Qanlı “Mavi balina” Azərbaycana girir? – Nazirlik nə edəcək?
18-10-2017, 11:45
Bəli, intihar faktı doğrudur.
Bu sözləri Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov, Şamaxı rayon sakini 2002-ci il təvəllüdlü Məmmədov Polad Məhəmməd oğlunun məhz “Mavi balina” oyununu oynayaraq özünü asdığı barədə sosial şəbəkələrdə gedən xəbərlərlə bağlı Teleqraf.com-un sorğusuna cavab verərəkən deyib.
Onun sözlərinə görə, hadisənin baş vermə səbəbi hələ bəlli deyil:
“Hadisə ilə bağlı Şamaxı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi açılıb. Müvafiq ekspertiza təyin edilib və ölümün səbəbləri istintaq yolu ilə araşdırılır”.
İnsanların psixikasına təsir edərək onları intihara sövq edən “Mavi balina” və başqa bu tip oyunlar Azərbaycanda da yayılıb. Bunun qarşısını necə almaq olar?
Teleqraf.com-un sualını cavablandıran Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirdi ki, belə oyunlar Rusiyada daha geniş yayılıb və uşaqların psixologiyasına çox güclü təsir edir:
“Bu cür oyunlar dünya üzrə çoxdur. Bu oyunlarda qeydiyyatdan keçənlərə müxtəlif linklər göndərilir və oyun bir neçə mərhələdən ibarətdir. Hər mərhələnin də şərtləri var. Yəni uşaqların əhvalına, psixikasına təsir edən oyunlardır. Mən bildiyimə görə, Rusiyanın xüsusi xidmət orqanları bu oyunla bağlı böyük əməliyyatlar apararaq, oyunu yaradanları həbs etmişdi. Bizim də hüquq-mühafizə orqanları, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də uşaqların təhlükəsizliyi üçün birgə monitorinqlər aparmalı, araşdırmalıdırlar. Hüquq-mühafizə orqanları provayderlərlə birgə işləməlidirlər və əgər qanuna zidd resurslar varsa, onlar bağlanmalıdır. Söhbət qanunvericiliyə zidd olan bütün internet resurslarından gedir. Qurumların məsuliyyətini gücləndirmək lazımdır. Bu, təkcə bir ailənin problemi deyil, bütün cəmiyyətin problemidir”.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən isə bildirdilır ki, fəaliyyətində qanunvericiliyə zidd olan əməllər aşkarlanan hər hansı internet resursun Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi tərəfindən fəaliyyətinin məhdudlaşdırılması istiqamətində addım atılması mümkündür.
Qeyd edək ki, "Mavi balina" telefona yüklənən bir tətbiq deyil, link vasitəsilə, insanların bir idarəçi tərəfindən yönləndirilməsi ilə oynanılır. "Mavi balina" oyununda idarəçi mövqeyində olan şəxs insanların şəxsi bilgilərini ələ keçirir, qurbanlarını şantaj edərək, onları oyunu davam etdirməyə məcbur edirlər. Oyun, əsasən, sosial şəbəkələr və mesajlaşma proqramları vasitəsilə yayılır. İdarəçi tərəfindən verilən vəzifələrin gecə yarısından sonra həyata keçirilməsi tapşırılır. 50-ci gündə isə oyunçu son mərhələyə qədəm qoyur - yüksəklikdən tullanaraq, yaxud özünü asaraq intihar etmək əmri alır.
[media=https://www.youtube.com/watch?v=I7i_lpSNhz0]