"Lotu Quli"nin barəsində kimsənin bilmədiyi fakt üzə çıxdı - Moskva bazarları Nadir Səlifovun yolunu gözləyir
25-10-2017, 19:58
Ötən gün Moskvanın ticarət meydançalarında və bazarlarında əsas müzakirə mövzusu, kriminal dünyada "Lotu Quli" ləqəbi ilə məşhur olan, 45 yaşlı "qanuni oğru" Nadir Səlifovun azadlığa buraxılması olub. Bu barədə Sputnik Azərbaycan-a Moskvadakı Azərbaycan diasporunun, adının açıqlanmasını istəməyən nümayəndəsi məlumat verib.
Onun sözlərinə görə, bazar işçiləri səbirsizliklə Səlifovun gəlişini gözləyirlər. Çünki 2016-cı ilin avqustunda İstanbulda qanuni oğru Rövşən Canıyevin (Rövşən Lənkəranski) öldürülməsindən sonra dağıstanlı kriminal avtoritetlər satıcıları öz pul tələbləri ilə bezdiriblər.
Rusiya bazarlarının əhəmiyyətli hissəsinə nəzarət edən, necə deyərlər, həm də ticarətçilərlə dövlət strukturları arasında əlaqələndirici rolunu oynayan Lənkəranskinin ölümündən sonra, meyvə-tərəvəz bazarında qeyri-sabitlik yaranıb. Ticarətçilər himayəsiz qalıblar və bundan da digər tərəflər istifadə etməyə başlayıb.
Dağıstanın kriminal avtoritetləri azərbaycanlıları məcbur edirlər ki, onları müdafiə etmələrinin qarşılığında xərac ödəsinlər. Razılaşmayanları incidir, işləməyə imkan vermirlər. İndi ticarətçilər ümid edirlər ki, Səlifov bazarları nəzarətə götürəcək.
Qeyd edək ki, Səlifov dünən Qaradağ Rayon Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb. "Qanuni oğru"nun azadlığa buraxılması xəbəri bütün kriminal dünyasını silkələyib. AR Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmət isə xəbəri təsdiqləməyə tələsməyib. Oktyabrın 24-ü səhər Penitensiar Xidmətin (PX) ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a bildiriblər ki, Səlifov müddətdən əvvəl azadlığa buraxıla bilməz.
"Çünki onun xasiyyətnaməsi mənfi rəylərlə doludur. Kars kars dalıncadır. Onun azadlığa çıxması istisnadır" — qurumdan bildirilib.
Həmçinin PX-dən əlavə ediblər ki, qanuna görə onların məhbusla bağlı informasiya vermək hüquqları yoxdur: "Məhbus barədə yalnız onun qohumları və vəkili məlumat verə bilər".
Lakin həmin günün axşamı PX Səlifovun azadlığa buraxılması barədə xəbəri təsdiqləyib. Həmçinin qeyd olunub ki, Səlifov cəzasının əsas hissəsini çəkdiyinə görə, vaxtından əvvəl azadlığa buraxılıb.
Oktyabrın 24-də kriminal avtoritet azadlığa çıxmasını Bakıdakı restoranlardan birində, doğmaları və dostları ilə birlikdə qeyd edib. Sonra atasının və bu yaxınlarda Tbilisidə qətlə yetirilmiş əlaltısı Elşən Məmmədovun qəbrini ziyarət edib.
Yerli KİV-lərin məlumatına görə, Səlifov dünən gecə Azərbaycanın sərhədlərini tərk edib. Lakin bu barədə məlumatlar birmənalı deyil. Kimi onun Gürcüstana, kimisi də Türkiyəyə getdiyini yazıb. Ancaq çox az adam bilir ki, Səlifov vətəndaşlığı olmayan şəxsdir.
