdikdən sonra aparıcı siyasi partiyalara və regional elitaya öz təsirini saxlaya bilib. Üstəlik, o, hökumət və regional hökumətlərə qarşı ictimai mövqeyini sərtləşdirib. Lakin parlament partiyalarının faktiki olaraq vahid putinyönlü hakim koalisiyaya birləşdirilməsi liderlərin formal müxalifət partiyalarına təsirini azaldır və parlamentin bütün ictimaiyyəti təmsil edən meydan kimi əhəmiyyətini azaldır;

8. Arkadi Rotenberq – “Stroyqazmontaj”ın sahibi Qərbin sanksiyalar siyahısına düşdükdən sonra ölkənin şərqində layihələrin icrasında problemlərlə qarşılaşır. O, gələcəkdə Putinin dövlət korporasiyalarının idarə edilməsinin zəiflədilməsi strategiyası sayəsində Rusiya Dəmir Yollarına qeyri-rəsmi kuratorluğunu itirə bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.