Azərbaycanda könüllü fəaliyyət hüquqla necə tənzimlənir

24-10-2017, 08:32           

Həyatda elə işlər var ki, qarşılıqsız, əvəzsiz yerinə yetirilir. Üstəlik, bu işlərin görülməsi, yalnız insanın özü üçün yox digər insanların, bütövlükdə cəmiyyətin mənafeyinə müsbət mənada köməklik etmək, ictimai faydalı olmaq məqsədi daşıyır. Buna könüllü fəaliyyət deyilir.


Dünyanın bir çox ölkəsində olduğu kimi, ölkəmizdə də könüllü fəaliyyət hüquqla nizama salınmış, qanunla daha konkret vəziyyətə gətirilmişdir. Ona görə də könüllü fəaliyyətin hüquqi tənzimlənməsi və hüquqi əsaslarından söhbət açaraq bu haqda daha müfəssəl hüquqi məlumata sahib olmağa çalışacağıq. Bunun üçün biz 9 iyun 2009-cu il tarixdən qüvvədə olan “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikası Qanununa müraciət edəcəyik. Qeyd edilən qanunun məqsədi ölkəmizdə hüquqi və fiziki şəxslərin əvəzi ödənilməyən ictimai faydalı fəaliyyəti sahəsində yaranan münasibətləri tənzimləməkdir.

Əvvəla, könüllü fəaliyyət hüquqi mənada nə deməkdir, buna cavab verək. Qanunda deyilir ki, könüllü fəaliyyət – Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyətdir. Könüllü öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən ictimai faydalı fəaliyyəti şəxsən həyata keçirən Azərbaycan Respublikasının vətəndaşı, əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdir. Bəli, könüllü fəaliyyəti könüllülər yerinə yetirir, amma bu sahədə bir də könüllü fəaliyyətin təşkilatçıları var. Könüllü fəaliyyətin təşkilatçısı – könüllü fəaliyyətin təşkilini və həyata keçirilməsini təmin edən dövlət orqanları, dövlət büdcəsindən maliyyələşən təşkilatlar, yerli özünüidarə orqanları və qeyri-hökumət təşkilatlarıdır.

Hörmətli oxucular, könüllü fəaliyyət həyata keçirildiyi istiqamətlərdə haqqında danışdığımız qanunla müəyyən edilmişdir. Belə ki, könüllü fəaliyyətin qanunla müəyyən edildiyi istiqamətlərə aiddir:
-əlillərə, kimsəsizlərə, qocalara, aztəminatlı ailələrə, qaçqınlara və məcburi köçkünlərə kömək edilməsi;
-insanpərvərliyin və dözümlülüyün təbliği;
-istehlakçıların hüquqlarının qorunması;
- hüquqi və mədəni maarifləndirmə;
-uşaq və gənclərin təhsili, tərbiyəsi, fiziki və əqli inkişafı;
-idmanın inkişafı;
-xəstəliklər və epidemiyalar barədə məlumatlandırma;
-sağlam həyat tərzinin təbliği;
-ətraf mühitin mühafizəsi;
-tarix və mədəniyyət abidələrinin, mədəni və mənəvi irsin qorunması;
-silahlı münaqişələr, təbii fəlakətlər, sənaye qəzaları, yanğınlar, epidemiyalar, epizootiyalar və digər fövqəladə halların nəticələrinin aradan qaldırılmasına, o cümlədən fövqəladə hallar nəticəsində zərər çəkmiş şəxslərə yardım göstərilməsi;
-cəzaçəkmə müəssisələrindən azad edilən, narkotik asılılığa düçar olan, məişət zorakılığına məruz qalan şəxslərə və çətin həyat şəraitində olan digər şəxslərə (ailələrə) kömək edilməsi;
-Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə zidd olmayan digər fəaliyyət sahələri.

Göründüyü kimi, könüllü fəaliyyət istiqamətləri ictimai həyatın çox geniş və çox şaxəli hissəsini əhatə edir.
Könüllü fəaliyyətin iştirakçıları könüllü fəaliyyətin təşkilatçılarından və könüllülərdən ibarətdir. Şəxs öz iş yerində könüllü fəaliyyətlə məşğul ola bilməz. Könüllünün işçi çatışmazlığının qarşısını almaq məqsədi ilə istifadəsinə yol verilmir. Kommersiya hüquqi şəxslərində (fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan hüquqi şəxs kommersiya hüquqi şəxsdir) könüllü fəaliyyətin həyata keçirilməsinə yol verilmir.
Könüllü fəaliyyətin iştirakçıları arasında münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyinə və könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülər ilə bağlanan müqaviləyə uyğun olaraq tənzimlənir.
Yetkinlik yaşına çatmamış şəxslər valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı əsasında könüllü fəaliyyət ilə məşğul ola bilərlər. Yetkinlik yaşına çatmamış şəxslər könüllü fəaliyyəti həyata keçirərkən yaşı 18-dən az olan işçilərin əməyindən istifadəyə dair Azərbaycan Respublikasının əmək qanunvericiliyində nəzərdə tutulmuş tələblərə riayət olunmalıdır.
Qanunda könüllü fəaliyyət həyata keçirən könüllülərin hüquq və vəzifələri konkret olaraq müəyyən edilmişdir.