2013-cü ildə Səlifovun vəkili Kamandar Nəsibov bildirmişdi ki, "qanuni oğru"nun Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi yoxdur, lakin əvəzində qırmızı sovet pasportu var. Gürcüstanda doğulmuş SSRİ vətəndaşı Nadir Səlifov 1995-ci ildə saxlanılıb və 1996-cı ildə həbs olunub.
Nadir Səlifovun Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsinə malik olmaması, hüquq-mühafizə orqanlarına onun haqqında cinayət işi açmağa mane olmayıb. O vaxt vəkil məhkəməyə müraciət edərək Səlifovun vətəndaşlığının müəyyən edilməsi ilə bağlı məsələ qaldırmışdı. Səlifov isə Azərbaycan vətəndaşlığını qəbul etməkdən imtina etmişdi.
Digər tərəfdən, Səlifovun Gürcüstanda yaşayan qohumları bu ölkənin parlamentinə müraciət edərək "Lotu Quli"yə vətəndaşlıq verilməsini xahiş etmişdilər. Onlar əsaslandırmışdılar ki, Quli Gürcüstanda doğulub və burada pasport alıb. Əgər Gürcüstan vətəndaşlığını alsa, gələcəkdə öz vətəninə ekstradisiyası mümkün olacaq. Fəqət Gürcüstan Səlifovu öz vətəndaşı kimi tanımadı. İndi Səlifov Azərbaycan sərhədlərini tərk etmək üçün ən azı vətəndaşlıq məsələsini həll etməlidir.
Öz növbəsində PX-in ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov Sputnik Azərbaycan-a bildirib ki, Səlifovun həbsxanadan hansı pasportla çıxdığını, yaxud ümumiyyətlə çıxıb-çıxmadığını bilmir: "Dünən mənə bu məsələ ilə əlaqədar zəng ediblər və mən onlara qanunvericiliyin tələblərini izah etmişəm. Cəzaların İcrası Məcəlləsinin 16.1 maddəsinə əsasən cəzanı icra edən müəssisə və ya orqanın vəzifəli şəxsləri məhkumun razılığı ilə onun ailəsinə və ya yaxın qohumlarından birinə, yaxud məhkumun göstərdiyi şəxsə ona təyin olunmuş cəzanın icrası, cəzanın çəkilmə yeri, məhkumun yerdəyişmələri və azad edilməsi barədə məlumat verməlidirlər".
Qaradağ Rayon Məhkəməsi isə ümumiyyətlə Nadir Səlifovun iddiasına baxılması və azadlığa buraxılması barədə məlumat verməkdən imtina edib. Məhkəmə Sputnik Azərbaycan-a Səlifovun müraciəti ilə bağlı faktı təsdiqləsə də, bu barədə heç bir məlumat verə bilməyəcəklərini deyiblər.
Vətəndaşlığı olmayan şəxsin yerləşdirilməsi ilə bağlı məsələni Sputnik Azərbaycan-a şərh edən tanınmış hüquqşünas Sahib Məmmədov bildirib ki, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs cəzasını başa vurarsa, azad edilən kimi ölkə hüdudlarından çıxarıla bilər. Müvafiq sənədlər olmadıqda müvafiq qurumlar ona ölkəni tərk etmək üçün müvəqqəti sənədlər verə bilər.
"Vaxtından əvvəl şərti azad edilən şəxs əcnəbidirsə və ya vətəndaşlığı olan şəxsidirsə, onun cəzası başa çatana qədər ölkədən çıxmasına məhdudiyyət qoyulur. Məhkum cəzasının qanunla müəyyən olunan hissəsini çəkibsə, məhkəməyə vaxtından əvvəl şərti azad olmaq üçün müraciət edə bilər. Tətbiq olunan cəzaların müddəti bitibsə, onda o cəza sayılmır, yəni ödənilmiş sayılır" — hüquqşünas bildirib.
S.Məmmədovun sözlərinə görə, Səlifovun bu şərtlər daxilində Gürcüstana getməsi mümkündür. Amma Səlifovun vətəndaşlığı ilə bağlı vəziyyətin nə yerdə olduğu məlum deyil.
