“KQB”-nin kəşfiyyatçılarına xüsusi MİSSİYA: Dövlət başçısı qətldən NECƏ QORUNACAQ?
26-08-2017, 09:42

Koreya Xalq Demokratik Respublikasında (KXDR) dövlət başçısı Kim Çen Inın mühafizəsinə kömək etmək üçün SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (“KQB”) keçmiş əməkdaşları işə götürülüb.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda KXDR-də vəziyyətlə tanış olan mənbələrə istinadən Yaponiyanın “Asahi Shimbun” qəzeti yazıb.
“KQB”-nin keçmiş əməkdaşları hərbi məsləhətçilər kimi çalışacaqlar.
Qəzetin məlumatına görə, daha əvvəl terrorçularla mübarizə üzrə bölmədə çalışan Dövlət Təhlükəsizlik Komitəsinin təxminən on keçmiş əməkdaşı cari ilin fevralında Pxenyana dəvət edilib. Onlardan Şimali Koreya liderinin şəxsi mühafizəçilərinə təlim keçməyi və terror aktlarının qarşısının alınması sahəsində öz təcrübələrini bölüşdürməyi xahiş ediblər.
Mənbənin məlumatına görə, KXDR-in məmurları ən müasir Amerika silahlarının tətbiqi ilə ABŞ tərəfinin sui-qəsd cəhdlərindən ölkə liderinin mühafizəsində ayrıca maraqlı idilər. Pxenyanın ən böyük qorxusu ABŞ “Gray Eagle” zərbə pilotsuz təyyarələri, həmçinin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin KXDR-də kəşfiyyat bölməsini yaratmaq planları ilə bağlıdır.
Mayın əvvəlində Şimali Koreya Milli Təhlükəsizlik Nazirliyinin nümayəndələri bildirdilər ki, MKİ və Cənubi Koreyanın kəşfiyyat xidməti hansısa biokimyəvi maddənin köməyi ilə Kim Çen Ina sui-qəsd planlaşdırırdı.
Aprel ayında isə dünya KİV-lərinin yazdığına görə, ABŞ-ın “Navy SEALS Team 6” elit dəstəsi KXDR-lə münasibətlərdə gərginliyin artması fonunda Koreya yarımadasına gəlib. İddiaya görə, ABŞ-ın xüsusi təyinatlı dəstəsi Şimali Koreya liderinin aradan qaldırılması üçün hərəkətləri yerinə yetirir. “The Sun” qəzeti isə xatırladıb ki, bu dəstənin döyüşçüləri “Əl-Qaidə” terror təşkilatının lideri Üsamə Bin Ladeni məhv ediblər.
Daha əvvəl NBC kanalının verdiyi xəbərə görə, ABŞ Milli Təhlükəsizlik Şurası prezident Donald Trampa KXDR-in yaratdığı nüvə təhdidi probleminin həlli üçün bir neçə variant təklif edib. Variantlar arasında Cənubi Koreya ərazisində Amerikanın nüvə raketlərinin yerləşdirilməsi və kiberhücumlarla yanaşı, KXDR-in liderinin qətli də var.