Könüllülərin hüquqları bunlardır:
-müqaviləyə uyğun olaraq həyat və sağlamlığının mühafizəsini təmin edən əmək şəraitinin yaradılmasını, zəruri hallarda isə əməyin mühafizəsinin normaları və qaydaları haqqında təlim keçirilməsini tələb etmək;
-könüllü fəaliyyətin şərtləri və xarakteri haqqında informasiya əldə etmək;
-könüllü fəaliyyət haqqında informasiya yaymaq;
-könüllü fəaliyyətin təşkilatçılarından görülən işlərin yeri, həcmi, xarakteri və vaxtı göstərilməklə, könüllü fəaliyyət haqqında yazılı arayış almaq;
-könüllü fəaliyyət könüllünün daimi yaşadığı yaşayış məntəqəsinin hüdudlarından kənarda həyata keçirildikdə gündəlik xərclərin ödənilməsini könüllü fəaliyyətin təşkilatçılarından tələb etmək;
-könüllü fəaliyyəti həyata keçirərkən həyatına və sağlamlığına dəymiş zərərin əvəzini könüllü fəaliyyətin təşkilatçılarından almaq;
-sığorta olunmaq;
-öz əmlakından istifadəyə görə kompensasiya almaq.
Şəxsin könüllü fəaliyyətlə məşğul olması ünvanlı dövlət sosial yardımının alınmasına, habelə ona işsizlik müavinətinin ödənilməsinin dayandırılmasına və ya xitam verilməsinə səbəb olmur.

Bəs vəzifələri hansılardır?

Könüllülərin vəzifələri aşağıdakılardır:
-işlərin görülməsi üçün cəlb edildikdə könüllü fəaliyyətin təşkilatçıları ilə müqavilə bağlamaq;
-Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmək;
-fəaliyyət göstərdiyi təşkilatın intizam qaydalarına riayət etmək;
-könüllü fəaliyyət təşkilatçılarının tələbi ilə könüllü fəaliyyət haqqında məlumat və ya hesabat təqdim etmək;
-könüllü fəaliyyət haqqında müqavilənin şərtlərinə və könüllü fəaliyyətin təşkilatçılarının müqavilənin şərtlərinə uyğun göstərişlərinə əməl etmək;
-vurduğu maddi ziyana görə məsuliyyət daşımaq;
-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş konfidensial informasiyanı gizli saxlamaq.

Hər bir hüquqi münasibəti tənzimləyən rəsmi, hüqiqi sənəd, həmin hüquqlara dair tərəflər arasında bağlanan müqavilələr hesab olunur. Könüllü fəaliyyət sahəsində də könüllü fəaliyyətin iştirakçıları arasında münasibətlər tərəflər arasında yazılı formada bağlanan müqavilə ilə tənzimlənir.

Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə aşağıdakılar göstərilir:
-müqavilə bağlayan tərəflər haqqında məlumatlar;
-tərəflərin hüquq və vəzifələri;
-görüləcək işlər və göstəriləcək xidmətlər;
-müqavilənin müddəti;
-tərəflərin məsuliyyəti;
-müqaviləyə xitam verilməsi qaydası.

Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikası Qanunun məqsədlərinə uyğun olaraq digər şərtlər də nəzərdə tutula bilər.
Könüllü tərəfindən könüllü fəaliyyətin həyata keçirilməsi ilə bağlı üçüncü şəxslərə vurulmuş zərərin ödənilməsi qaydası müqavilə ilə müəyyən olunur.
Müqavilədə könüllünün hüquqlarını məhdudlaşdıran müddəaların əks olunması yolverilməzdir. Müqaviləyə tərəflərin razılığı ilə vaxtından əvvəl xitam verilə bilər. Tərəflərdən birinin təşəbbüsü ilə müqaviləyə vaxtından əvvəl xitam verildikdə qarşı tərəfə müqavilənin xitam olunacağı haqqında xəbərdarlıq edilməlidir. Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə dair əsaslar olduqda tərəflər müqaviləyə xitam verə bilərlər. Müqavilə üzrə tərəflər arasında yaranan mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir.
Qeyd edilən qanunla könüllü fəaliyyətin ölkəmizdə həyata keçirilməsinin sərhədləri beynəlxalq əməkdaşlıqla daha da genişləndirilir. Belə ki, Azərbaycan Respublikasında könüllü fəaliyyətin təşkilatçıları Azərbaycan Respublikasının ərazisində könüllü fəaliyyəti həyata keçirmək üçün xarici könüllüləri dəvət edə bilərlər. Beynəlxalq könüllü fəaliyyətin təşkilatçıları, habelə könüllü əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində könüllü fəaliyyətlə yalnız Azərbaycan Respublikasının könüllü fəaliyyət təşkilatçıları ilə birgə məşğul ola bilərlər.Qanunla həmçinin Azərbaycan Respublikasında könüllü fəaliyyətin təşkilatçılarına və Azərbaycan Respublikasının vətəndaşlarına xarici dövlətin ərazisində həmin dövlətin qanunvericiliyinə uyğun olaraq könüllü fəaliyyət ilə məşğul olmağa hüquq verilir.

Hörmətli oxucu, bu cür ictimai faydalı, mənəvi dəyəri yüksək və əvəzsiz olan bir sahənin hüquqi əsasları haqqında məlumat almaq, hesab edirik ki, hər birimiz üçündür lazımlı və faydalıdır.

Elvin ZEYNAL
AFN.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.