“Leyla Yunus həyat yoldaşıma zəng vurub deyirdi ki...”

28-07-2015, 11:54           
“Leyla Yunus həyat yoldaşıma zəng vurub deyirdi ki...”
Bakı Ağır Cinayətlər Məhkəməsində Sülh və Demokratiya İnstitutunun həbsdə olan direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi bu gün davam edib.

Virtualaz.org saytının prosesdə iştirak edən müxbirinin verdiyi məlumata görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə şahid ifadələri dinlənilib.

Əvvəlcə Leyla və Arif Yunusların sürücüsü İlqar Ağayev ifadə verdi. O, təqsirləndirilən şəxslərə qarşı heç bir iddia və tələbinin olmadığını bildirdi: “Mən sadəcə sürücülük etmişəm. Onları maşınla harasa aparmaq lazım gələndə zəng vururdular. Gedib aparırdım”.

Daha sonra şahid Adilə Manafova ifadə verdi. Özünün zərərçəkən hesab etməyən şahid dedi ki, L.Yunusla 3 il bir “Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda” təşkilatında yerdə işləyiblər: “Biz gürcü və ermənilərlə tez-tez görüşürdük, əlaqələrimiz var idi. Ermənilərlə, gürcülərlə əsasən regiondakı vəziyyət, Qarabağ haqda müzakirələr aparırdıq”.

A.Manafova daha sonra vəkillərin və prokurorun suallarını cavablandırdı.

Növbəti şahid Zərifə Hacıyeva isə L.Yunusu özünə dost saymadığını bildirdi: “Bunlar artıq bu millətə düşmən sayılır. Leyla və Arif Yunuslar keçmiş həyat yoldaşım Raufa (həbsdə olan jurnalist Rauf Mirqədirov-red.) zəng vurub onu Ermənistana gedib-gəlməyə razı salmağa çalışırdılar. Bu da ailəmizdə mübahisə yaradırdı”.

Bununla da məhkəmə prosesi avqustun 3-dək təxirə salındı.

Qeyd edək ki, ötən il iyulun 30-da Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Leyla Yunus barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2 (vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1 (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (bu məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

Arif Yunus isə ötən il avqustun 5-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 274-cü (dövlətə xəyanət) maddələri ilə ittiham elan edilib.

Onu da qeyd edək ki, bir müddət əvvəl istintaq orqanı tərəfindən hər iki şəxsin barəsində olan Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib. Hazırda məhkəməyə göndərilən cinayət işi dələduzluq və digər cinayət işləri ilə bağlıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.