Türkiyədə nə baş verir? - Qərb Ərdoğansız Türkiyə, Ərdoğan isə güclü Türkiyə istəyir
28-07-2015, 21:29
Türkiyə prezidenti Ərdoğan karyerasının önəmli mərhələsini yaşamaqdadır. Ölkədəki mövcud hakimiyyət böhranı hakim elitadan çıxış yolları aramağa vadar edir. Son günlər Suriya ilə sərhəddə baş verənlər, PKK-ya qarşı aparılan əməliyyat da ehtimal ki, millətçi və islamçı kəsimin səslərinin qazanılması ilə başa çatacaq. Ərdoğan çevik və eyni zamanda, olduqca riskli gedişlər edir.
PKK və İŞİD ölkəni hədələyir. Proseslər idarəolunmaz həddə transfer edərsə, Ərdoğan üçün problemlər yarada bilər. AKP qarşısına qoyduğu məqsədə çatmaq üçün təkbaşına iqtidar olmağa məhkumdur. AKP 2023-ci ilə qədər nəzərdə tutduğu planları reallaşdırmaq üçün hakimiyyət böhranına son qoymalıdır. Lakin kənardan görünən budur ki, Qərb Ərdoğanın qarşısına qoyduğu planların həyata keçirilməsinə mane olmaq istəyir və “Ərdoğansız Türkiyə” modeli ilə yanaşı, bölgədə kürd dövlətini yaratmağa başlayır. Eyni zamanda, Qərb proseslərə İranın da müdaxiləsini arzulayır və bununla da bölgəni kataklizmlərə sürükləyir.
Ümumiyyətlə, Yaxın Şərqdə yaranan situasiya Kürdüstan dövlətinin formalaşması üçün imkanlar açır. Qərbin planına görə, Türkiyədə parçalanma prosesi başlaya və bu coğrafiyada yeni dövlətlər yarana bilər. Son günlər PKK-nın Türkiyənin içərisində terrorlara başlaması da bu planın xəbərçisi sayıla bilər. Kürdüstan dövləti yarandıqdan sonra onun bölgədə ABŞ-ın müttəfiqinə - forpostuna çevriləcəyinə əmin olan Vaşinqton Türkiyə ilə bağlı yeni planlar üzərində düşünür. Unutmaq olmaz ki, Türkiyədə kürdlər kompakt şəkildə yaşayırlar. Onların gələcək addımları Ankaranın nəzarətindən çıxa bilər. Türkiyədə hakimiyyət böhranı və iqtisadi krizis yaratmaq istəyənlərin də arzusu məhz qardaş ölkənin parçalanmasını ehtiva edir.
Qərb islamçı Ərdoğandan qurtulmaq istəyir. Bu gün Avropada islamafobiya, türkfobiya mövcuddur. Ərdoğan isə belə tendensiyalara qarşı həssaslıq nümayiş etdirir.
O cümlədən, İranla məsələlərdə Ankara özünü çox qeyri-sabit aparır. Bu isə Birləşmiş Ştatların qəzəbinə səbəb olur.
Beləliklə, ABŞ müstəqil siyasət yeridən Türkiyəni ram etmək arzusundadır. Qərbə marionet Türkiyə lazımdır. Xarizmalı Ərdoğanla bunu etmək imkansızdır. Vaşinqton artıq Ərdoğansız Türkiyə və AKP layihəsinin üzərində düşünməyə başlayıb. Lakin AKP sabit elektorata malikdir və bu partiyanı siyasi müstəvidən silmək elə də asan deyil. Odur ki, Qərb ölkədə etnik və dini qarşıdurmanı gücləndirmək planını işə salmaqdadır. PKK-nın Türkiyəni qan gölündə boğmaq istəməsi də Qərb tərəfindən idarə edilən prosesə bənzəyir.
Rəcəb Təyyib Ərdoğana Suriya probleminin həllindəki uğur, eyni zamanda, ərəb ölkələri arasındakı imicini bərpa etmək üçün lazımdır. Bir neçə il öncə ərəb ölkələrində insanlar küçələrə axışaraq, Rəcəb Tayyib Ərdoğanı "Ərəb Baharı" adlanan xalq inqilablarını himayə etdiyi üçün alqışlayırdılar. O zaman belə nəzərə gəlirdi ki, Türkiyə öz nüfuzunu və region ölkələri ilə ticarət əlaqələrini genişləndirmək ardıncadır. Lakin Türkiyə daxilində xalq etirazlarının yatırdılması onu Osmanlı ərazisindəki dövlətləri azad etməyə çalışan şəxs kimi tanıyanların narazılığına səbəb olub. Türkiyənin daxilindəki gərginliklərin və ərəb ölkələrindəki liberal qrupların Ərdoğan hökumətindən narazı qalması Ankaranı öncələr Osmanlının nüfuzu altında olan ölkələrdə Türkiyənin iqtisadi və siyasi nüfuzunu genişləndirməsinə mane olur. Ərdoğan isə qarşısına Türkiyəni super dövlətə çevirmək məqsədi qoyub və bu istiqamətdə əməli addımlar atır. Odur ki, ona PKK və İŞİD problemini qısa zamanda həll etmək lazımdır.