DİN rəsmisi polisə böhtan atan şikayətçini ifşa etdi - “DEDİKLƏRİNİN HAMISI YALANDIR...”
24-08-2017, 19:32
Daxili İşlər Nazirliyi tərəfindən sosial şəbəkələrdə Daşkəsən Rayon Polis Şöbəsinin rəhbərliyi və bəzi əməkdaşları barədə yayılmış məlumatlara aydınlıq gətirilib.
Məsələ ilə bağlı Nazirliyi Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə virtualaz.org-un sorğusuna cavab olaraq bildirib ki, Göygöl rayon sakini Hidayət Orucovun qanunsuz olaraq Daşkəsən Rayon Polis Şöbəsinə gətirilməsi və guya hansısa təmənna müqabilində sərbəst buraxılması barədə sosial şəbəkə vasitəsilə RPŞ-nin rəhbərliyi və bəzi əməkdaşları barədə səsləndirdiyi iddiaların heç bir hüquqi və məntiqi əsası yoxdur. Həmin fikirlər həqiqətdən uzaq və qərəzli olmaqla bərabər rayonda polisin işgüzar imicinə və nüfuzuna xələl gətirmək məqsədi daşıyır.
O.Mansurzadə deyib ki, H.Orucovu polis barədə məqsədyönlü şəkildə aşkar böhtan xarakterli məlumatlar yaymağa onun bəzi qanunsuz hərəkətlərinə, törətdityi konkret hüquqpozmalara şöbənin rəhbərliyi və əməkdaşları tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq prinsipial hüquqi qiymətin verilməsi səbəb olub: “Bu şəxsin auditoriya kimi müraciət etdiyi sosial şəbəkə istifadəçilərinə qoyduğu “hörmət” cari ilin əvvəlində polis tərəfindən saxlanılmasının bəzi təfərrüatlarını xeyrinə, təhrif olunmuş formada çatdırmasında da özünü qabarıq göstərib. O, gözünü belə qırpmadan seyrçiləri, insanları aldadaraq RPŞ-yə aparılmasının əsl səbəbləri barədə nədənsə danışmaq istəməyib. Əslində isə H.Orucov bu il yanvarın 26-da Daşkəsən rayonunun mərkəzində ictimai qaydanı pozub, nalayiq ifadələr işlətməklə xırda xuliqanlıq həəkətlərinə yol verdiyinə görə ərazidə xidmət aparan post-patrul xidmətinin əməkdaşları tərəfindən RPŞ-yə gətirilib. Şöbədə isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə barəsində inzibati xəta protokolu tərtib olunaraq 50 manat məbləğində cərimə olunduqdan sonra sərbəst buraxılıb. Onun şöbədə guya 16 saatdan artıq saxlanılması barədə söylədikləri isə “obıvatel”ə hesablanmış ağ yalandan, ucuz təbliğati tryukdan başqa bir şey deyil.
Barəsində inzibati qanunvericiliyə uyğun olaraq görülmüş tədbirlərdən narazı qalan H.Orucov indiyədək ən müxtəlif instansiyalara müraciətlər edir. Baxmayaraq ki, müraciət etdiyi həmin instansiyalar, o cümlədən Daxili İşlər Nazirliyi və respublika Baş Prokurorluğunun aidiyyəti baş idarə və xidmətləri, rayon prokurorluğu tərəfindən onun ərizələrində qeyd etdiyi xüsusatlar, polis əməkdaşlarına qarşı səsləndiridiyi iddialar dəfələrlə ətraflı şəkildə araşdırılıb, lakin öz təsdiqini tapmayıb, bu barədə müraciət müəllifinin özü rəsmi şəkildə məlumatlandırılıb”.
DİN rəsmisi onu da bildirib ki, indi hüquqlarının pozulmasından şikayətlənən bu şəxsin qanunvericiliyin tələblərinə münasibətini başqa bir faktdan da görmək olar: “Belə ki, bu il martın 26-da yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu üçün onun idarə etdiyi “Niva” markalı avtomobil DYP əməkdaşları tərəfindən saxlanılıb, bu zaman H.Orucovun həmin nəqliyyat vasitəsini sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə etdiyi müəyyən olunub. Nəticədə “Niva” markalı avtomobil müvəqqəti duracağa aparılıb, fakt isə müvafiq qaydada sənədləşdirilib. Bu hadisənin üstündən təqribən 3 ay keçəndən sonra, yəni iyunun 22-də H.Orucov cəriməni ödədikdən, müvafiq sənədləri təqdim etdikdən sonra həmin avtomobili duracaqdan çıxarıb. O vaxt müvafiq sənədləşməni həyata keçirən yol polisi əməkdaşına deyib ki, bir səhvdir edib. Ona hüquqları yaxşıca izah edilib, bundan sonra nəqliyyat vasitəsini bir daha müvafiq sənədsiz, etibarnaməsiz idarə etməz...
Bütün olub-keçənlərdən sonra H.Orucov haqsız bir durumdaykən, törətdiyi hüquqazidd əməllər əslində ictimai qınağa tuş gəlməli olduğu halda yenə polisi günahlandırır, şəxsi müstəvidə olan konkret bir məsələni ictimailəşdirir. Beləcə, o, polis barədə bilərəkdən həqiqətə uyğun olmayan, onun nüfuzuna kölgə salmağa hesablanmış məlumatlar yayır ki, bu da qanunvericiliyə uyğun olaraq müəyyən məsuliyyət doğurur”.