QOCALAR GETDİ...
20-10-2017, 23:29
“Qanuni oğru” dünyası çökür
Çünki kriminal aləm bütünlüklə pula, var-dövlətə, biznesə qurşanıb
Moskvanın "Krılatski” küçəsində 82 yaşlı "qanuni oğru” Vilyam Əmirxanyan həbs edilib. Rusiya KİV-nə istinadən məlumatına görə, bankda növbədə dayanan müştərinin çantasından 20 min rubl (təxminən 600 manat) çıxardan "qanuni oğru” uzağa gedə bilməyib. Məlumata görə, 82 yaşlı Vilyam Əmirxanyan keçmiş SSRİ-nin hazırda sağ qalan ən yaşlı "qanuni oğru”sudur.
Bu xəbər ətrafında gedən müzakirələrdə diqqətçəkən məqamlardan biri insanların "oğru dünyası”nın artıq yavaş- yavaş sıradan çıxmasını iddia etməsidir. Deyilənə görə, artıq "qanuni oğru”ların nüfuzu əvvəlki kimi deyil. Hazırkı "qanuni oğru”lar sadəcə "bezpridel”lər və mafiya qruplaşmalarıdır. Əvvəllər isə "oğru dünyasının ən zəif nümayəndəsinin belə sözü təmsil olunduqları ölkələrdə hökumət nümayəndələrinin sözünə bərabər hesab olunardı. Yəni bir vaxtlar "qanuni oğru”lar və onların yaratdığı qruplaşmalar dünyada müəyyən gücə malik "təşkilat” hesab olunub. Hətta bir sıra ölkə rəhbərliyi və xüsusi xidmət orqanları birbaşa onlarla hesablaşmalı olublar.
Son illər "oğru dünyası”nın zəifləməsi və "qanuni oğru”ların reytinqinin aşağı düşməsi ilə bağlı iddiaları şərh edən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist-ekspert İlqar Altayın sözlərinə görə, kriminal aləm, oğru dünyası hər bir cəmiyyətin müəyyən təbəqəsi olmaqla yanaşı, həm də onun tərkib hissəsidir:
"Bu təbəqə başqa planetdən ya ölkədən gəlmir, həmin ölkə və cəmiyyətin içindən yetişir. Demək cəmiyyətin də tərkib hissəsi olmaqla, cəmiyyət mahiyyətcə illərdən sonra dəyişdikcə, paralel olaraq kriminal aləm də dəyişir. Sovet dövründə başqa bir siyasi dövlət quruluşu idi, başqa ictimai sistem idi. Bütün hamı kimi kriminal aləm də fərqli şərtlər mühitində yaşayır və fəaliyyət göstərirdi. Qayda və davranışlar da fərqli idi. O zaman cəmiyyətin bütün təbəqələrində münasibətlər əsasən ideyalar üzərində qurulurdu. Pul, var-dövlət əsas şərt deyildi, çünki onların açıq istifadəsi çox çətin idi, xaricə çıxarılması isə mümkünsüz. O cümlədən də "oğru dünyası”nda belə idi. Ən yaxşı kriminal avtoritetlər, "qanuni oğru”lar təvazökar, fərqli görünməyənlər, dünya malında gözü olmayanlar sayılırdı. Bütün gücləri, həyatları kriminal, oğru ideyalarının sabit saxlanması, o mühitdəki qaydaların sərt tənziminə yönəlirdi. Bu mənada "qanuni oğru”lar xüsusi fərqli həyat yaşayırdılar, onların çoxusu evlənmir, özlərinə bir çox məhdudiyyətlər qoyurdular, onların özlərinin, yaxınlarının belə ticarətlə məşğul olması, hökumət nümayəndələri, orqan işçiləri ilə əlaqəsi qəti mümkünsüz idi”.
İndi isə vəziyyətin tamam başqa cür olduğunu vurğulayan İ.Altayın sözlərinə görə, kriminal aləm bütünlüklə pula, var-dövlətə, biznesə qurşanıb. Üstəlik, dövlət hüquq-mühafizə strukturları ilə əlaqəlidirlər:
"Onların nümayəndələri hər yerdə, oliqarxlar içində, dövlət idarələrində, idman, mədəniyyət-incəsənət və s. müxtəlif sahələrdə mövcuddur. Hətta dövlət idarəçiliyində də dolayısı ilə olsa belə, iştirak payları var. Söhbət təbii ki, əsasən Rusiyadan gedir. Bu da ondan irəli gəlir ki, burada dövlət və kriminal mafiya arasında mütləq qarşılıq var. Yəni dövlət, hökumət kriminal aləmə nə qədər imkanlar yaradırsa, kriminal aləm də dövlətin maraqlarına o qədər xidmət edir”.
Mövzunun kifayət qədər geniş olduğunu qeyd edən kriminalistə görə, fikir, misal və faktları uzatmaq da olar:
"Amma bir şey var ki, bizim bildiyimiz, "oğru dünyası” artıq zamanın hökmü ilə deqredasiya olunub və kriminal aləmin tamamilə başqa formatları yaranıb. Bu səbəbdən də keçmiş "qanuni oğru”lar indiki cavan kriminal aləm üçün o qədər də başa düşülüb qəbul edilmir. İkincisi də, həmin köhnə, qoca "qanuni oğru”lar müasir dövrün yeni xüsusiyyətlərini qəbul edə bilmirlər və təbii ki, acınacaqlı duruma düşürlər”.
şerq.az