Xatırladaq ki, Səlifov cəzasını Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsində çəkib. Gürcüstanda doğulan Səlifov sovet vətəndaşı pasportu ilə 1995-ci ildə həbsxanaya düşüb, 1996-cı ildə hədə-qorxu yolu ilə pul alma, insan oğurluğu və qeyri-qanuni silah saxlama ittihamları ilə azadlıqdan məhrum edilib. Sonra Səlifovun cəza müddəti artırılıb. Səbəb kimi 2001-2004-cü illərdə həbsxanada olarkən qadınları zorlaması göstərilib. Beləliklə, Səlifov üst-üstə 27 il müddətinə azadlıqdan məhrum edilib.
"İstintaq materiallarına əsasən 2001-ci ilin mayında Səlifov ona kartda 280 min manat uduzan məhbusun şərəf və ləyaqətini təhqir edib. Səlifov uduzan şəxsin arvadına zəng edərək onu 6 nömrəli koloniyaya dəvət edir və gəlməyəcəyi təqdirdə ərini öldürməklə hədələyir. O, qadını qanunsuz yollarla içəri buraxdırır və onu dəfələrlə zorlayır. Eyni zamanda Səlifov 6 və 16 nömrəli koloniyalarda, həmçinin Qobustan qapalı tipli həbsxanasında olarkən ora qardaşı Müşfiqin köməyi ilə 8 qadın gətirdib. Həmin qadınların adları istintaqa məlumdur. Səlifov onun üçün qanunsuz olaraq hazırlanmış yerdə həmin qadınları zorlayıb və hətta bu işə digər məhbusları da cəlb edib.
Bundan əlavə, qanuni oğru" dörd mobil telefonun köməyi ilə biznesmenlər və imkanlı şəxslərə hədə-qorxu gələrək pul alıb. Öz növbəsində DİN-in və Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, bu işdə zərərçəkmiş qismində Bakıdakı "İnter-qrant", "Anadolu" və "Üç palma" restoranlarının sahibləri iştirak edib. Bununla əlaqədar olaraq, 2005-ci ilin yanvarında Nadir Səlifovun iş ortaqları — kiçik qardaşı Müşfiq Səlifov və keçmiş idmançı Fariz Məmmədov həbs edilib. Müşfiq Səlifov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Kriminal dünyası buna dərhal reaksiya verib. Hüquq-mühafizə orqanlarının rəhbərlərinə Səlifov və Məmmədovun təcili azadlığa buraxılması tələbi ilə ultimatum göndərilib. Əks təqdirdə kriminalitet bütün həbsxana və koloniyalarda qiyam qaldırmaqla hədələyib ki, bu da özünü çox gözlətməyib. 15 fevral 2005-ci ildə 200-dək məhbus 11 saylı Ciddi Rejimli İslah Əmək Koloniyasında qiyam qaldırıb, üçmərtəbəli kazarmanın damına qalxaraq qaniçən adlandırdıqları koloniya rəisi Oqtay Həsənovun istefasını tələb ediblər. Növbəti gecə aksiyalar 13-cü koloniyada başlayıb. Bu dalğanı yaradan təxribatçı məhz Nadir Səlifov idi.
Müşfiq Səlifov 7 il həbsdə oturandan sonra 2012-ci ildə azadlığa çıxıb. Hazırda Müşfiq Səlifov Türkiyədə yaşayır və Avropa İnsan Haqları Məhkəməsinə müraciət edərək bəraət almaq istəyir.
Lotu Quli indiyə qədər 22 il dəmir barmaqlıqlar arasında olub ki, onun da 10 ilini Qobustan qapalı tipli həbsxanasında keçirib. O, daha beş il də həbsxanada qalmalı idi. Lakin Apellyasiya Məhkəməsindəki mənbənin sözlərinə görə, Səlifovun işinə baxılıb və "qanuni oğru" vaxtından əvvəl azadlığa buraxılıb.